Mədəniyyət

  • 6 234

Halallıq - (NOVELLA)

image

Çimnaz xala həmişəki kimi tezdən durmuşdu. O yuxusunda ğördüyü bəzi qarmaqarışıq hadisələri beynində analiz edərək yeni başlayan günün planlarını cızmağa başladı. İlk öncə o saata baxıb evin ikinci mərtəbəsində yerləşən yataq otağında şirin yuxuda olan iki oğlunu saat neçədə oyatmalı olduğu fikrini beyninin operativ yaddaşına "yüklədi". Çimnaz xalanın bir oğlu məktəbli, digər oğlu isə arıçı idi. Hər iki oğlunu hədsiz dərəcədə sevən Çimnaz xala böyük oğlu Səlimlə fəxr edirdi. Tanış-bilişlər Səlimin sənəti ilə maraqlanarkən Çimnaz xala həmişə Albert Eynşteyndən bu sitatı gətirirdi: "Əgər arılar Yer üzündən yox olarsa, İnsanoğlunun cəmi 4 il ömrü qalar"...

Ani olaraq bu fikri beynindən keçirən Çimnaz xala bağçasının arı pətəkləri quraşdırılmış hissəsinə tərəf addımladı. Həyətin bu hissəsi Çimnaz xala üçün çox əziz idi. Həyat yoldaşını çox erkən itirmişdi. Onunla bağlı olan xoş xatirələr isə həyətin bu hissəsi ilə bağlı idi. Sənəti müəllimlik olanın ərinin xobbisi cır ağaclar əkmək, vaxtı gələndə isə onlara dünyanın müxtəlif ölkələrindən gətirilmiş nadir meyvə çilənglərini calaq etmək idi. Gürgüstandan gətirtdiyi vəərsəyə yetirdiyi "tkemali" (meyvəsi qırmızi rəngdə olan, bizim alçaya bənzəyən bir meyvə ağacı), Ukraynadan gətirtdiyi "qolubika" kol bitkisi onun sevdiyi ağaclardan idi...

İndi bu nadir ağaclar "kolleksiyasına" oğlu Səlimin arıxanası da əlavə olunmuşdu. Çimnaz xala sevinirdi ki, oğlunda atasını xatırladan bəzi xarakteristik əlamətlər üzə çıxmışdı. Çimnaz xala eşitmişdi ki, ailədə bir neçə oğlan uşaqları vardırsa, onların hər birində atanın müxtəlif xarakteristik xüsusiyyətləri özünü göstərir. Ona görə də o kiçik oğlunda da sevimli ərinin digər yaxşı "əlamətlərini" görəcəyinə böyük ümidlər bəsləyirdi.

Çimnaz xanım adəti üzrəərinin ölümündən sonra saldığı və xüsusi qulluq etdiyi güllü bağçasını təzəcə dolaşıb qurtarmışdı ki, həyət qapısı döyüldü. Çimnaz qapını açdı, gələn qonşuluqda yaşayan və Səlimin kirvəsi olan Mahmud kişinin xanımı idi. Qısa salamlaşmadan sonra qonşu qadın soruşdu:

- Çimnaz, deyirlər siz arı saxlayırsınız, elədir?

Qonşu xanımın bu sualı Çimnazı bərk çaşdırdı, axı bütün kənd bilirdi ki, onlar arı saxlayırlar, kənd əhli Səlimin "ana arı" yaratmaq bacarığından da xəbərdar idi. Ona görə də sualın nəyə görə verildiyinin səbəbini beynində araşdırmağa çalışan Çimnaz bir qədər könülsüz cavab verdi:

-Hə, uşaqlar bir hobbi kimi məşğul olurlar.

-Elə isə deyin bir qutu arı ailəsinin qiyməti neçəyədir?

Qəfil verilən sualdan bir qədər tutulan Çimnaz:

-Dəqiq deyə bilmərəm, amma uşaqların söhbətindən eşitmişəm ki, maya dəyəri 200 manat civarındadır. Ayıb olmasın, bunu niyə soruşursunuz? Yoxsa arıalmaq istəyirsiniz?

-Yox, bir döstumuz bizə hədiyyə verib, qiymətini bilmək istəyirdim.

