Mədəniyyət

  • 2 881

DİLARƏ AĞAMUSA- “Borc”u ödəmək həqiqətən şərəflidir!

image

Bir qadın tanıyıram... Parlaq əməllərin sahibi olan ziyalı qadın... Hansı ki, bütün möhtəşəm ölkə tədbirlərində fəallığı, xeyirxahlığı, humanistliyi ilə seçilir. Ömrünü Bakı milyonçusu, xeyriyyəçi babası, Ağa Musa Nağıyevin xeyriyyəçiliyini və ictimai fəaliyyətini elmi tədqiqatlara, araşdırmalara həsr edərək bu günə qədər insanların bilmədiyini üzə çıxarır. Hansı ki, bir ocağın tüstüsündə əbədi yanan və yandıqca alovu müxtəlif ölkələrə yayılan, ömürə ömür verib yaddaşlarda yenidən yaşadır... Ali insanlığın məziyyətlərini bu kübar qadının məfkurəvi simasında görmək, baxdıqca öyrənmək şərəfi mənə də nəsib olub. Özü isə gələcək nəsillərə miras qalacaq yazdığı cild-cild kitablarla, sənədli filmləri ilə babasının layiq olduğu haqqıını qaytarmaq, elinə-obasına xeyir verən bir insanın ruhu qarşısında borcunu ödəmək şərəfinə nail olub.

Haqqında söz açdığım xanım tarix elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü , Yeni Azərbaycan Partiyasının, Azərbaycan Respublikası Əsilzadələr Məclisinin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının Qeyri Hökumət Dövlət Dəstəyi Agentliyinnin nəzdində A.M.Nağıyevin adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyin (QHT) təsisçisi, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, “Simurq“ Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü, Prezident təqaüdçisi, Tərəqqi medallı Dilarə Nağıyeva – Muxtarova dünyada neft milyonçusu-xeyriyyəçisi kimi tanınan Ağa Musa Nağıyevin nəslindəndir. Onun dərin mənalı baxışlarından süzülən həyat hekayəsinin fəlsəfi düşüncələri keçmişindən bu günədək söz açır.

Dilarə xanım 1940-cı ilin may ayının 23-də Rusiya Federasiyasının Dərbənd şəhərində anadan olan və bir müddət qürbətdə yaşama səbəblərini soyunun didərgin düşməsilə bağlayaraq atası haqqında deyir ki, Fərəc Nağıyevin 1929-cu ildən 1951-ci ilədək- Orta Asiyada, Dağıstanda və Azərbaycanın ucqar rayonlarında teatrların təşkilində və təbliğində böyük rolu olubdur. Fərəc Nağı təxəllüsü ilə tanınan atası unudulmuş “Qaravəlli” xalq meydan oyunlarına yeni nəfəs vermiş, 1967-1970-ci illərdə Mərkəzi Komitənin Katibi Şıxəli Qurbanovun imzası ilə “Qaravəlli” ssenarisinin təsdiqlənməsinə nail olmuşdur. İncəsənət fədaisi olan atasının bu günü əks etdirən 200-ə yaxın satirik şeirlərini, rejissor, aktyor, rəssam, dekorator və bədii rəhbər kimi incəsənət aləmindəki fəaliyyətini işıqlandırmaq və yaşatmaq da Dilarə xanımın sevərək gördüyü işlərə aiddir.

Damarlarında axan istedad Dilarə xanımı Azərbaycan Dövlət İncəsənət Universitetindən yan etməyib. O sənətşünas ixtisasına yiyələnərək əmək fəaliyyətinə başlayıb, 1970-ci ildən “Azərbaycanfilm” Kinostudiyasında kadr üzrə direktor müavini olmaqla, kino sahəsində kadrların düzgün secilərək ixtisaslarına uyğun yerləşdirilməsində böyuk işlər görüb, Azərbaycan Televiziya kanalı ilə “Kino yenilikləri” verilişinin ilk aparıcılarından olub, onu beş sənədli filmin layihə rəhbəri kimi də tanıyırlar. Ali Partiya Məktəbində ikinci ali təhsili almış Dilarə xanım, əmək fəaliyyətini 1977-ci ildən 2001-ci ilədək Ticarət Nazirliyində kadr üzrə mütəxəssis olaraq davam etdirib. 43 yaşında 25 illik səmərəli əmək fəaliyyəti nəzərə alınaraq “Əmək veteranı” medalına layiq görülüb. Gənc zabit kadrlarının hazırlanmasında yaxından göstərdiyi mənəvi dəstək və hərbi vətənpərvərlik xidmətlərinə görə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Fəxri Fərmanı”na, yazıçı və jurnalistika qabiliyyətinə görə Azərbaycan Respublikası Həmkarlar İttifaqının Rəyasət Heyətinin “Qızıl Qələm”, Gürcüstan Respublikasının M.F. Axundov Muzeyinin rəhbərliyi tərəfindən “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif edilib. Qazandığı uğurlar yeni cığırlara yol açıb. Azərbaycanın tarixini və dahi şəxsiyyətləri haqqında araşdırmalara başlayıb. Dünyada neft milyonçuları sırasındabirincilik qazanmış babası Ağa Musa Nağıyev haqqında böyüklərindən eşitdiklərinə əsaslanaraq tarixi faktlarını ortaya çıxarıb və apardığı tədqiqatlar uğurlu nəticələrlə imzalanıb. Bu günə qədər fəaliyyətindəki nailiyyətlərə görə müxtəlif dövlət və media mükafatlarına layiq görülən Dilarə xanım ixtisasca sənətşünas, iqtisadçı olsa da bu gün o, dünyanın bir sıra ölkələrində təkcə tarix elmləri üzrə fəlsəfə doktoru, alim, xeyriyyəçi qadın kimi deyil, həm də nurlu əməllərin sahibi, azərbaycançılıq məfkurəsinin təbliğatçısı və Bakının neft milyonçusu Ağa Musa Nağıyevin nəvəsi kimi tanınır.

