Mədəniyyət

  • 2 832

Ərik ağacı -HEKAYƏ

image

Səhər-səhər hıçqırtı səsinə qonşu həyətə tərəf döndüm. Həsən əmidən başqa heç kimi görmədim. O, üzü budağından tutduğu ərik ağacına tərəf dayanmışdı. Hıçqırtı səsi isə hələ də gəlirdi. Maraq məni bürüdü: kimdir bu ağlayan? Yenə də ətrafa boylanır, lakin heç kimi görə bilmirdim.

Həsən əmi dizəcən qarın içərisində dayandığı yerdəcə durmuşdu. Öz-özümə “görəsən bu kişi burada niyə dayanıb axı, nə fikirləşir, yoxsa, nə isə olub? Bir soruşum”, – dedim. İki dəfə “Həsən əmi”, – çağırdım. Bu an onun çiyinlərinin qalxıb-endiyini görəndə anladım ki, ağlayan Həsən əmidir.

–Həsən əmi, sabahınız xeyir.

Cavab gəlmir.

–Həsən əmi, evdə nə isə olub, niyə ağlayırsınız?

Həsən əminin hıçqırtıları bir az da artır.

Nə isə olduğu tamamilə aydın idi. Həsən əmi ağlayırsa, həm də ciddi bir şey olub. Məgər kişilər də ağlayar? Həm də Həsən əmi kimi adam. Düzü, ilk dəfə bir kişinin ağladığıını görürdüm. Bu adamı məhəllədə hamı qürurlu bir insan kimi tanıyırdı. El ağsaqqalı idi. Bütün xeyir-şər işləri onun məsləhəti, yolgöstərənliyi ilə qurulardı. Elə buna görə də hər kəsin ona böyük hörməti vardı.

Bu fikirlərlə həyətdən çıxıb Həsən əmigilin üç-beş metr aralıda olan bayır qapısını açıb düz yanına getdim. Əlimi çiyninə qoyub, “Həsən əmi, nə olub, niyə ağlayırsınız”,-dedim. O hər vəchlə üzünü məndən gizlətməyə çalışsa da, mən onun ətrafında həmin istiqamətdə fırlanırdım.

–Axı nə olub ki, ağlayırsınız? Evdə kim var?

Yenə də cavab yoxdur. Sanki Həsən əmi bu gün sözləri göz yaşına çevirib gözlərindən ələyirdi. Bir xeyli mən də lal-dinməz dayandım. Hərdən başımı qaldırır, Həsən əminin qan çanağına dönən gözlərinə baxır, yenə nəzərlərimi yerə dikirdim. Evdən də bir adam həyətə çıxmırdı ki, bu kişinin niyə ağladığını soruşam.

Yenidən əlimi çiyninə qoyub:

– Həsən əmi, nə olub axı?

O, cavab əvəzinə nəzərlərini sağ əlindəki baltaya endirəndə mən məsələni anladım. Həsən əmi, “ağac”, deyib bayatı çəkməyə başladı:

Əzizim, ağac əkən,

Ting salıb, ağac əkən.

Qəbrinə qurban olum,

Bağ salıb, ağac əkən.

Əzizim, sən əkmisən,

Göz nurum, sən əkmisən.

Necə kəsim indi mən,

Nə həvəslə əkmisən.

Əzizim, ağac ağlar,

Bağ ağlar, bahar ağlar.

Səni yazda görməyən,

Bahar ağlar, bar ağlar.

Əzizim, baltaya bax,

Bağa bax, baltaya bax.

Həsən, qeyrətin budur?

Əlində baltaya bax.

Əzizim, ay, bağ salan,

Tər tökübən, bağ salan,

Ə mən nə kişiyəm ki?..

Səndən bağını alan

–deyib hönkürürdü. Necə təsirləndimsə, mən də ağlamağa başladım.

Sən demə, Həsən əminin sonbeşiyi Əli möhkəm xəstələnibmiş. Buna görə də o, ərik ağacını son ümidi bilmişdi. Bir tərəfdə övladı, bir tərəfdə ata yadigarı ərik ağacı vardı. Kəssin, necə kəssin, kəsməsin, necə kəsməsin. Elə bu səbədən də ağlayırdı kişi.

