Mədəniyyət

  • 9 097

Ay Laçın, can Laçın! - YENİ ŞEİRLƏR

image

XURAMAN MURADOVA

Çağdaş Azərbaycan poeziyasının istedadlı imzalarından olan Xuraman xanım Muradova Türk dilinin zənginliyini özündə ehtiva edən, insanın özünüdərkinə, Tanrıya bağlılığına, mənən kamilləşməsinə həsr olunan, dərin məzmunlu, düşündürücü şeirlərin müəllifidir. İlk qələm təcrübələrindən başlayaraq süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən uzaq dayanan Xuraman xanım nəğməkar şeirləri, lirik yaradıcılığı ilə çağdaş türk ədəbiyyatına mövzu, ideya, məzmun və forma orijinallığı ilə səciyyələnən yeni nəfəs, yeni ruh gətirmişdir. Xuraman xanımın yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür. Şeirləri psixoloji-fəlsəfi dərinliyi ilə respublikamızın hüdudlarından kənarda, Türkiyə, Qırğızıstan, Özbəkistan kimi qardaş türkdilli ölkələrdə böyük oxucu auditoriyasının və ədəbi-elmi ictimaiyyətin sevgisini, rəğbətini qazanmışdır.

Xuraman xanım gördüyü bütün işlərdə böyük fədakarlıqla ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına, eləcə də qardaş ölkələrimiz arasında ortaq ədəbi dəyərlərə söykənən misilsiz hizmətlərdə bulunmuşdur.
Ötən il Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilmiş və həmin Elmlər Akademiyasının Türk dünyası "Altın yıldız" medalına layiq görülmüş, həmçinin "Humay mükafatı laureatı seçilmişdir. II Türk dünyası Ədəbiyyat festivalında Türk dünyası "Onur" medalı ilə mükafatlandırılmışdır. "Vektor" Elmlər Akademiyasının fəxri professorudur. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür.

2021- ci ldə Azərbaycanda "Sənə məktub yazacam..." adlı ilk kitabı, 2023-cü ildə isə Türkiyənin Ankara şəhərində "Ay Laçın, can Laçın" adlı ikinci kitabı işıq üzü görüb.

2023-cü ilin oktyabrında Türkiyənin Elazığ şəhərində keçirilən beynəlxalq "Xəzər şeir axşamları" şeir festivalında Azərbaycanı yüksək səviyyədə təmsil etmiş, Türk Ədəbiyyatı Vəqfinin "Türk ədəbiyyatına Hizmət" beratına layiq görülmüşdür.

2023-cü ilin oktyabrında İraq Respublikası Mədəniyyət Nazirinin "Hizmət ödülü"nə və Kərkük Kültür Dərnəyinin "Türk şeirinə hizmət" ödülünə layiq görülmüşdür.

Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Hikmət Mirzəyev tərəfindən, 44 günlük Vətən Müharibəsi dövründə şəhid ailələrinə, qazilərə rəhbəri olduğu "Milan Hospital" özəl klinikasında təmənnasız xidmətlərinə, müalicə dəstəyinə görə Fəxri Fərman, Fəxri döş nişanları və "Vətənim, Bayrağım, Şərəfim" mükafatına layiq görülmüşdür.

Cənab İlham Əliyevin siyasətini dəstəklədiyinə, qazilərə və şəhid ailələrinə təmannasız müalicə və xeyirxahlıq işlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Mais Barxudarov tərəfindən Fəxri Fərmanla təltif olunub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılmış Vətən müharibəsi dövründə vətən qarşısında vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə və misilsiz əməyinə görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanının general-leytenantı Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla və eləcə də bir çox hərbi hissələr tərəfindən çoxlu sayda mükafatlarla təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə Parlamentinsesi.az xəbər portalı tərəfindən "Şərəfli ömür" fəxri media mükafatına, Dünya Azərbaycanlıları Diaspor Təşkilatının "Buta" mükafatına və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən "Xurşidbanu Natavan" mükafatına layiq görülüb.

Xuraman xanım Muradovanın şeirlərini çoxminli oxucuların ixtiyarına veririk.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

XURAMAN MURADOVA

Turan elləri

Gözün aydın olsun, ey ulu yurdum,
Yayıldı dünyaya Türkün gur səsi!
Nuruna qərq oldu könüllərimiz,
Cahana od saldı Turan nəfəsi…

İgid oğullarım, çıxıb tufandan,
Qaldırdı göylərə "kurt başlı" tuğu!
Zəfər tarixini yazan əllərim,
Göstərdi âləmə "Dəmir Yumruğu!"

Yenilmez Türk ruhu, Türk’ün geyrəti,
Tarixin bağrından qopup gəldik biz!
Bu torpaq uğruna, vətən uğruna,
Qan axıdıb can verərək öldük biz!

Yüksəldərək yurdun hür bayrağını,
Duyduq azadlığın şirin dadını.
Çıxdıq savaşlardan alnımız açıq,
Yaydıq bu dünyaya Türkün adını.

Birlikdə yürürlər Kızıləlma’ya,
Qardaş Türkiyə’ylə, can Azərbaycan.
Kazak, Türkmən, Özbək, Kırgız da gəlir,
Qurulacaq mütləq, o büyük Turan!

Sönməyən çırağam , yanan ocağam,
Əslım Oğuz Türk’ü, hədəfim Turan.
Günəş kimi doğub yurdum üstünə,
Saçarım nurumu, rəhbərim Qur’an.

Əsirlərlə ayrı düşsək də bizlər.
Tariximiz eynı, dilimiz birdir.
Bir ağacın qollarıyıq biz Türklər,
Qönçəmiz də birdir, gülümüz birdir.

Gəlin, səmasında qanad gərək biz,
Sarsın qollarımız Turan elini.
Birləşək biz eyni bayraq altında,
Bayrağımız olsun, TURAN gəlini!

Ay Laçın, can Laçın!

Aramızda otuz ilin nisgili,
Aramızda illər qaldı, ay Laçın.
Bu namərdlər, bu xainlər, xəbislər,
Bizi səndən ayrı saldı, ay Laçın.
Can Laçın…

Bir dünyalıq həsrət oldun gözümdə,
Bitdin dodağımda, bitdin sözümdə,
Zülmətə çevrildi hər gündüzüm də,
Həsrət saçlarımı yoldu, ay Laçın.
Can Laçın…

Şəhid harayından göyərən daşın,
Dərddən nalə çəkib ağaran başın,
Hər daşında, hər qayanda göz yaşın,
Ürəyimdə qara xaldı, ay Laçın.
Can Laçın...

Baba yurdum səndə qalıb, qocalıb,
Sanki dünya ömürümdən öc alıb,
Daha qəm-kədərim arxada qalıb,
Gözlərim sevincdən boldu, ay Laçın.
Can Laçın...

Qurbanlar kəsdim ki, arzuma yetəm,
Çiçək olub Laçın qayanda bitəm,
Gül qoxulu yamaclarında ötəm,
Xoş bu günün, xoş bu halın, ay Laçın.
Can Laçın...

Duydun azadlığın xoş nəfəsini,
Eşitdin zəfərin şən nəğməsini,
Xuraman səsinə qatıb səsini,
Sevincindən qanad çaldı, ay Laçın.
Can Laçın...

Səcdənə gəlmişəm, Şuşam!

Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.

Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.

Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.

Qarlı dağlarına çökən duman-çən,
Mənim ürəyimə çökmüşdü nədən,
Ruhumu özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm, Şuşam.

Olub keçənləri unudaq daha,
Bağışla, deyəsən batdım günaha,
Bilsəydin açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.

Xoşdur azadlığın, xoşdur bu sədan,
Səni gözlərimdə yaşatdım hər an,
Səcdənə durubdur qızın Xuraman,
Səni candan artıq sevmişəm, Şuşam...