-Dilarə xanım, babanızın adını daşıyan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsisçisi kimi indiyədək bir sıra layihələri həyata keçirir və özünüz xeyriyyəçiliklə məşğul olursunuz. Tarixi şəxsiyyətlərdən olan babanız Ağa Musa Nağıyevin həyatının araşdırmaçısı olmaqda çətinliklərlə üzləşdinizmi?
-XIX əsrin sonu və XX əsrin əvvəllərində Abşeronda yaşanmış neft “bumu” əsnasında formalaşan özü kasıb bir ailənin içində dünyaya göz açan və bugünədək unudulmayan Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağabala Quliyev və başqa iş adamlarının nəsli öz istedadı, fərasəti və zəhməti sayəsində milyonlarla sərvət qazanaraq səxavətlə bir hissəsini xalq və Vətən yolunda xərcləməyi özlərinə borc biliblər. Tanrının verdiyi nemətin təkcə onlara məxsus olmadığını düşünən bu nəcib və cəfakeş sahibkarlar xalq üçün çalışıblar.
Milli dəyərlərimizin qorunması istiqamətində tarixi həqiqətlərin üzə çıxarılması prosesinə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra imkan verildi. Nəvə kimi özümə borc bilib ömrümün 33 ildən çox hissəsini babam Ağa Musa Nağıyevin həyatını araşdırmağa həsr etməkdən xüsusi zövq alıram. İnsan ali məqsədinə çatmaq üçün daim irəliyə can atır, istək və həvəs olan yerdə çətinlikləri dəf edir. Qarşıma qoyduğum məqsədə nail olmaq üçün uzun illər arxivlərə üz tutdum, yorulmadan çalışdım, nəticələr öz əksini ciddi elmi kitablarımda tapıbdır. Elmi tədqiqatlarımın mərkəzində Azərbaycan milyonçusu və mesenatı Ağa Musa Nağıyevin dövrü, mühiti, epoxası və fəaliyyət sferası durur. Ümumilikdə gördüyüm işlərlə o dövrdə çoxlarının xəsis kimi tanıdığı - əslində, xeyirxah olan babam haqqında düzgün təsəvvür yaradaraq Qeyri Hökümət Təşkilatı İctimai Birliyinin möhürü ilə Venzelini - daş kitabəsini yaşadıram. Alimlik dissertasiya mövzusunu milyonçu Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyətinə həsr edən Bakı milyonçularının varislərinin ilk nümayəndəsiyəm. Babamın adını təxəllüs götürmüşəm və bununla qürur duyuram. Tarixi şəxsiyyətləri bütün nəsillərin tanıması labüddür.

- Savadsız, “xəsis” damğası vurulan, lakin böyük ürək sahibi olan Ağa Musa Nağıyevin müasir dövrə qədər qalan və yararlı olan tikdirdiyi tarixi binalar haqqında nələri araşdıra bildiniz? Bu tarixi binalar sahibkarı haqqında hansı fikri yaradır?
-Xalqının gələcəyini düşünən babam 100 bina tikdirmək arzusunda olub, ancaq amansız əcəl imkan verməyib. Vaxtız vəfat etmiş oğlu İsmayılın xiffətini çəkən Ağa Musa 1919-cu ilin martın 4-də vəfat edib. Tikdirdiyi 98 mülk, bunlarından 4-nün xəstəxana olan hər birinin həyatda öz missiyası var. Xəstəxanalar, poçt idarəsi, mehmanxanalar, məktəb, yığıncaqlar üçün tikdirdiyi binalardan “İsmailiyyə” sarayı bu gün də öz əhəmiyyətini itirmir və binaların əksəriyyətinin üzərində Emblem – daş kitabə mövcuddur. Hambal şələsinin kənarlarında sünbül çələngləri, mərkəzində soykökünü MH hərflərilə həkk etdirməklə yaratdığı daş kitabə - VENZEL - Emblem Ağa Musanın keçmişini unutmadığından nişanədir. Bu Venzel həm də insana milyonçunun daşlaşmış möhürünün təsirini bağışlayır. Binalardan şah əsəri kimi qəbul olunan istiqlaliyyət ocağı “İsmailiyyə” sarayı (indiki AMEA-nın Rəyasət Heyəti) arxitekturası və gözəlliyi ilə seçilir. Göz önündə olan faktlar və elmi təqdiqatlarım sübut edir ki, bu gün də yararlı olan tarixi əhəmiyyətli binaları babam xalqın işıqlı gələcəyi naminə tikdirib. Himayəçisi olduğu Realnı Məktəbdə (indiki İqtisad Universiteti) müsəlman qızlarının, özünün fəhlə işçilərinin, habelə gənclərin təhsil almalarıına yardımçı olub. Ağa Musa Nağıyev 98 sayda bina tidirməklə, onun xeyriyyəçiliyinin bir ucunun Türkiyəyə aparılması, xarici banklarda 413 milyon yatırımı olmaqla dünya tarixində milyonçular arasında birinciliyi qazanıbdır. Babam İsmailiyyə, ilk Poct Evi, Yığıncaqlar Evi, Novaya Yevropa və Astoriya mehmanxanalarını tikdirməklə sağlığında öz heykəlini ucaldıb, adını əbədiləşdirib. Xeyirxah əməllərin sahibi kimi yaddaşlarda məskən salıb. Mən isə elmi tədqiqatlar və araşdırmalarımla babamın haqqını özünə qaytarmağa səy göstərirəm.

-Müasir dövrdə hər bir regionda tikinti işləri aparılır, göydələnlər tikilir. Bu işi görənləri zamanın xeyriyyəçiləri adlandırmaq olar?
-Xeyriyyəçiliklə məşğul olmaq əliaçıq insanlara şamildir. Bir manatı olan onu kiminləsə bölüşməyi bacarırsa, deməli, əsl xeyriyyəçidir. Düşünürəm ki, bu gün -17 mərtəbəli göydələn tikdirib satışında sakinlərin dərisini soymaqla öz övladının yaşaması üçün miras qoyan xeyriyyəçilik etmir. 11 yaşında Biləcəridən Bakıya işləmək üçün ayağıyalın gələn və zəhməti sayəsində Bakının 11 neftdxudasından biri olan samançı oğlu Ağa Musa Nağıyevin ömrünün sonuna qədər xalqının gələcəyini düşünərək miras qoyduğu binalar isə xeyriyyəçiliyinə dəlalət edir. Babamın xalqa bağışladığı E.Əfəndiyev adına 2 nömrəli Şəhər Xəstəxanası (uzun müddət Şaumyanın adı ilə məşhurlaşmış), Ana və Pediatriya İnstitutu (OMD), əvvəllər adını daşıyan indiki Səhiyyə Nazirliyinin binası, bu gün məhz xəstəxana mahiyyəti nəzərdə tutduğu 12 nömrəli Sabunçu Poliklinikası kimi tanıdığımız və s. bu kimi tikililər onun yalnız insanların xoş rifahı və sağlam yaşam tərzi üçün çalışdığını sübut edir. İndiki sahibkar kişilərin belə jest göstərməkdə siyahıya düşməkləri qeyri-mümkündür, çünki pul şirin olduğu üçün onlara hər şeydən üstündür. Xeyriyyəçiliyinin sədaları indi də Türkiyədən və Rusiyadan gələn babam hamballıqla qazandığı pullardan düzgün istifadə etməklə əsl milyonçu və xeyriyyəçi olub. Pul qazanmaq - igidlik, onu əldə saxlamaq- bacarıq, ondan düzgün istifadə etmək – istedad tələb edir. Bu Ağa Musa babamın şüarı olub.

