Mədəniyyət

  • 2 945

Yunus Oğuzun “Cığır”ı - ŞƏRH

image

"İctimaiyyətin 90-cı illərdən etibarən daha çox (və haqlı olaraq) ictimai-siyasi xadim kimi tanıdığı Yunus Oğuzun fəlsəfəçi və ədəbiyyatçı yönü mənə elə 90-cı illərdən tanışdır. Yunus bəyin ilk bədii əsəri "Qadın ulduzu" gün üzü görüncə almışdım və zövqünə güvəndiyim şair qardaşım Hamlet Kazımoğlu (1970-2021) həmin kitabı məndən öncə oxuyub, öz yüksək sözlərini söyləmişdi.

Sonralar Yunus bəy ictimai fikirdə başqa yaradıcılıq olayları ilə çıxış etdi - özü də, məhz "Olaylar" ad-sanı ilə. İş elə gətirdi, mən "Olaylar"ın daimi oxucusundan daimi yazarına çevrildim." Bu sözləri Olaylar.az-a Beynəlxalq "ALAŞ" Ədəbiyyat Mükafatı laureatı Əkbər QOŞALI Yunus Oğuzun "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib: "Yunus bəylə qardaş məhəbbəti ilə doğmalaşdıq, ən müxtəlif mövzular üzrə fikir alış-verişində olduq, yol yoldaşı, deyə bilərəm, bir az da sirr yoldaşı olduq. Ona görə də, Yunus bəyin ard-arda çıxan tarixi romanları mənə öz doğmamın əsərləri kimi gəldi - necə deyərlər, qardaş məhəbbəti, doğmalığımız, fikir yaxınlığımız o romanlara tənqid gözü ilə baxmağımı az qala mümkünsüz qıldı. Budur, tarixi romanlardan ən yeni tariximizin romanına uğurlu keçid edən Yunus Oğuz "Cığır"a adladı...

"Cığır"da mənim də adım keçir, mənə doğma insanların da... Və budur, Azərbaycan Atatürk Mərkəzi "Cığır" tarixi romanını Dövlət mükafatına təqdim edib. Atatürk Mərkəzi yaranan gündən orada çalışmışam, elmi əməkdaş, şöbə müdiri olmuşam. İndi mənə doğma elm-mədəniyyət ocağı, mənə doğma yazarın, mənim adım keçən əsərini Dövlət mükafatına təqdim edib. Duyğuludur, elə deyilmi? Qutlu olsun!Şanlı Azərbaycan ordusunun misilsiz hünərinin, fədakarlığının bədii boyalar və faktlar işığında təbliğ-tərənnüm olunduğu roman, sanki bir salnamə təsiri bağışlayır. Deyərlər, əsl şair, yazıçı gərək öz dövrünün salnaməçisi (də) ola bilsin...Əziz Şuşanın işğaldan qurtuluşu özü başlı-başına bir epopeyadır. - Yunus bəy bu romanda Şuşanı həm bir Mədəniyyət paytaxtı olaraq, həm də milli-mədəni iqlimimizin və ruh gücümüzün simvolu olaraq xarakterizə edə bilib. - "Cığır" Şuşanı dirçəliş ocağı olaraq, bir dönəmin qapanıb, yeni dönəm(lər)in açıldığı ünvan olaraq göstərir.Yunus bəy "Cığır"la YOL salıb.

Ustad Aşıq Veysəl necə deyirdi? - "Uzun, incə bir yoldayım"... Bəli, Yunus Oğuz uzun illərdir çıxdığı uzun, incə yolda daha bir bələn aşıb. Yol da, yolçuluq da sıradan olaylar deyil. Ümummilli liderin tarixi sözləri yada düşür: "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir! "- Yunus Oğuzun tarixi romanı bütün əməli fəaliyət sahələrini əhatə edir, heç bir qayğımıza və uğurumuza biganə qalmır. 44 günlük Zəfərimizdən ilhamlanmış əsər, o Zəfərin açdığı yollara ayna tutur. O yollar ki... ya dağıdılmışdı, ya yolsuzluğua cəlb olunmuşdu, ya da (daha öncələr) heç mövcud deyildi...

Zəfərdən sonra Zəfər Yolu salındı; ümumiyyətcə, SSRİ dönəmində belə yola həsrət qalmış yerlərdən urvatlı yollar salınır, körpülər vurulur, tunellər qazılır, hava limanları, dəmir yolu və avtomobil vağzalları tikilir. Bax, Yunus Oğuzun usta qələmi bu infrastruktur layihələrinin görüntüsündən yox, mahiyyətindən söz açması ilə fərqlidir. "Cığır" yol olmuş, yola xidmət etmiş cığırların toplusudur. Belə əsərlərin əcdadın ruhunu şad edib, gələcək nəsillərə yol rəhbəri olduğuna inanıram. Belə əsərlər cığırı, yolu texniki, coğrafi termin olmaqdan çıxarır, böyüdür...".

Digər xəbərlər