PDF Oxu

Siyasət

  • 753

Azərbaycan - Qazaxıstan: strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri

image

Prezident İlham Əliyev: "Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur"

Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olub. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələri də öz töhfəsini verir. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. "Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur". Bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində "Kazinform"a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

"ƏLAQƏLƏRİN BÜTÜN SƏVİYYƏLƏRDƏ HƏRTƏRƏFLİ DƏRİNLƏŞMƏSİNƏ TƏKAN VERƏN FƏAL VƏ KONSTRUKTİV DİALOQDUR"

Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın, strateji əməkdaşlığın təzahürüdür. İki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Azərbaycan Prezidentinə ünvanlanan "Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?" sualını dövlətimizin başçısı belə cavablandırıb: "İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır".

Həmin müddət ərzində isə Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bu səfərlər dövlətlərarası hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müsbət təsirini göstərib.

"TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI TÜRK XALQLARI VƏ ÖLKƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞIN VƏ HƏMRƏYLİYİN MÖHKƏMLƏNMƏSİNƏ MÜHÜM TÖHFƏLƏR VERİB"

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünyaya yenidən açıldı, region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Heç şübhəsiz, Türk dünyasının bir araya gəlməsi ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir. "Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür", - deyə Prezident bildirib. Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəlib, iş birliyi rəsmiləşdirən müqavilələr imzalanıb. Bu gün işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpasında qardaş Qazaxıstan da öz töhfəsini verir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Qazaxıstanın Azərbaycana qardaş köməyidir. "Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır", – deyən Prezident bildirib ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib".

Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Müasir dünyada türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha aydın görünür. Bu münasibətlərin güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərməsi əlbəttə ki, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayır. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, daha sonra Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir: "Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.

TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir".

"BU GÜNƏ QƏDƏR ÖLKƏDƏ QAZAXISTAN KAPİTALI İLƏ 250-YƏ YAXIN KOMMERSİYA STRUKTURU QEYDƏ ALINIB"

Azərbaycan və Qazaxıstan arasında imzalanmış sənədlər, eləcə də, "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. İki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxarıb. Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. "Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub", - deyən Prezident diqqətə çatdırıb ki, bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir. 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak edib. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanıb. Ölkələr İƏT çərçivəsində də fəal əməkdaşlıq edirlər.

2010-cu ilin I rübündə Azərbaycanın Qazaxıstanla ticarət əlaqələri göstərilən kimi olub ( min ABŞ dolları). İdxal 43 653,3, ixrac 119 424,2, xarici ticarət saldosu 75 770,9. 2008-ci il (yanvar-oktyabr) aylarında isə belə olub. İdxal 187.9, ixrac 276.7, ticarət saldosu 88.8. Ancaq 2007-ci ildə prezidentlər səviyyəsində bildirilib ki, ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması vəzifəsi qarşıya qoyulub. "Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir", - deyən Prezident qeyd edib ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib: "2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər