Prezident İlham Əliyev: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir"
Xalqımız bir-birinin ardınca əlamətdar günlərə şahidlik edir. Bu gün 8 Noyabr Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şuşa Şəhəri Günüdür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olundu. Şuşanın alınması Ermənistanı tam tərksilah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Dövlət başçısı tərəfindən Şuşa sevincini yaşadıqdan sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərdiyi ilə Azərbaycan ordusu bütün dünyaya bizim qalib, yenilməz, məğrur xalq olduğumuzu göstərə bildi. Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın hərbi-diplomatik uğurlarının təzahürüdür. Qarabağın incisi hesab olunan Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi əlbəttə ki, müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.
Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olan olan Şuşa da neçə illik həsrətdən sonra azad olundu. Şuşamızı düşməndən geri aldıq, qan tökə-tökə, sevgi ilə – vətən sevgisi ilə qazandıq bu qələbəmizi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Belə bir tarixi keçmiş olan Şuşaya yeni həyat bəxş olunub. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir tariximizdə rol oyamışdır. Şərqi Konservatoriyası adını almış Şuşa böyük mütəfəkkirlərin oylağı kimi də şöhrət tapmışdır. Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmış Şuşanın işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılsa da bu gün yenidənqurma, bərpa işlərinə başlanılmışdır.
"BUNDAN SONRA BİZ ŞUŞADA ƏBƏDİ YAŞAYACAĞIQ"
Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Bu tarixi qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhrünü vurdu. Bu gün Azərbaycan yeni bir dövrünü yaşayır. İşğal altından azad olunan ərazilərimiz kimi Şuşada da abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
Şuşa bu gün yeni bir dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncamı bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi. Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".
Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri – güllələnmiş heykəllər Şuşaya yenidən qaytarıldı. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə 29 ildən sonra yenidən "Xarıbülbül" musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm "Xarıbülbül" musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu.
15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür. İdeoloji mərkəzə çevrilən Şuşada imzalanan Müttəfiqlik haqqında Bəyannamə dost ölkələr arasındakı əlaqələri daha yüksək zirvəyə qaldırdı. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir sıra qarşılıqlı bağlara malik olan xalqlar bütün zamanlarda bir-birinə dəstək olublar və bu gün də belədir. Təbii ki, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz, eləcə də bölgə üçün önəmli layihələr reallaşır. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır.
"ŞUŞA 28 İL YARIM ƏSARƏTDƏ İDİ, ANCAQ ƏYİLMƏDİ, SINMADI, ÖZ LƏYAQƏTİNİ QORUDU"
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması ilə yanaşı Şuşada Yaradıcılıq Mərkəzi də istifadəyə verilib. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamız tarixi günlərini yaşayır. Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, dövlət başçısı tərəfindən Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Cənab Prezident çıxışlarını birində "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu.
Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün böyük dəyərini belə ifadə etmişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur". 28 illik həsrətdən sonra Şuşa azad olunanda "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir", - deyə Cənab Prezident bildirib.
Nəzakət ƏLƏDDİNQIZI