Azərbaycanın müasir siyasi tarixində 20 oktyabr təkcə bir şəhərin işğaldan azad edildiyi gün deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli qürurun və dövlət iradəsinin qələbəsi kimi yadda qalıb.
Zəngilan tarixi və coğrafi baxımdan Azərbaycan üçün hər zaman mühüm strateji məkan olub. Bu diyar həm mədəniyyət, həm təbiət, həm də resurs zənginliyi ilə seçilib. 1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonları işğal edildikdən sonra Zəngilan 67 gün tam mühasirədə düşmənlə vuruşdu. Rayonun müdafiəçiləri son anadək müqavimət göstərdi, 230-dan çox şəhid verdi. Bu, Azərbaycanın torpaq uğrunda mübarizə tarixində ən parlaq dirəniş nümunələrindən biri idi. Lakin Ermənistan silahlı qüvvələrinin kütləvi hücumları nəticəsində Zəngilan işğal olundu. Minlərlə sakin Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Ərazi tamamilə viran qoyuldu, yaşayış məntəqələri, məktəblər, məscidlər, tarixi abidələr yerlə-yeksan edildi.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın siyasi, diplomatik və hərbi gücünün birləşdiyi milli yüksəliş mərhələsi idi. 20 oktyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa Zəngilan şəhəri və 6 kəndin işğaldan azad olunduğu xəbərini verdi. Bu qələbə yalnız bir rayonun azadlığı deyildi, bu, Zəngəzur dəhlizinin qapısının açılması, Azərbaycan-İran sərhədinin tam bərpası və regionda yeni geoiqtisadi düzənin başlanğıcı demək idi.
Zəngilanın azad edilməsi ilə Ermənistanın cənubdan hərbi təchizat xətləri qırıldı, Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat arteriyalarına nəzarəti ələ aldı. Bölgədə yeni iqtisadi-coğrafi reallıq formalaşdı.
Vətən müharibəsindən dərhal sonra dövlətin prioriteti işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması oldu. Bu prosesin ilk pilot modeli məhz Zəngilanda – Ağalı kəndində həyata keçirildi. “Ağıllı kənd” konsepsiyası gələcək inkişaf modelinin birr təzahürüdür. Bu gün Zəngilanda “Yaşıl enerji”, “ağıllı idarəetmə”, “dayanıqlı kənd təsərrüfatı” prinsipləri üzərində qurulub, sakinlər müasir infrastrukturla təmin olunub,E-təhsil, tele-səhiyyə, yüksək sürətli internet kimi xidmətlər yaradılıb.Zəngilan bu gün ekoloji, texnoloji və sosial baxımdan müasir idarəetmə modelinin mərkəzinə çevrilib. Zəngilan təkcə bir şəhər deyil, regional nəqliyyat qovşağıdır.
Burada inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir və avtomobil yolları Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa əlaqələrini təmin edəcək. Bu dəhliz yalnız iqtisadi layihə deyil, həm də Cənubi Qafqazda yeni siyasi balansın açarıdır. O, Azərbaycanın regional inteqrasiya mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Eyni zamanda, “Dost Aqropark”, “Cahangirbəyli” və “Sarıqışlaq” su elektrik stansiyaları, yeni yaşayış kompleksləri, məktəblər və məscidlərin bərpası bu torpaqların tam həyat çevrəsinə qayıtdığını göstərir. Prezident İlham Əliyevin Zəngilana 2020–2024-cü illərdə 12 səfəri bölgənin dövlət siyasətindəki prioritet mövqeyini nümayiş etdirir. Hər səfər yeni mərhələnin başlanğıcı olub, hava limanının, “Ağıllı kənd”in, su elektrik stansiyalarının, yaşayış komplekslərinin və sosial infrastrukturun təməlləri məhz bu səfərlərdə qoyulub. Bu ardıcıl siyasət “Böyük Qayıdış” proqramının real həyata keçirilməsi və postmüharibə dövründə davamlı inkişaf modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilan bu gün təkcə bərpa olunan bir şəhər deyil. O, Azərbaycanın strateji qələbəsinin, dövlətin yenilənmə gücünün və xalqın əzmini birləşdirən simvollardandır. Bu torpaqlar artıq təkcə keçmişin xatirəsi deyil, gələcəyin reallığıdır. Zəngilan şəhəri günü təkcə bir rayonun bayramı deyil, Azərbaycan dövlətçiliyinin, xalq iradəsinin və qürurumuzun təntənəsidir.
Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı