ABŞ və İsraillə İran arasına müharibə, Hörmüz boğazının bağlanması nəticəsinə reaktiv yanacağın qiymətinin kəskin artması fonunda Norveçin "Norse Atlantic" aviaşirkətinin bu ölkədəki əsas əməliyyat bölməsi də fəaliyyətini dayandırır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, şirkəti bütün uçuşları ləğv edib və biletlərin satışını dayandırıb.
Uzun məsafəli və aşağı büdcəli uçuşlar həyata keçirən şirkət yaydığı açıqlamada uçuşları davam etdirmək üçün zəruri olan qısamüddətli maliyyələşməni təmin edə bilmədiyini bildirib.
Aviaşirkətin Norveçdəki törəmə əməliyyat bölməsinin – "Norse Atlantic Airways AS"in İdarə Heyəti cümə günü Agder Dairə Məhkəməsinə müflisləşmə ilə bağlı müraciət edib. İdarə heyəti şirkətin fəaliyyətini davam etdirməsi üçün artıq heç bir əsasın qalmadığı qənaətinə gəlib. Aviaşirkətin bütün uçuşları dayandırmasından bir gün, maliyyə vəziyyətinin "kritik" olduğunu açıqlamasından isə iki gün sonra belə bir müraciət edilib. Şirkətin səhmləri cümə axşamı günü 85 faiz ucuzlaşıb.
Baş icraçı direktor Eivind Roald Norveçin NRK Dövlət Teleradio Yayımına açıqlamasında deyib ki, əlavə xərcləri qarşılaya bilməyiblər: "Bu şirkəti çökdürən yanacaq oldu".
Müflisləşmə prosesi yalnız Norveçdəki əməliyyat bölməsini əhatə edir. Eivind Roald nəzərə çatdırıb ki, səhmləri birjada ticarət olunan ana şirkət "Norse Atlantic ASA" və onun Böyük Britaniyadakı törəmə müəssisəsi biznesin qalan hissəsi üçün həll yolu axtarışını davam etdirir.
Eivind Roald qeyd edib ki, şirkətin və bütövlükdə qrupun vəziyyətdən çıxış yolu tapmaq üçün geniş səylərinə baxmayaraq, "Norse Atlantic Airways AS"in Hdarə Yeyəti müflisləşmə ilə bağlı müraciət etmək barədə çətin qərar qəbul edib.
Xatırladaq ki, ABŞ-İran müharibəsinin başlanmasından, neft çatışmazlığının yaranmasından sonra ilk fəaliyyətini dayandıran ABŞ-ın "Spirit Airlines" aviaşirkəti olub. Ultra aşağı büdcəli daşıyıcı 500 milyon dollarlıq federal xilasetmə paketi ilə bağlı danışıqların uğursuzluğa düçar olmasından sonra mayın 2-də fəaliyyətini dayandırıb. 34 ildir fəaliyyət göstərən şirkət qərarına təsir edən əsas amillərdən biri kimi yanacağın qiymətinin kəskin artmasını göstərib.
Avropada Latviyanın milli aviadaşıyıcısı "airBaltic" isə avqust ayında genişlənmə planlarından imtina edib və yanacağın bahalaşmasını, eləcə də İran müharibəsi ilə bağlı problemləri əsas gətirərək ABŞ-da "Chapter 11" proseduru çərçivəsində restrukturizasiya prosesinə başlayıb.
Oktyabrın 5-də şirkət təxminən 3 min işçidən 500-700 nəfərin ixtisar ediləcəyini və daha az sayda təyyarə ilə məhdud sayda istiqamətə uçuşlar həyata keçirəcəyini açıqlayıb.
İspaniyanın Barselona şəhərində yerləşən aşağı büdcəli "Volotea" aviaşirkəti isə sentyabrın 29-da ömüflisləşmədən əvvəlki prosedur çərçivəsində kreditorlarla rəsmi danışıqlara başlayıb. Şirkət mart ayından bəri yanacağın bahalaşmasının ona təxminən 150 milyon avroya (174 milyon dollar) başa gəldiyini bildirir.
"Volotea" təyyarə parkını 44-dən 30-35-ə qədər azaltmağı planlaşdırsa da, uçuşlarını davam etdirir.
İspaniyanın uzaqməsafəli uçuşlar həyata keçirən "Plus Ultra" aviaşirkəti isə yanacağın qiymətinin görünməmiş dərəcədə artmasını əsas gətirərək iyun ayında Kolumbiyaya uçuşları dayandırıb. Noyabrın 17-də şirkət maliyyə və əməliyyat restrukturizasiyası çərçivəsində Madriddən Buenos-Ayres və Limaya uçuşları qeyri-müəyyən müddətə dayandırıb. Nəticədə Venesuela aviaşirkətin fəaliyyət göstərdiyi yeganə bazar olaraq qalıb.
Daha böyük aviaşirkətlər də uçuş şəbəkələrini ixtisar ediblər. "United Airlines" mart ayında daha az gəlir gətirən marşrutlarda uçuş tutumunu 5 faiz azaldacağını bildirib.
KLM və "Finnair" də daxil olmaqla, bir sıra Avropa aviadaşıyıcıları Fars körfəzi istiqamətində uçuşların dayandırılmasını 2027-ci ilə qədər uzadıblar.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, müharibənin başlamasından bir gün əvvəl – fevralın 27-də aviasiya yanacağının bir barelinin orta qiyməti təxminən 99 dollar olub. Apreldə bu göstərici iki dəfədən çox artaraq 209 dollara çatıb.
Yayın əvvəlində qiymətlər müəyyən qədər azalsa da, oktyabrın əvvəlində yenidən yüksələrək bir barel üçün orta hesabla 190 dollara çatıb. Avropada isə qiymət 200 dolları ötüb.
Bahalaşma təkcə xam neftlə məhdudlaşmır. Müharibədən əvvəl Fars körfəzi regionundakı neft emalı zavodları dünya üzrə reaktiv yanacaq və kerosin ixracının təxminən beşdə birini təmin edib. Bu tədarükün pozulması "crack spread" adlanan göstəricinin – reaktiv yanacağın qiyməti ilə xam neftin qiyməti arasındakı fərqin rekord səviyyəyə yüksəlməsinə səbəb olub.
Nəticədə aviasiya yanacağının qiyməti neftin özündən daha sürətlə artıb.
IATA bu il aviasiya sektorunun yanacaq xərclərinin 2025-ci ildəki 252 milyard dollardan təxminən 350 milyard dollara yüksələcəyini proqnozlaşdırır. Yanacağın əməliyyat xərclərindəki payının isə təxminən 25 faizdən 31,4 faizə çatacağı gözlənilir. Bəzi aşağı büdcəli aviaşirkətlərdə yanacaq xərcləri ümumi xərclərin 60 faizinə qədərini təşkil edə bilər.
Assosiasiyanın proqnozuna görə, qlobal aviasiya sektorunun mənfəəti iki dəfə azalaraq 23 milyard dollara düşəcək. Xalis mənfəət marjası isə cəmi 2 faiz təşkil edəcək.








