Aleksandr Razuvaev: Regional vəziyyət Moskva ilə Bakı arasında müsbət münasibətlərdən asılıdır
Tanınmış rusiyalı politoloq və iqtisadçı Aleksandr Razuvayev “Moskva-Baku” portalına verdiyi şərhində regionda yaranmış vəziyyət və Rusiya və Azərbaycan arasında müsbət münasibətlərdən danışıb. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.
- Aleksandr Yuryeviç, Vladimir Putinlə İlham Əliyevin Düşənbə görüşündən sonra Rusiya-Azərbaycan münasibətlərindəki vəziyyəti necə şərh edərdiniz?
- MDB-nin Düşənbədə keçirilən sammiti, məncə, Rusiya və Azərbaycan liderlərinin çətin məsələlərin səmimi və mənalı müzakirəsi üçün ən neytral və müsbət platforma rolunu oynadı.
Çox təqdirəlayiq haldır ki, Rusiya və Azərbaycan prezidentləri yığılmış məsələləri müzakirə etmək üçün siyasi iradə tapdılar; hamı bunu çoxdan gözləyirdi. Və bu baş verməli idi. Hesab edirəm ki, bu görüş son dərəcə düzgün qərar idi, çünki həm Rusiya, həm də Azərbaycanın sakit, qarşılıqlı faydalı və qarşılıqlı hörmət əsasında əməkdaşlığa ehtiyacı var. Moskva və Bakı üçün açıqlıq, şəffaflıq və ən mürəkkəb məsələləri həll etmək bacarığı bütün sahələrdə səmərəli əməkdaşlığın açarı, Cənubi Qafqazda və Xəzəryanı regionlarda sabitliyin və dinc inkişafın artmasının, xalqlarımız arasında dialoqun güclənməsinin açarıdır.
İki lider arasındakı dialoqu canlı efirdə müşahidə etdik və onun müsbət strukturlaşdığını söyləmək olar. Hər iki lider bir-birinə qarşı atılan siqnallara və qarşılıqlı addımlara müsbət cavab verdilər. Bu son dərəcə vacibdir.
Əminəm ki, hər iki tərəfin rəsmi şəxsləri prezidentlərin mesajlarına qulaq asacaqlar və münasibətlərdəki bütün həll edilməmiş məsələlər uğurla həll olunacaq, bütün “qadağalar” aradan qaldırılacaq, təkcə iqtisadiyyatda deyil, həm də əməkdaşlığın digər sahələrində ənənəvi müntəzəm qarşılıqlı əlaqə qurulacaqdır.
Bəli, təbii ki, Rusiya ilə Azərbaycanın dost olmasından narazı olan qüvvələr var.
Mən dərindən əminəm ki, vaxtilə Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, SSRİ dağılmayacaq və o nəhəng ölkə üçün hər şey çox çiçəklənəcəkdi.
Dünən bu görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova qeyd edib ki, Moskva Azərbaycanla müttəfiqliyinin tam inkişafına, eləcə də beynəlxalq strukturlarda Bakı ilə daha da sıx əməkdaşlığın tərəfdarıdır. Təbii ki, bu, Rusiya tərəfinin mühüm mesajıdır.
Bunun fonunda mən MDB çərçivəsində ümumi dəyərlərin, ümumi anlaşmanın və müəyyən dərəcədə ortaq mədəni məkanın qorunub saxlanmasını vacib hesab edirəm. MDB sammitində hərbi əməkdaşlıq planı qəbul edilib. Fikrimcə, ölkələrimiz arasında hərbi əməkdaşlıq daha da inkişaf etdirilməli, hətta ola bilsin ki, vahid müdafiə siyasəti, vahid müdafiə məkanı, eləcə də vahid iqtisadi məkan formalaşdırılmalıdır.
Rusiya və Azərbaycan üçün ticarət-iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat sektorunda layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu günlərdə Bakıda Şimal-Cənub Nəqliyyat Dəhlizinin İran-Azərbaycan sərhədində bir hissəsinin tikintisi ilə bağlı Rusiya-Azərbaycan-İran danışıqları aparılıb. Bu beynəlxalq nəqliyyat dəhlizi Rusiya üçün son dərəcə vacibdir.
Rusiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlıq iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm ki, ölkələrimiz tezliklə ənənəvi regionlararası forum təşkil edəcəklər. İki ölkənin regionları arasında gərgin gündəm yaradılıb, ona görə də biz nəticələri gözləyirik.
Tərcümə - Elçin