Qonşu xanımı darvazadan şübhələr içində yola salan Çimnaz xanım qeyri-ixtiyari keçən il baş vermiş bir olayı xatırladı: arıları beçə verib digər bir qonşunun həyətindəki ağaca qonmuşdu. Qonşu da Səlimgilə gəlib muştuluğunu alaraq beçəni geri qytarmışdı. Çimnaz xanım ürəyində fikirləşdi: " Olmaya yenədəmi həmin hadisə baş vermişdi?"

İçində şübhələrlə vuruşan Çimnaz arılığa qayıtdı, arı pətəklərinin qapaqlarını bir-bir qaldıraraq baxmağa başladı və təxmini olaraq müəyyən etdi ki, yeşiklərin birində arıların sayı həqiqətən azalmışdır. Oevin ikinci mərtəbəsinə qalxıb uşaqları yuxudan oyadıb hadisəni onlara danışdı.

Bu olaydan bir gün keçdi. Bazar günü idi. Dükana ərzaq almağa gedərkən o təsadüfən həmin qadınla rastlaşarkən içindəki şübhələrin təsiri altında soruşdu:

-Qonşu, o arı məsələsi nə yerdə qaldı?

Bu sualı gözləməyən qonşu xanım bir qədər çaşqınlıqla olsa da cavab verməyə məcbur oldu:

-Hə, yoldaşımla məsləhətləşib onu saxlaya bilməyəcəyimizi nəzərə alıb həmin arını bir arıçıya satdıq.

Evə qayıtdıqdan sonra sonra Çimnaz bu söhbəti oğlanlarına danışdı.

Bir gün də keçdi. Saat 10 - 11 radələri olardı. Həyət qapısı döyüldü.Çimnaz xanım qonşular arasında xüsusi hörmət qazandığı üçün, qonşular da onun xətrini çox istəyirdilər. Xüsusilə, əri rəhmətə gedəndən sonra bütün qonşular ona əl tutur, əllərindən gələni əsirgəmirdilər. Heyvan saxlayanlar onu vaxtlı-vaxtında süd məhsulları ilə təmin edirdilər. İndi qapı zəngi çalınanda fikirləşdi ki, yəqin qonşulardan süd məhsulları gətirənlərdir. Amma qapını açanda gördü ki, arının qiyməti ilə maraqlanan qonşu qadının əri (uşaqların isə kirvəsi (!) ) Mahmud idi.

O, salamlaşdıqdan sonra birbaşa mətləbə keçdi:

-Qonşu bağışlayın, aramızda bir anlaşılmazlıq baş verib, adını demək istəmədiyim qonşularımızdan biri bizə bir arı pətəyini satmaq üçün gətirmişdi. Biz də fikirləşdik ki, siz bir kirvə kimi onu saxlamağa yardımçı olarsınız. Çox fikirləşdikdən sonra sizin ailənin təcrübəsindən arı saxlamağın nə qədər əziyyətli bir iş olduğunu bildiyimizdən həmin arı pətəyini satmaq qərarına gəldik. Lakin böyük etimalla güman edirik ki, bu arı sizin arıların beçəsidir. Bal arısı halallıq sevir. Hədiyyə kimi bizə verilən arını 100 manata satmışıq vədüşdüşnürük ki, həmin arı sizin arıların beçəsi ola bilər. Odur ki, bu pulu bizdən qəbul etməyinizi xahiş edirik.

Mahmudun bu sözlərinə cavab verməkdə çətinlik çəkən Çimnaz xanım oğlanlarını çağırıb kirvənin dediklərini onlara danışdı. Səlim cavabı çox gözlətmədən öz müdrik qərarını verdi:

-Əmi, deyirsiniz arı halallıq sevir. Bizə pul lazım deyil, götürün bu 20 manat taksi pulunu da və mümkündürsə, beçəmizin qaytarılmasında bizə yardımçı olun.

Səlimin bu dəmir məntiqinin qarşında aciz qalan kirvə 20 manatı da götürüb qonşularından aralandı.

Səhərisi gün Səlimgilin qapıları qarşısında bir pikap maşını göründü. Maşının kuzovunda bir neçə gün bundan öncə bu həyəti tərk etmiş beçə arılar gözəl bir arı yeşiyində öz halal sahibini gözləyirdi. Yeşiyin üzərində isə "ARI HALALLIQ SEVİR" sözləri yazılmışdı.

Ağamehdi MEHDƏLİYEV
İsmayıllı, Talıstan.
avqust, 2021,

Digər xəbərlər