Mehriban xanım Əliyeva: "Bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir"
Ölkəmiz müstəqil dövlət olaraq, dünyanın bir çox ölkələri ilə yanaşı, katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti ilə də diplomatik münasibətləri yüksək səviyyədə qurub. İkitərəfli münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfəri və Roma papası II İohann Pavellə görüşü bu əlaqələrin dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynayıb. 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin, ilk dəfə olaraq, Azərbaycana rəsmi səfəri zamanı Ulu Öndər Vatikan rəhbərini dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün bəşəriyyətin dostu və dünya vətəndaşı adlandırmışdı. II İohann Pavel isə Azərbaycanı Şərq ilə Qərbin arasında qapı olan bir məkan kimi xarakterizə etmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San-Marçellinio və Pietro katakombaları əsaslı təmir və bərpa edilmişdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. Bu Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı il 2 oktyabr tarixində katoliklərin lideri Roma Papası Fransiskin Azərbaycana səfəri dinlərarası, məzhəblərarası toqquşmaların baş verdiyi bir dönəmdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəri idi. Vatikan başçıları, adətən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Lakin Azərbaycan istisnadır. Azərbaycanda katoliklərin sayının, bir neçə yüz nəfər olmasına baxmayaraq, respublikamızda hökm sürən dini sabitlik Vatikan tərəfindən də maraqla qarşılanır. Prezident İlham Əliyev Roma Papasının Azərbaycana məlum səfərini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı bu səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdi: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər, bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək..."
"HƏR GƏLIŞIMIZDƏ BIZIM DOSTLARIMIZIN SAYI ARTIR"
Qeyd etdiyimiz kimi, mövcud əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də müstəsnadır. Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərdə olub. Belə ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. "Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”, - deyə o əlavə edib. Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırladıb. O, bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca son 14 ildə altıncı səfəridir. "Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə Birinci vitse-prezident qeyd edib.
"BU PRINSIPLƏR HƏM BIZIM DÖVLƏT SIYASƏTIMIZIN ƏSASIDIR, HƏM DƏ HƏYAT TƏRZIMIZDIR"
Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir”.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub. Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib. Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib.
TƏRƏFINDƏN SƏMƏRƏLI ƏMƏKDAŞLIQ VƏ MƏDƏNIYYƏTLƏRARASI ƏLAQƏLƏRIN MÖHKƏMLƏNDIRILMƏSI NÜMUNƏSI
Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı dəfə səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb. Bu gün Müqəddəs Kommodilla katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: "Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm".
Müasir dövrümüzdə mövcud əlaqələr daha da dərinləşir. Dövlətimizin başçısı çıxışlarının birində Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı mədəniyyət sahəsindəki əlaqələrimizin xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın ikitərəfli münasibətlərin yaxşı əlaməti olduğunu bildirib. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər. Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI