PDF Oxu

Siyasət

  • 1 386

Zəngilan şəhər günü – qürur və zəfər tariximiz

image

20 oktyabr Zəngilan Şəhəri Günüdür. Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza üstünlük qazandırıb, təhlükələri önləyib.

2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Silahlı Qüvvələrimiz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib.
İşğaldan azad edilmiş ərazilərimizdə tikilən üç beynəlxalq hava limanından biri Zəngilan rayonu ərazisindədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı ölkəmizin iqtisadi və maliyyə imkanlarını nümayiş etdirməklə yanaşı, bu ərazinin strateji əhəmiyyətini təsdiqləyir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olacaq. Zəngilanı Naxçıvanla ayıran təxminən 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması regionda yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Erməni vandalları 30 illik işğal dövründə tarixi və dini abidələrimizi tamamilə dağıdıb yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini siləcəklərini, bununla da tarixi saxtalaşdırmağa nail olacaqlarını düşünürdülər. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
Ötən 5 ildə dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna 10-dan artıq səfəri reallaşıb. Bu səfərlər görülən işlərin aydın mənzərəsini yaradır. Qısa müddətdə aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Digər xəbərlər