Birazdan Həsən əminin səsini eşidən arvadı Gülsevər xala və yaxın qonşuların hamısı artıq həyətdə idilər. Lakin Həsən kişiyə, niyə ağlayırsan,- deyən yox idi... Çünki hər kəs eyni dərdli idi. Bu, 70 illik sovet əsarətinin son nəticəsi, qonşuluqdan kənar qonşumuzun Ermənistan ərazisindən keçən elektrik enerjisini, təbii qazı kəsərək, quru yolu bağlayaraq Naxçıvanı tamamilə blokadaya alması, günahsız insanlara yaşatdığı acı idi.

***

Naxçıvanlılar ta qədimdən ağac əkən olublar. Burada evlərdə hər uşaq dünyaya gələndə onun adına bir ağac əkilər. Həmin ağac o uşaqla bərabər böyüyər, uşaq evdən ayrılıb gedəndən sonra da ağacının meyvəsi yığılıb ona çatdırılar.

Ağac Naxçıvan üçün ata-baba yadigarı, el dəyəri, adət-ənənə, müqəddəslikdir. Zaman olub ki, su qıtlığı olub, adamlar bulaqdan vedrə ilə su daşıyıb həyətlərindəki ağacları suvarıblar, amma onları qurumağa qoymayıblar. Ağac Naxçıvan kəndlisinin ümid yeri olub. Cəvizini, badamını, ərik, tut qurusunu bazarlarda başqa ərzaq məhsullarına dəyişib qışlıq azuqəyə çevirib. İkinci Dünya Müharibəsi zamanı “böyük Vətən” uğrunda ərləri, oğulları döyüşə yollanan qadınların-ana-nənələrin, gəlinlərin namusu, həyası olub ağaclar. Onların barı ilə balalarını bir yana çıxarıblar. Bu ağaclarla yoxluq, qıtlıq illərində övladlarının gözlərini doyurublar...

Ağac Naxçıvanda hər bir evin qurür mənbəyidir. Çünki burada həyətində hər cür meyvə ağacı olmayan adama el qınağı var: “Qeyrəti olsa, həyətini boş saxlamaz, ağac əkib, barını bazara çıxarmaqla dolanışığını qurar”.

Ağac Naxçıvanda kölgəlikdir. Bu yerin insanları yayın cırhacırını ağacların altında yola verərlər. Ev köçər həyətlərə yayda. Ağac alıtına xalça, palaz, kilim açılar, yay bitənədək orada qalar: samovar bir yanında, oçaq bir yanında.

***

Səhərdən bəri Həsən kişinin həyətindəki əsas süjet xəttini sükutun təşkil etdiyi hadisənin fonunda, bir də eyni dərd ortağı olan insanların üzlərindəki çarəsizlik cizgilərində düşünürdüm bunları. Susmuşdu insanlar, danışmırdılar. Çünki onlar da həyətlərində ata-babalarının cadarlaşmış zəhmətkeş əllərilə əkdiyi, alın təri ilə suvardığı, ilk barını 5-6 tikəyə bölüb bütün ailə üzvlərinə daddırdığı ağacları kəsib sobaya qoyurdular. Hətta öz əlləri ilə əkdikləri də bu dəhşətli illərin-Naxçıvan blokadasının qurbanı olurdu. Artıq çöl-bayırın, dağ- dərənin kol-kosu, ağaç-budağı bitib tükənirdi. Ətraf bütünlüklə gövdədən kəsilib götürülmüş, torpaqdan bir qarış boy çıxarıb baltanın, mişarın köksünə vurduğu yaralardan sızlayan kötüklərlə dolu idi. Və hələ gün gələcəkdi ki, adamlar o topal kötükləri də kökdən çıxarıb xəstələrinin, uşaqlarının donub ölməməsi üçün yarım saatlıq da olsa, evlərinin istiliyinə çevirəcəkdi...

***

Gülsevər xala iki addım irəli gəldi və əlini Həsən əminin çiyninə qoyub, – Həsən, denən ki:

Ay dədə, bir bizə gəl,

Qadan alım, bizə gəl,

O sevdalı bağını,

Alır fələk, bizə gəl.

Əzizim, dövrana bax,

Günə bax, rüzgara bax.

Qoy evləri yıxılxın,

Sən də dön, onlara bax.

Bağ qalır, bağban gedir,

Bağ salır, bağdan gedir.

Gəlib xəzan yelləri,

Bağı götürüb gedir.

Əzizim, ruhlar edib,

Çoxdan xəbərdar edib.

Kəsilən bu ağaclar,

Bizdən şikayət edib.

Bu bayatılardan sonra artıq buradakı vəziyyəti ifadə etməyə söz acız qalır. Bir atanın qapısına gətirilən şəhidmi deyim, bir ananın qucağına verilən qəzaya düşüb həyatını itirmiş övladmı deyim ki, buradakı hadisənin və insanların acısını ifadə edə bilim...

Gülsevər xalanın bayatıları camaata elə sitəm etmişdi ki, heç kim Əlinin evdən çıxıb bizə yaxınlaşdığını görməmişdi. Bir də baxdıq, Əli yanımızdadır, istilikdən də yanır. Uşaq atasına:

–Ata, kəsmə, babamın əkdiyi ağacı. Mən bir təhər dözərəm.

Bu sözlər Əlinin ağzından çıxmışdı ki, Həsən əmi dizlərini yerə vurub uşağı qucaqlayıb necə hönkürdüsə, elə bil bir anda göy yerə çökdü.

Əli bir də:

–Kəsmə, ata.

Uşaq bu iki kəlmə sözü deyib huşunu itirdi. Camaat bir-birinə qarışdı. Gülsevər xala özünə əl qoydu. Əlini qonşu Rövşən əminin sınıq-salxaq maşını ilə xəstəxanaya apardılar. Biz də maşının ardınca piyada yola düşdük.

***

Xəstəxana buz kimi idi. Pəncərələrin sınıq şüşələrindən soyuq əli qılınclı düşmən kimi içəriyə girir, kəsir, doğrayır, uzaqlaşır, bir də hücuma keçirdi. Əli çarpayının üzərində taqətsiz vəziyyətdə uzanmışdı. Aradabir titrəyir, zarıyır, yenə susurdu.

İstiliksalıcı bir dərman tapdılar, lakin nə spirt, nə qaynar su, nə də pambıq tapıldı ki, bu iynəni vursunlar. Tibb bacısı axır ki, bint parçası əlində içəriyə girdi:

–Tapdığım bu oldu.

Elə onunla da uşağın dərisini silib iynəni vurdu. Bir azdan artıq Əlinin istiliyi enmişdi. Amma dayanmadan öskürürdü.

***

Günortaya yaxın Əlini elə tezdənki maşınla da evə qaytardılar. Ev o qədər soyuq idi ki, uşaq yerinə uzanıb yarım saat titrəyəndən sonra toxdadı.

Gülsevər xala maşınkasını işə salıb, çaydanı üstünə qoydu. Birazdan Əliyə çay gətirdi.

Belə soyuqdəymələrdə adama şirin çay xoş gələr. Amma şirin çay nədir, bir tikə qənd tapılırdımı? Gülsevər xala ortaya səhərdən bəri ətrafına yığışıb ağlaşdığımız kəsilməyə məhkum olan ərik ağacının quru meyvəsini yığdığı qənddanı qoydu.

Əli doğranmış ərik qurusundan biri ilə çayını içdi. Bu an içimdə bir üsyan başladı: nə üçün bu balaca bir tikə qəndə həsrət qalmalıdır? 70 il bundan yanamı neftimiz, pambığımız, digər yerüstü, yeraltı sərvətlərimiz imperiyaya qurban verildi? 70 illik köləliyin sonu budurmu? İsti, işıqlı evlər, bir qarın çörək, bir tikə qənd üçün yoxsa ömürlük tabe olmalıydıq? Bu idimi bizim 70 il “böyük Vətən”, – adlandırdığımız ölkə? Bəli, bunların ideologiyası “ya tabe ol, ya bu cür sürün” imiş.