Şəhidlər xiyabanı

Şəhidlər xiyabanı...
Hər yer sükut içində...
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə.
Uzaqdan bir səs gəlir...
Bir ana layla deyir
Ürək yandıran ahla.
Salamlayır gecəni
Açılmayan sabahla...
Gah coşğun, gah da həzin,
gah da harayla deyir.
Bir ana xiyabanda
oğluna layla deyir…
Oğlunun baş daşını
öpərək qucaqlayır.
Ana elə göynəyir,
ana elə ağlayır....
Deyir hardasan oğul,
niyə geri dönmədin?
Sənsiz sönüb ocağım,
Boş qalıbdı qucağım.
Məzarına gəlmişəm
deyiləsi sözüm çox,
Bura son ümid yerim,
Gediləsi yerim yox...
Ana boynunu büküb
için-için sızlayır.
Oğlunun baş daşını
həsrətlə qucaqlayır.
Birdən ah cəkib susur,
Şəhid oğul önündə
sanki səcdəyə durur...
Ahı göyü yandırır,
ahı yeri yandırır...
Oğulun səsi gəlir…
Ana bir an dincəlir,
ilmə-ilmə sökülür,
ilmə-ilmə incəlir...
Ağlama, can ay ana,
Şəhid anasısan sən!
Bu torpağın, bu yurdun
enməz Qalasısan sən!
Oğlun şəhiddir ana,
şəhidlər ölməz axı!
Onların cənnətidir
yaradanın dərgahı.
Bir başını qaldır sən,
vətən göylərinə bax.
Şəhidin gülümsəyir,
ordan sənə baxaraq
Sevinclə o göylərdən
səni müjdələyəcək
Son nəfəsində səni
cənnətə götürəcək...
Şəhidlər xiyabanı...
hər yer sükut içində.
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə…
Uzaqdan bir səs gəlir,
Bir ana layla deyir,
gah coşğun, gah da həzin
Gah da harayla deyir.

Ay ana...
Ay ana, sənsizlik sıxır qəlbimi,
Yenə yollarına dikilib gözüm.
Həsrətin qəlbimi elə göynədir,
Dilimdə bir anlıq dolaşır sözüm.

Yoxluğun buz kimi üşüdür məni,
Sanki baharımda qışa dönmüşəm.
Sızlayır qəlbimin sən olan yeri,
Ümidi göyərmiş daşa dönmüşəm.

Unuda bilmirəm sənli günləri,
Ana, varlığımın nişanəsisən.
Gözümdə həsrətin donub qalıbdı,
Ay ana, eşqimin pərvanəsisən.

Kaş körpən olaydım ana, ay ana....
O şirin laylanı duyaydım yenə.
Yaşayıb doyunca sənli illəri,
O cənnət ətrini alaydım yenə.

Mən sənin parçanam, sən mənim özüm,
Bu dünya evimin çırağı ana.
Donmuş baxışına, ruhuna qurban.
Ömrümün mənası, varlığı ana.

Yağır ürəyimə həsrət yağışın,
Anasız qəlbimin evi islanır.
Boy atır içimdə sənli arzular,
Ümidim, xəyalım od tutub yanır.

Bizi tərk eyləyib getdiyin gündən,
Bağçamız, bağımız eh...qardı, ana.
Sənin yaşadığın fəsillər, illər,
Özüntək yazıydı, bahardı, ana.

Sənə məktub yazacam...
Nəğmə

Sənə məktub yazacam...
Yazacam şirin dillə.
Könlünü ovunduran-
Yazacam, üç-beş cümlə.

Sənə məktub yazacam...
Yağışın yağmasından.
Küləyin əsməsindən,
Günəşin doğmasından…

Nə bilim daha nədən,
Yazılası çox şey var….
Amma yazmayacam mən,
Sənə olan sevgimdən...

Sənə məktub yazacam,
Ya bu gün, ya da sabah.
Əsas odur yazacam,
Amma oxu, sən Allah.

Sənə məktub yazacam,
Xatirəmdəki izdən.
Sənə məktub yazacam,
Yerdən, göydən, dənizdən.

Sevdiyim nələr varsa
Yazacağam ondan mən.
Xəyallarda baş alıb
Gedən ümidlərimdən.

Sənə məktub yazacam,
Səndən uzaq yerlərdən.
Sənə məktub yazacam,
Sənsiz keçən günlərdən.
Amma yazmayacam mən
Sənə olan sevgimdən.

