ğ \
Dövlət başçısının Sərəncamı ilə Azərbaycanın Xalq şairinin 90 illiyi qeyd ediləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mədəniyyətin və incəsənətin inkişafına, klassik və müasir yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, onların yaradıcılıq irsinin bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan - ədəbiyyata, bütövlükdə, söz sənətinə yüksək qayğı və məhəbbəti milli-mənəvi dəyərlərimizə olan diqqətin nümunəsidir. Azərbaycan Prezidentinin "Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında
Sərəncama imza atması milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə dövlət tərəfindən göstərilən diqqətin ifadəsidir. Azərbaycan poziyası yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edən şairin yaradıcılıq fəaliyyəti nəzərə alınaraq belə Sərəncam imzalanıb. Bu il Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur. Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xətini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.
Sərəncama əsasən, Xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.
ÖLÜM AYRILIQ DEYİL
Qeyd edək ki, Azərbaycanın xalq şairi Fikrət Qoca 1935-ci il avqustun 25- də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Şair ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub. "Qobustan" incəsənət toplusunun baş redaktoru, AYB-nin katibi kimi çalışıb. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb.
Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik,-qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Şeirlərinə musiqilər bəstələnib ("Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilib.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət", 2020-ci ildə isə "İstiqlal"ordeni ilə təltif olunub.
Bu günə qədər şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və s. kitabları oxucuların ixtiyarına verilib. Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətə layiqdir.
Fikrət Qocanın şeirlərini oxuculara sevdirən ədəbi irsində olan qüvvətli yenilik hissidir. Onun şeirlərində bir şairin ömrü görünür. Azərbaycan ədəbiyyatının görkəmli qələm sahibləri onunla bağlı düşüncələrində Fikrət Qocanın yaradıcılıq yolunun məxsusi dəyərlərindən, çalarlarından bəhs edir, bu irsi yüksək qiymətləndirilər.
HƏR ÜRƏK OXUNMAMIŞ BİR KİTABDIR
Xalq yazıçısı Anar Fikrət Qocanın sağlığında belə yazırdı: "Dünya ölkələrindəki minlərlə oxucu da Fikrət Qocanı böyük istedad sahibi, gözəl şair kimi sevir. Fikrəti yaxından tanıyanlar, o sıradan da mən, onu yalnız bənzərsiz sənətkar, dillər əzbəri olmuş şeirlərin müəllifi kimi deyil, həm də nadir bir insan kimi qiymətləndiririk, özü bütöv, sözü bütöv, alicənab və gözü tox şəxsiyyət kimi, etibarlı dost kimi sevirik".
Sənət aləmində özün kimi yerimək, özünə sadiq qalmaq əsas şərtlərdən biridir. Axı, hər insan bir dünyadır. Fikrət bu böyük gerçəkliyi ilk addımlarından çox gözəl başa düşdü. "Hər ürək oxunmamış bir kitabdır", "hər üzün qırışında bir ömrün hekayəti" gizlənirsə, bu sirli dünyadan söhbət açmaq istəyən sənətkar da o aləmə öz qəlbinin pəncərəsindən baxmaya bilməz. Beləliklə, eyni insan qəlbinin çırpıntıları hər sənətkara başqa sözlər pıçıldayır və sənətkarların baxış əlvanlığı sənətin əlvanlığını yaratmış olur. Bu baxış əlvanlığı içərisində Fikrət yalnız deyim tərzi ilə deyil, düşüncə tərzi ilə də seçilir. Daha doğrusu, deyim tərzi düşüncə tərzindən doğur.
Xalq şairi Qabil yazmışdır: "Deyirlər ki, Fikrət Qoca poeziyası intellektual poeziyadır. Mən də bu fikirlə şərikəm. Bəs, onda, o hansı şairdir ki, şeirlərinə, əsərlərinə ağılın, kamalın ziyası süzülməsin? Fikrət Qocanın şeirləri ritorikadan, şüarçılıqdan, qoşmaçılıqdan (klassik qoşmanın dəxli yoxdur), uzaq, sözün, fikrin, hadisənin, təsvirin mahiyyətinə varan poeziyadır".
Şairin ən uğurlu şeirləri, əslində, keçdiyimiz yollar, dünənimiz, bugünümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllardır. Onların sevinc doğuranları da var, kədərləndirən, düşündürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha da çoxdur. Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimizdən idi. Fikrət Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti ilə hər zaman seçilirdi. Şeirləri belə bir fikri söyləməyə əsas verir ki, adamın bu üzünə baxanda o biri üzünü də görür.
AZADLIĞIN ZƏRRƏSİ FİKRƏT QOCA ŞEİRLƏRİNDƏ
Fikrət Qocanın musiqi yazılan şeirlərində ruhumuzun daşıyıcısı olan nə qədər əlvan və hərarətli sözə, ifadəyə rast gəlmək mümkündür. Məhz bu, onun şeirlərinin əlvanlığından irəli gəlir. Fikrət Qoca şeirləri və nəğmələri çoxdan xalq tərəfindin sevilən əsl xalq şairidir. Şeir azad olmalıdır. Budur, məhəbbət. Azadlıq ən böyük nemətdir. Ömrümüz boyu can atdığımız azadlıq zərrə-zərrə səpilib Fikrətin şeirlərinə.
"Fikrət Qoca poeziyasında da mizə gərilib gülən F.Qocaya bənzəyir. Bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az da diqqət kəsiləndə, görürsən ki, bütövlükdə şeir gülmür, onun hər bir əsərində dərd, kədər, qüssə var: həyatda olduğu kimi, insanın insan olduğunu unutdurmayacaq qədər... Elə bir buna görə şair olmağa, Fikrət Qoca ömrü yaşamağa dəyərmiş" - deyirdi Arif Əmrahoğlu.
Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biri olan Fikrət Qocanın poeziyasında da məhz onun şəxsiyyəti ifadə edilmişdir. O, öz şəxsi nümunəsi ilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, səxavətli, bütöv olmağı, sözü üzə deməyi, dalca danışmamağı, yaxşı dostluğu, yoldaşlığı, bir sözlə, insanlığı öyrədib. Ona görə də bu gün aramızda olmasa da onun poeziyası sevilir və hər zaman oxuculara yol göstəricisi olur.
Nəzakət ƏLƏDDİNQIZI