-Deyilənlərə görə zərif çiyinlərinizdəki nəsil şəcərəsinin ağır, unudulmuş yükünü yüngülləşdirə bilmisiniz. Babanızın qəbrinin başqa yerə köçürülməsi və daimiləşdirilməsini özünüzə borc bildiniz?
-1931-ci ildə Ağa Musa babamın məzarı Çəmbərəkənddəki ilk qəbrindən Biləcəri qəbiristanlığına, 1938-ci ildə isə Biləcəridəki qəbiristanlığında dağın başına köçürülüb. Dövrün tələbinə görə bu qəbiristanlıqlar dağıdılıbdır. Uzun illər adı yaddaşlaşmış, haqqında kimsənin cürət edib danışmadığı milyonçu babamın ayaq altında qalmış, sayca 3-cü “əmanət” qəbrini 1998-ci ildə ata yurdunda Biləcəri kəndinin qəbiristanlığında əbədi evinə kəfənləyib,4-cü qəbrə qoydurmuşam. Məzarı üstünə büstünü qoydurmağa, hər kitabımın işıq üzü görməsinə, binaların axtarışına, elmi adın almasına, adına qeyri-hökumət təşkilatı yaratmağıma, haqqım çatdığı üçün döydüyüm qapıların açılmasına sərf etdiyim illər məni qocaltmadı, əksinə mənə ruh yüksəkliyi verdi. İndi mənə baxanlar öz yaşımı vermirlər. Özümü dünyanın xoşbəxt insanı sayıram, çünki Nağıyevlər nəslinin ruhu qarşısında “borc” bildiklərimi həyata keçirməyi bacarıram. Bunun üçün acı tale yaşamış babama və atama, bir də daşıdığım Nağıyev soyadına minnətdaram.
Dilarə Ağamusanın tarixi araşdırmalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycanın tarixini və tarixi şəxsiyyətlərini, xalqımızın milli-mədəni irsini bədii əsərlərində təbliğinə görə Mərkəzi Zabitlər Evinin, Türk Xalqları Ümumdünya Konqresi Prezidentinin və Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri Fərmanları , “Qafqaz Media”İB-nin “Ustad qələm sahibi”, Beynəlxalq Sülh Federasiyasının “Sülh Səfiri” diplomlarına, “Zamanın sorağında” kitabına görə isə Akademiyanın “Humay” milli mükafatına, Dədə Qorqud Fondunun “Mehriban ana” altun medalına , Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinin “Fəxri Fərmanı”na, “2017-ci ilin Xeyriyyəçi Qadını” nominasiyasına, Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə ölkə prezidentinin pul mükafatına və s. layiq görülən milyonçunun nəvəsi haqqında isə ensiklopediyada, antologiyalarda və başqa kitablarda maraqlı yazılar dərc olunub.
“Zamanın sorağında”, “Nurlu əməllərin sönməyən işığı” və başqa kitabları kimi onun son vaxtlarda çapdan çıxan, sayca doqquzuncu “Hər ömür isə bir tamaşa” adlı kitabı da oxucular tərəfindən maraqla qarşılanır. Bu kitabda arxivlərdən topladığı tarixi sənədlərə istinad edərək təhlillər aparmış, Ümmül-Banu – Banin, İsmayıl və Fərəc Nağıyevlər, M.Muxtarov, Züleyxa Əsədullayeva, Yelizaveta Qriqoryevna, Xədicə Əsədullayeva – Nağıyeva, Murad Nağıyev, Liza Muxtarova və digər şəxslər haqqında yazmış, dövrün hadisələrinə, mədəniyyət xəbərlərinə, ictimai-sosial məsələlərə, maarif və xeyirxahlıq məsələlərinə maraqla yanaşaraq geniş yer ayırmışdır.
Peşəkar tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru, qayğıkeş ana, sevimli nənə, mehriban və səmimi insan olan milyonçular nəslinin yeganə varisi dəyərli ziyalı Dilarə xanımın sürdüyü 84 illik mənalı ömür yolunun pillələrindən sabahın aydın üfüqləri görünür. Cahana şəfəq saçan bu üfüqlərdəki qızartılar: - İki ömür yaşasaydım, yenə Ağa Musa Nağıyevin tədqiqatçısı olardım , - deyən və gənc nəslə canlı həyat nümunəsi olan nəvə Dilarənin nəfəsini hər tərəfə yayır. Dilarə xanımla söhbət etdikcə onun bəyaz saçlarının hər dənində nəsil-nəcabətdən gələn fədakarlıq, zəhmətsevərlik, çalışqanlıq, sadəlik, xoş səmimiyyət kimi irsi keyfiyyətləri aydın görmək olur. Zəngin mənəviyyata malik olan Dilarə Ağamusanın mənə dikilən gözlərindən onun hələ də elmi axtarışlarının davam edəcəiyini görürəm və bu yolda ona uğurlar arzulayıram! “Borc”u ödəmək həqiqətən şərəflidir!

Rəna TƏBƏSSÜM (İMANOVA)
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər