"Zəngəzur dəhlizi təkcə nəqliyyat və logistika layihəsi deyil, Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdıran strateji təşəbbüsdür. Onun sözlərinə görə, bu dəhliz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, həm də Türk dünyasının fiziki inteqrasiyasını təmin edəcək mühüm kommunikasiya xəttidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında yeni iqtisadi körpü yaradılır. “Bu marşrut həm region dövlətlərinin tranzit potensialını artırır, həm də enerji və ticarət əlaqələrinin diversifikasiyasına xidmət edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinin əsas halqalarından birinə çevrilir: "Dəhlizin əhəmiyyəti yalnız iqtisadi aspektlərlə məhdudlaşmır. Layihə həm də siyasi sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi region ölkələri arasında qarşılıqlı asılılığı gücləndirir. Bu da uzunmüddətli sülh və etimad mühitinin formalaşmasına xidmət edə bilər. Xüsusilə Ermənistan üçün bu marşrut iqtisadi canlanma və regional inteqrasiyaya qayıdış imkanı deməkdir. Layihənin reallaşması həm də böyük güclərin regiondakı maraq balansına təsir göstərəcək. Türkiyə və Azərbaycan üçün Zəngəzur dəhlizi strateji üstünlük, Rusiya və İran üçün isə regiondakı yeni reallıqlara uyğunlaşma zərurəti yaradır. Bu, Cənubi Qafqazda güc mərkəzlərinin yenidən bölünməsinə səbəb ola bilər. Zəngəzur dəhlizi Azərbaycanın regional lider kimi mövqeyini daha da gücləndirir. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də qlobal nəqliyyat və logistika mərkəzinə çevrilmək ərəfəsindədir. Bu layihə ölkənin iqtisadi suverenliyini artırmaqla yanaşı, onun siyasi nüfuzunu da beynəlxalq səviyyədə möhkəmləndirir".
Müəllif: Ziya Hikmətoğlu