Mədəniyyət

  • 4 538

Milli dəyərlər dəyərdən düşür?

image

Dəyişən dünya, transformasiya olan adətlər, yenilənən ənənələr fonunda öz kökünə, soyuna, milli kimliyinə bağlı qalmaq da asan olmur. Axı hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman az, ya çox dəyişmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birlikdəlik nümayiş etdirməkdir. Dövlətlər başqa dövlətlə münasibətlərində milli düşüncə və dəyərləri nəzərə alır, siyasət bu dəyərlərə görə aparılır, düşünülür, ölçüb-biçilir.

Məhz o səbəbdəndir ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bu cür inkişaf konsepsiyası ola bilər. Ümummilli lider Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu, bunu dövlətin ən vacib vəzifəsi etdi.

O deyirdi ki, azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ümummilli Lider yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. Buna misal olaraq 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu Öndərin dini- əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi. Prezident İlham Əliyev də onun yolunu davam etdirir, milli adətlərə, dini və milli dəyərlərə ciddi yanaşır.

Təəssüflə qeyd etmək istərdik ki, milli adətlərin yavaş-yavaş əriyib yoxa çıxması tarixi boyu bu adətlərlə yaşayan cəmiyyətlərdə daha çox nəzərə çarpır. İndi “böyüyə hörmət, kiçiyə diqqət” məsələlərinə əvvəlki kimi önəm verilmir. Böyüklərdən tez-tez eşidirik, “zəmanə korlanıb” deyə. Zəmanəni korlayanlar da bizik- insanlar. Heç bir millətin adəti pis deyil, bu sözsüz. Hər bir adətdə başqa gözəllik var, amma söhbət, sözün əsl mənasında, normal adətlərdən gedir. Karnavallarda lüt soyunub küçələrə çıxmaq, eynicinslərin evlənməsini milliləşdirmək, it-pişiklə ailə qurmaq kimi “adətlər”dən bəhs etmirik.

Azərbaycanın minillərə dayanan adət-ənənəsi, gen yaddaşımıza hopmuş dəyərləri var. Zaman dəyişdikcə insanların psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir. Bir vaxtlar insanların milli dəyər dediyi adətlərin indi çoxu yoxdur, bir çox milli ənənələrimiz insanlar tərəfindən cahillik və “geridəqalmışlıq” hesab olunur.

Məsələn, valideyn övladına axşamlar evə saat 8-dən gec gəlməməyi tapşırırsa, atdığı hər addımı bilmək istəyirsə, qızlara çox acıq-saçıq geyimlər qadağan edilirsə, oğlanlara müəyyən məhdudiyyətlər qoyulursa, bu, bizim gənclər tərəfindən “geridəqalmışlıq” hesab olunur. Amma unutmaq lazım deyil ki, türk millətlərinin milli dəyər anlayışı ailədən başlayır. Aydındır ki, hər bir azərbaycanlının da xüsusi önəm verdiyi amillərdən biri ailədir. Bizim psixologiyamızda ailə faktoru xüsusi çəkiyə malikdir, inteqrasiyaya meyil ediriksə, düşünməliyik ki, yad mədəniyyətlərdən nəyi mənimsəyirik? Yeni adət cəmiyyətə necə təsir edəcək? Əgər bu suallara tutarlı cavabımız varsa, o zaman dəyişiklik barədə düşünmək olar.

Bu gün dövlətimiz milli dəyərlərimizin qarantına çevrilib, ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. "Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir" prinsipi əsas götürülür.

Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti, məhz milli mədəniyyət və dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu istiqamətdə atılan hər bir addım qədim zamanlardan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Müasirlik milli kökü, adət-ənənəni itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir və biz inkişaf edən Azərbaycanın timsalında bunu görə bilirik. Dünyanın mənəviyyatında böyük problemlərin meydana çıxdığı bu illərdə kökünə bağlı qalmaq böyük güc və bacarıqdır.

Lalə Mehralı

Digər xəbərlər