Elə küsərəm səndən…

Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim,
İstəsən də geri dönə bilməzsən.

Sənə olan sevgim sonsuz olsa da,
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində sən için-için,
Dərdini kimsəylə bölə bilməzsən.

Mən elə küsərəm səndən, əzizim,
Durnalar ağlayar göyün üzündə.
Küsərəm sevdanın göz yaşlarına
Zülmətə çevrilər dünya gözündə.

Son payızda əsən soyuq küləklər,
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar,
Gözlərin tikilər uzaq yollara.

Mən elə küsərəm səndən, əzizim,
Bulud tək hönkürər həsrət gözündə
Qalarsan hicranın ümidlərində,
Bir sevda göyərib bitər sözündə…
Bir sevda göyərib bitər sözündə…

Darıxsan, oxu, ağla!

Yaz notlara dərdimi,
Mənə ümid bəstələ...
Dərdləri mənə fəs ver,
Nəğmələrində səslə...

Küsən xəyallarımla
Dumanlarda gəz məni.
Soyuğunda azdığım
Həsrətinlə kəs məni.

Gecənin yaxasından
Asılan ulduz kimi.
Qaranlıqlar içində
Susmuşam yalqız kimi.

Dərdimin tumarı var
Yağan yağışlarında.
Həsrətim buz bağlayıb,
Donan baxışlarında.

Dərdimin notlarını
Heç kəsə vermə, saxla.
Bu, bir ömür sirrimdi,
Darıxsan oxu, ağla!

Ayrılıq küləkləri...

Ayrılıqlar yağışlar kimi gələr,
Yağışların rəngi olmaz, əzizim.
Ayrılıqlar küləklər kimi əsər,
Küləklərin rəngi olmaz, əzizim.

Tənhalığın bulud-bulud göz yaşı,
Səmaların qar üzündə kükrəyər.
Küləklərin şaxta, boran savaşı,
Payz ömrün səhrasında titrəyər.

Ümidlərin rəngi qaçmış dodağı,
Acı-acı gülümsəyər, əzizim.
Tənha qalan arzuların budağı,
Pıçıldayıb başın əyər, əzizim.

Hər açılan sabahları intizar,
Hər gecəni göz yaşları doyurmur.
Ayrılığın payız rəngi sərt olur,
Yağış, külək fəsilləri ayırmır....

Bu həyatın, bu dünyanın boz üzü,
Ayrılığın yuxusuz gecələri...
Tənhalıqda parıldayan ulduzlar,
Sabahların qəm dolu çiçəkləri..

Ayrılıqlar əlimizdən tutaraq,
Ömrümüzə hey yeridi...yeridi.
Kövrəkləşib körpə uşaqlar kimi,
Yavaş-yavaş qəlbimizdə kiridi…

Yarımçıq məktublar....
Bağışla ki, yazmadım məktublarda sevgimi,
Məktublar da yarımçıq qaldı sevgimiz kimi...
Neyləyim ki, qürurum üstələdi sevgimi …
Ağladı məktublar da bu gecikmiş sevgimi.

Səndən yazacaq qəlbim incidi, küsdü nədən,
Yazmadı bircə kəlmə sənə olan sevgimdən.
Oxudu məktubları payızın rüzgarları,
Gözündə yaz yağmuru, ağlatdı buludları.

Məktublar dilə gəldi, intizar gecələrdə,
Gecələrin sinəsi əridi pərdə-pərdə...
Bilmədim məktubların yolu niyə bağlandı?
Məktublar da bizim tək düşdü sevdalı dərdə..

Sevgimizin nurunda məktublar gecələrmiş.
Sən demə lal sevgimiz həsrətlə gözləyərmiş.
Yarımçıq məktubların qərib sevdası kimi,
Ağlayan sətirlərin göz yaşını sirlərmiş.

Bu sevdanın gözləri hələ çox yol çəkəcək,
Yarımçıq məktublar tək həsrət yaşı tökəcək.
Çox çalışdım məktubu bağışla bitirmədim,
Bəlkə yarımçıq sevgi məktubu bitirəcək...

Digər xəbərlər