Zəngli saatın səsinə yuxudan oyanan Maarif tələsmədən qalxıb yerinin içində oturdu. Qarışıq yuxular görmüşdü deyə, gecə bir neçə dəfə yuxudan oyandığından yaxşı yatmamışdı, özünü əzgin hiss edirdi. Yanındakı kətilin üstündəki saata baxdı, saat 7-ni göstərirdi. Əslində bu gün istirahət günü olduğundan zəngli saatı niyə qurmuşdu, heç özü də bilmirdi. Əgər yuxudan ayıldısa, yenidən uzanıb yatmaq onun adəti deyildi. Axşam da ailəlikcə toya getməliydilər. Toy axşam tərəfi başlayacağından vaxta hələ çox var idi. Ayağa qalxıb sakitcə evdə geyindiyi idman paltarının şalvarını əyninə taxdı, hələ də şirin yuxuda olan arvadını oyatmamaq üçün sakitçə yataq otağdan çıxıb, qapısıını astaca örtdü. Əl-üzünü yuyub üzünü təraş edəndən sonra mətbəxə keçdi. Qaz sobasının üstündə olan boş çaydanı su ilə doldurub plitənin üzərinə qoydu. Qaz sobasını yandırmaq üçün kibrit axtarsa da, tapa bilmədi. Adəti üzrə yeməkdən qabaq bir stəkan çay içməsəydi, səhər süfrəsinə oturmağın mənasız olduğunu bilib, mətbəxtdən çıxdı, paltar dolabından toya geyinəcəyi kostyumu və köynəyi çıxarıb stulun sökənəcəyindən asdı. Geyiminə uyğun olaraq qalstuk seçəndən sonra geyinməyə başladı. Bu vaxt yataq otağının qapısı açıldı və arvadı yuxulu gözlərini ova-ova qapıya söykənərək:
- Sabahın xeyir olsun. Bu istirahət günündə bəzənib-düzənib hara belə?
- Sabahın xeyir. İşim var.
Arvadı ona yaxınlaşıb qalstuku bağlamaqda ona kömək etdi.
- Bəs toya getməyəcəksən? Axşam hamımız toyda...
Maarif arvadının sözünü kəsdi:
- Əgər vaxtında gəlib çıxmasam, sən oğlunla gedərsən, mən də bir başa şadlıq sarayına gələcəm. Toyda görüşərik.
- Axı, hara gedirsən səhərin gözü açılmamış? Həm də ki bu gün istirahət günüdür, iş var bəyəm?
Maarif çiyinlərini çəkərək dedi:
- Arvad, düzü heç özüm də bilmirəm hara gedirəm, ürəyim sıxılır, çıxıram havaya. Maşının açarlarını və telefonu evdə qoyuram, mənə zəng eləmə.
Arvadı onun hara getdiyini təxmini olaraq bildiyindən, onu öz sualları ilə çox da bezdirmək istəmədi. Maarif qapını örtüb, pilləkənlərlə həyətə endi. Blokdan çıxan tək dərindən nəfəs alıb, üzü aşağı, bulvara doğru getməyə başladı. Payız olmasına baxmayaraq, hava xoş idi, sərin meh əsirdi və bu səhər idmanına çıxanların sayına heç də təsir etməmişdi. Bulvarda kifayət qədər adam vardı. Kimi sahil boyu gəzişir, kimi idman hərəkətləri edir, bəziləri isə dənizə tilov atmış balıqçılara tamaşa edərək, dənizin təmiz havasını sinələrinə çəkirdilər. Maarif də balıqçılara yaxınlaşdı, dəmir məhəccərə söykənərək, onların balıq tutmalarına tamaşa etməyə başladı. Saat 11-də aclığını hiss etdi, şəkərli diabet xəstəsi olduğundan yeməyə iştahası olmasa da belə, nəsə yemək üçün yaxınlıqdakı kafeyə tərəf addımladı. Kafedə bir qızla oğlandan başqa heç kim yox idi. Onlara salam verib, kənardakı masaların birində əyləşdi. Ona yaxınlaşan süfrəçiyə səhər yeməyi sifariş verib, qarşı divardan asılan televizora baxmağa başladı. Efirdə gedən veriliş heç də onu maraqlandırmırdı, sadəcə baxır, yeməyinin gətirilməsini gözləyirdi. Sanki kimisə gözləyirmiş kimi arabir saatına baxır, sonra gözünü ya televizora, ya da ki pəncərədən dənizə zilləyirdi. Süfrəçi onun sifarişini gətirib qarşısına qoyub getdi. Sonra yenidən geri qayıdaraq, əlində bir çaydan və iki armudu stəkanla ona yaxınlaşıb onları masanın üzərinə düzdü. Maarif maaraqla armudu stəkanlara baxıb soruşdu:
- Oğlum, ikinci stəkan kimin üçündür?
Süfrəçi sakit səslə dilləndi:
- Əmi, mənə elə gəldi ki, siz kimi isə gözləyirsiniz.
Maarif ah çəkərək başını buladı və təkcə süfrəçinin eşidə biləcəyi səslə ona cavab verdi:
- Yox, oğlum, mən gözlədiyim adam heç cürə bura gələ bilməz, mən özüm onun görüşünə gedəcəm. Sən stəkanın birini götür.
- Bağışlayın, siz allah. Sizin tez-tez saata baxaraq pəncərədən küçəyə boylanmağınız mənə kimisə gözləməyiniz təsiri bağışladı, bu dəqiqə götürərəm, narahat olmayın, - deyib, armudu stəkanın birinə çay süzdükdən sonra ikinci stəkanı götürüb getdi. Maarif qarşısına qoyulmuş qayqanağı geri itələyib, armudu satəkanı qabağına çəkdi. Çayı qəndsiz, qurtum-qurtm içməyə başladı. Stəkanı yerə qoyub çaydandan boş stəkana çay süzəndən sonra əlini cibinə saldı. Cibindən çıxartdığı siqaret qutusundan bir siqaret götürüb damağına qoydu. Yenidən əlini ciblərində gəzdirərək, kibrit axtarırmış kimi ciblərini yoxladı. Bayaqdan ona fikir verən süfrəçi özü ona yaxınlaşıb masanın üzərinə bir qutu kibrit qoydu.
- Deyəsən, kibritiniz yoxdur? Götürün, qoy sizdə qalsın, məndə yenə var, - deyib, kibriti masanın üzərinə qoyub, cavab gözləmədən yerinə qayıtdı. Maarif siqaretini yandırıb dərin bir qullab vuraraq, tüstünü sinəsinə çəkdi.
İki saatdan bəri burda oturan bu qəribə müştəriyə maraqla baxan süfrəçi onun qarşısındakı qayqanağı niyə yemədiyinə, nədən yalnız iki stəkan çay içərək az qala bir qutu siqareti çəkməsini düşünürdü ki, Maarif əl işarəsi ilə onu yanına çağırdı.
- Oğlum, borcum nə qədərdir? – deyərək əlini cibinə saldı.
- Ay əmi, adam sizə hesab deməyə də utanır, heç nə yeməmisiniz axı, mən sizə nə hesab deyim? Çayın pulunu versəniz kifayət edər, - deyərək, masanın üzərindəkiləri yığışdırmağa başladı.
- Nə olsun ki, yeməmişəm, əgər sifariş vermişəmsə, deməli pulunu da ödəməliyəm, - deyərək, cibindən çıxartdığı onluğu masanın üzərinə qoyub, çıxışa doğru addımladı.
Süfrəçi kafedən çıxan bu qəribə müştərinin dalınca baxaraq, dodaqlarının altında mızıldandı:
- Qəribə kişidir. Yəqin arvadı ilə dalaşıb.
Maarif bulvarın ərazisindən çıxıb, yavaş-yavaş şəhərin küçələri ilə mərkəzə doğru addımlamağa başladı. Gözü bir tin aralıda, yolun o bir hissəsindəki gül dükanına sataşanda istiqamətini dəyişdi. Dükana yaxınlaşıb satıcıya salam verdi:
- Salam, qızım, mənə bir dəstə gül lazımdır.
- Salam. Siz gülləri göstərin, mən də sizə gözəl bir buket bağlayım, - dedi və sonra gülümsünərək əlavə etdi. - Necə buket istəyirsiniz? Ad günü üçün, yoxsa görüşə gedirsiniz? Qızıl gül buketi bağlayımmı?
- Hə, görüşə gedirəm, mənə əlli ədəd qərənfil ver, buket bağlama.
Satıcı qız qarşısında duran və səliqəli geyinmiş 50-55 yaşlarında olan bu kişiyə maraqla baxdı. Heç bir söz demədən 50 ədəd qərənfili "jığ-jığ kağız"a büküb, kişiyə uzatdı. Maarif qərənfillərin pulunu ödəyərək, dükandan uzaqlaşdı. Qız, bəzənib, qara kostyum, qara qalstuk və ağ köynək geyərək görüşə gedən bu kişininin arxasınca baxaraq, sanki onunla danışırmış kimi dedi:
- Ay qoca, axı, indi hansı ağıllı adam görüşə qərənfil gülü aparır? Vallah, apardığın qərənfilləri o qadın sənin başına vurmasa yaxşıdır...
Maarif əlində güllər taksi saxlatdırmaq üçün yolun kənarına doğru addımlayarkən qarşıdan gələn iki qaraçı qadın onun qabağını kəsdi. Salamsız-kəlamsız birbaşa onu söhbətə tutmağa başladılar:
- Ay gözəl insan, dayan, mən sənin falına baxım.
Maarif başını yelləyərək, cavab verdi:
- Yox, lazım deyil.
Qaraçıların ondan əl çəkmək fikirləri yox idi:
- Ay müəllim, vallah, mən sənin falına gözəl baxacam, hamısını da düz deyəcəm.
Maarif üzünə ciddi görkəm verərək, sərt formada dilləndi:
- Dedim lazım deyil, mən fala baxdırmıram. Əl çəkin!
Qaraçı qadınlardan biri digərinin ətəyindən tutaraq ardınca çəkdi və eyni zamanda gedə-gedə üzünü Maarifə tutaraq dedi:
- Baxdırmırsan, heç baxdırma. Hara getdiyini və kiminlə görüşə getdiyini mən bilirəm. Amma o, bu gün səni gözləmir, başqasını gözləyir, bildin?
Sonra yanındakı qadına bir dümsük vuraraq, ona əli ilə yolu göstərərək dedi:
- Gəl, az, mən sənə dedim axı bu pul verən kişiyə oxşamır.
Yanında dayanan taksinin əyləcinin səsi Maarifi fikirlərindən ayırdı. Arxa qapını açıb əlindəki qərənfilləri oturacağa qoyub, qapını örtdü, sonra sürücünün yanındakı oturacaqda əyləşib, salam verdi:
- Şəhidlər xiyabanına gedəcəm, ora sürün, zəhmət olmasa.
Sürüçü başı ilə razılığını bildirib, maşını yerindən tərpədərək dilləndi:
- Allah bütün şəhidlərimizə rəhmət eləsin! Müəllim, ziyarətinə getdiyiniz şəhid sizin kiminizdir ki?
- Bacımın yoldaşı idi rəhmətlik.
Sürücü maşının sürətini azaldaraq, danışmağa başladı:
- Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Mənim də qardaşım şəhid olub, onu elə öz rayonumuzda torpağa basdırmışıq. Sizin yenə gedib şəhidinizi ziyarət eləməyə bir yeriniz var, amma bizim yox... Sonradan rayonumuz işğal olundu, qardaşımın da qəbri orda qaldı. Ondan heç nə qalmadı, heç evlənməmişdi də. Şəhid olanda 21 yaşı vardı rəhmətliyin. Anam “oğul-oğul” deyə-deyə dünyasını dəyişdi. Heç ölmək istəmirdi arvad, deyirdi ki, "Allah, məni torpaqların azad olunduğu gündə öldür ki, məni oğlumun yanında basdırsınlar" arzusu gözündə qaldı anamın. Heç olmasa sizin bu rəhmətliyin oğuldan, uşaqdan kimisə varmı?
- Hə, iki oğlu var idi o rəhmətə gedəndə, biri dörd yaşında, o biri də iki yaşında. Bu gün kiçik oğlunun 24 yaşı var, atasını canlı olaraq xatırlamır, ancaq şəkildən tanıyır.
- Niyə iki oğlu vardı deyirsiniz? Bəs böyük oğlu, o hardadır?
Maarif cibindən siqaret çıxardaraq yandırdı, dərindən bir qullab vurdu, tüstünü pəncərədən bayıra üfürüb, bir ah çəkərək dedi:
- Böyük oğlu üç il bundan qabaq, 21 yaşında universitetdən evə qayıdarkən qəzaya düşərək, faciyəli şəkildə həlak oldu. Yadıma düşəndə indi də az qalır ki, ürəyim ağzımdan çıxsın. Nə isə, qabaqda saxla, burdan o tərəfə özüm gedərəm, - deyib, əlini cibinə saldı, bir beşlik çıxardıb oturacağın üstünə qoyaraq, maşından düşdü. Gülləri qucağına alaraq, sürüçüylə xüdahafisləşib, maşından aralandı. Sürücü başını pəncərədən çıxardaraq, onun arxasınca dilləndi:
- Allah rəhmət eləsin, qardaş, Allah səbr versin!
Maarif əlini cibinə salaraq, cib dəsmalını çıxartdı və arxaya baxmadan əlini yuxarı qaldıraraq yellədi, sonra dəsmalla gözlərinin yaşını silərək, şəhidlər xiyabanına daxil oldu. Səhərdən axşama kimi gününü burda keçirən molla Qasım onu görcək, aramla oturduğu kətilin üstündən qalxıb, yavaş-yavaş Maarifin getdiyi tərəfə doğru addımladı. Maarif gətirdiyi gülləri məzarın üstünə düzüb, ayağa qaxdı. Bunu gözləyirmiş kimi, molla Qasım məzarın baş tərəfinə keçib “Fatihə” surəsini oxumağa başladı. Maarif mollanın duanı oxuyub qurtarmasına az qalmış cibindən çıxartdığı pulu onun cibinə basdı. Molla Qasım duanı bitirib razılıqla dilləndi:
- Allah rəhmət eləsin bu qardaşımıza və eləcə də burda yatan bütün şəhidlərimizə. Maarif müəllim, vallah səndən pul götürməyə də utanıram. Sən gör neçə illərdir ki ayda bir dəfə bura gəlib bu rəhmətliyi ziyarət edirsən, hər gələndə də mənim cibimə pul qoyursan. Allah səndən razı olsun, Allah sənə can sağlığı versin ki, gəlib bu şəhidlərimizi ziyarət edib, onların ruhlarını sevindirirsən.
Molla Qasım Maarifdən heç bir cavab gözləmədən sakitcə gəldiyi kimi, sakitcə də öz yerinə qayıdıb kətilin üzərində oturdu və yeni ziyarətə gələcək digər adamları gözləməyə başladı.
Maarif sinə daşına qoyduğu qərənfilləri yenidən səliqə ilə düzdükdən sonra ayağa qalxaraq, baş daşındakı şəkilə baxdı və onunla danışırmış kim asta səslə dedi:
- Bu gün sənə xoş bir xəbər vermək üçün gəlmişəm.
Sanki başdaşındakı şəkil ona cavab verdi:
- Bilirəm nə deyəcəksən...
- Gəldim sənə deyim ki, bu gün oğlunun toy günüdür, bu gün sənin oğlun ailə qurur, qoy ruhun sevinsin.
Maarif sözünü bitirib, başdaşındakı şəkilə baxdı və sanki şəkilin dediklərini eşitdi:
- Hə, çox sevindim, Allah onları xoşbəxt etsin. Heyf ki, bu sözləri mən onların özlərinə deyə bilmirəm. Ata xeyir-duasını vermək üçün neçə gün idi ki yollarını gözləyirdim onların... Yəqin başları toya qarışıqdır. Oğlumu da qınamıram, axı, o da təkdir. Sən də get, dayanma burda, toya gecikərsən axı. Sən mənə bənd olma, onsuz da mənim ruhum xeyir-dua vermək üçün toya tələsir. Müğənni “Evimizə gəlin gəlir” mahnısını oxuyanda sən bil ki, ona bu mahnını oxumağı mən sifariş etmişəm, deməli mənim də ruhum ordadır, mən bu mahnı ilə onlara öz xeyir-duamı verəcəm. Sən də burda çox ləngimə, axı bu gün hamı böyük dayı kimi, ağsaqqal kimi sənin başına yığışacaq...
Maarif Şəhidlər xiyabanından çıxıb, bir az aralanmışdı ki, bəzədilmiş bir bəy-gəlin maşınının Şəhidlər xiyabanının qarşısında dayandığını gördü. Bəli, yanılmamışdı, onlar idi - axşam toylarına gedəcəyi bəy və gəlin. Onlar əllərində qərənfil gülləri tutaraq şəhid atadan halallıq almaq, onun lal xeyir-duasını "eşitmək" üçün gəlmişdilər...
Maarif özünü onlara göstərmək istəməyib, doluxsunaraq yoluna davam etdi, asta-asta şəhərin mərkəzinə doğru addımladı. Şəhidlər xiyabanından şadlıq sarayına qədər xeyli uzaq olan yolu piyada getdi. Lakin özündə qətiyyən yorğunluq hiss etmirdi. O, şadlıq sarayına daxil olanda toy artıq bir neçə dəqiqə olardı ki başlamışdı. Müğənninin oxuduğu “Evimizə gəlin gəlir!” mahnısının sədaları isə şadlıq evinin birinci mərtəbəsində belə çox gözəl eşidilirdi...
Arif ƏRŞAD
Azərbaycan Yazıçılar və Avrasiya
Yazarlar Birliklərinin üzvü,
Prezident mükafatçısı