Yəni bunu bilməyən vardımı ki, Naxçıvanın blokadasını birbaşa ittifaq planlamışdı? Düz Əlinin gözlərinin üçinə baxır, ürəyimdəki üsyanla deyirdim: Əli, iç çayını ərik qurusu ilə. Nə qədər ki, köləlik var, məhkumsan, iç. Nə qədər ki, azad deyilsən, tək şirin çaydan yox, hər şeydən məhrumsan...

Həsən kişinin Gülsevər xalaya “çöldən gülxətmi yığıb gətirmişdim, ondan dəmlə, uşaq içsin”, – deməsi isə Əli üçün öskürək dərmanının yalnız bundan ibarət olması demək idi. Şükürlər olsun yurdumuza İlahinin verdiklərinə. Gülxətmisi, çobanyastığı, kəklikotusu, boymadərəni, nanəsi, yarpızı, solmazçiçəyi, həmərsini blokadanın ağır illərində insanların harayına gəlib, dadına yetişdi, xəstələrimizin şəfası oldu. Harada idi dərman, onu almaq üçün pul?

***

Əlinin artıq istiliyi enmişdi. Çay içəndən sonra yatağında yuxulayırdı. Qonşular ikibir, üçbir dağılışırdı. Ev isə daha da soyuyurdu. Danışdıqca ağızdan çıxan və soyuğa tab gətirməyən nəfəs anən görünüb, yox olurdu.

Mən də qalxıb evə tərəf üz tutdum. Yolboyu “birazdan Əli oyanacaq. Görəsən Gülsevər xala bir şorba hazırlayıb ona içirə biləcəkdimi?.. Əli oyananda evin bu buz soyuğuna o kiçik, həm də suyuqdəymədən taqətsizləşən bədəni ilə tab gətirə biləcəkdimi?”düşüncələrilə evə çatdım. Bizim evin də Həsən əmigilin evindən heç bir fərqi yoxdu. 1990-cı ilin sonu, 1991-ci ilin əvvəlinin qışı, hər yer eyni idi: məktəblər, baxçalar, kitabxanalar, idarə, müəssisə, təşkilatlar....

***

Hazırlaşıb işə getməliydim... Evdən çıxanda balta səsinə qonşu həyətə boylandım. Həsən əmi idi, əriyin köksünə bir-birinin ardınca zərbələr endirirdi. Ağacın gövdəsindən qopan oduncaqlar ağappaq qarın üstünə səpələnir, onu çirkləndirir, bəyazlığını yox edirdi. Bu, necə də xalqımıza xəyanət edənlərin xislətinə bənzəyirdi.

Dayanıb bir xeyli tamaşa etdim. Birdən Həsən əmi məni gördü, yenə ağlayırdı... Ağır addımlarla həyətlərimiz arasındakı böyürtkən kollarının yaratdığı hasara tərəf gəldi. Mən də ona tərəf irəlilədim. Əlinin arxası ilə gözünün yaşını silib, sonra qollarını mənə göstərib dedi:

– Bu qollarımı kəsəydilər kaş, amma mənə bu ağacı kəsdirməzdilər...

***

...Həsən əmiyə bu ağacı kəsdirən həyat, onun haqsızlığı, ədalətsizliyi idi. Blokadada olan Naxçıvanın ağrılı-acılı ilk illəri idi...

Mətanət Məmmədova

əməkdar jurnalist

P.S. Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə oxuculara təqdim etdiyim bu hekayə müəllifi olduğum “Naxçıvan blokadası” ikicildliyinin birinci cildində nəşr olunub. Bir qərindən artıq blokada şəraitində yaşayan Naxçıvanda blokadanın ilk illəri insanların üzləşdiyi mənəvi əzablar, bax beləcə, onlar üçün maddi yoxluqdan daha acı idi...

Digər xəbərlər