PDF Oxu

Mədəniyyət

  • 24 705

Ah, bu uzun sevda yolu...

image

Mikayıl Müşfiqin nakam taleyinə həsr edilən, bədii rəhbəri və quruluşçu rejissoru Azər Paşa Nemətov olan iki hissəli “Ah, bu uzun sevda yolu” adlı tale dramı ilk dəfə 2018-ci ildə təqdim olunub. Mikayıl Müşfiqin 110 illik yubileyi münasibətilə bu gün Azərbaycan Dövlət Akademik Dram Teatrının afişalarında tamaşanı tez-tez görmək olur. Mayın 25-də də tamaşa nümayiş olundu. Müşfiqsevərlərdən biri kimi nakam şairin acı taleyini əsrarəngiz hisslərlə təcəssüm etdirən istedadlı aktyor truppasının təqdim etdiyi gözəl tamaşaya baxmaqda düz altı il yubansam da, lakin belə gözəl bir səhnə işinə tamaşa baxmaq nəsibim olduğu üçün özümü xoşbəxt hesab edirəm.

O, tamaşa idimi?..

Yəni buna tamaşa demək mümkün idimi? Xeyr, bu tamaşa deyildi. 1 saat 55 dəqiqə ərzində sanki 37-ci illər yenidən Bakıya gəlmişdi. Yenə o şəhər, yenə o insanlar, yenə o şeiriyyət, yenə o şeriyyətdə gizlənən gizli mənalar, məqamlar... Yenə o ev... Dilbərlə Müşfiqin eşq yuvası, səadət mənzili. Qonaqlı-qaralı ev, dövrün söz adamlarının yığışdığı, fikir mübadiləsi apardığı mənzil...

Təəssüf ki, o evdə səadəti qovan bir kölgə sürünürdü. Dilbər o kölgəni görür, lakin dilinə gətirməkdən çəkinirdi. Müşfiqdən xəbərsiz başqa bir dünyaya dalmışdı bu gənc qadın. Həm də səadəti dadmamış, xoşbəxtliyi yaşamamış... Canından artıq sevdiyi Müşfiqin üzünü könlü istəyən qədər görməmiş, nəfəsini yetərincə duymamış bu sürünən kölgə ona rahatlıq vermirdi. Çünki o, gənclərin bu səadət dolu mənzilinə düşmən kimi soxulmuşdu. Bir ayrılıq mahnısını da ahəstəcə oxuyurdu. Bu səs Dilbərin qulaqlarına hakim kəsilmişdi. Nə edirdisə, nə o kölgədən, nə də o “melodiya”dan canını qurtara bilmirdi. Ona görə də səksəkəli bir həyata qapılmışdı. Qapı döyüləndə də, telefon zəng çalanda da ondan əvvəl həmin kölgə qapıda və telefonun dəstəyində Dilbərə görünürdü...

Müşfiqsə bunu hiss etməmiş deyildi, özünü bilməzliyə vurmuşdu, Dilbər daha çox təşvişə düşməsin deyə. Çünki o kölgəni görməmək mümkün deyildi.

Mikayıl Müşfiq gəncliyinin ən gözəl çağında imperiya qullarının, əsrlərinin tələsinə tuş gəlmişdi. Onun hər bəndi, hər misrası deyil, misralarında muncuqlanan sözlərin hər birindən bir məna çıxarırdılar. Şairin qələminin mürəkkəbindən zorla yazılan sovet quruluşuna tərifli şeirlər belə onu xilas edə bilmirdi. Çünki bu şeirlərin nə üçün yazıldığını şairdən gözəl bilənlər vardı. Bu şeirlərin misralarında nələrin gizləndiyini onlar Müşfiqdən də, o dövrün bütün ziyalılarından da yaxşı anlayırdı. Odur ki, quruluşa qarşı içindən od-alov püskürən Müşfiq artıq onların nəzarətində idi. Tək Müşfiqmi?..

O ev də bayırdan ona yağı kimi baxan gözlərin nəzarətində idi. O evə gələnlər, o evdən gedənlər hər biri təqib altında idi. Onların şeirlərində sətiraltı məna axtarılırdı. Sovet imperiyasının dirəklərini qazıb yerindən çıxaracaq sözlər yerindəcə, xalqa çatmamış közə çevrilirdi. Yanırdı, yaxırdı, sonra köz olaraq ocağın bir küncündə daşlaşırdı bu sözlər...

Bir azdan o qapı son dəfə döyüləcək və həmin kölgə bu tappıltı səsi ilə sürünməkdən quzğunluğa qədər dəyişəcək və ömrünün gənclik çağında olan bir insanın nakam taleyinin başlanğıcı olacaqdı. Dilbər isə Müşfiq adlı nakam talenin qurbanlı olacaq və həyatının necə davam etməsindən asılı olmayaraq ömrünün sonunadək qəlbində bir Müşfiq çırpıntısı olacaqdı.

Döyüldü o qapı... Bir ömrə son qoymaq üçün son dəfə döyüldü. Müşfiqi aparmaq üçün döyüldü. Müşfiq getdi. Onun arxasınca Dilbəri fəryad etsə də, nə onu dinləyən, nə də reasksiya verən oldu. Elə o andan da Dilbərin qara günləri başlandı: təzyiqlər, təhdidlər, xəstəxana, həbsxana...

Müşfiq,

Gözlədim yolunu həsrət içində,

Tükəndi taqətim, neçin gəlmədin?

Şəhdi-vüsalından üzüldü əlim,

Ey dilbər afətim, neçin gəlmədin?

Gözlədim yolunu, hava qaraldı,

Bu qaranlıq hava ruhumu sardı.

Səndən qəmgin könül sevinc umardı,

Sən ey səadətim, neçin gəlmədin?,

-deyib nalə çəkərkən, Dilbər onun yoxluğundan dəli-divanə olmuşdu. Onu psixoloji sarsıntı adı ilə xəstəxanaya yatırmışdılar. Neçə gələ bilərdi?..

Nə isə... Bütün səhərdən bəri söylədiklərim “Ah, bu uzun sevda yolu” adlı tamaşada real həyata çevrilmişdi. Müşfiq-Anar Heybətov, Dilbər- Münəvvər Əliyeva, müdrik şair-Hacı İsmayılov, qadın şair-Mehriban Xanlarova və digər istedadlı aktyorlar 37-ci illəri yenidən bu şəhərə elə bir tərzdə gətirmişdilər, zal dolu tamaşaçının diqqətini elə cəlb etmişdilər ki, teatrdamı, həyatdamı olduğunun fərqinə vara bilmirdin.

Anar Heybətov nə qədər Müşfiq idi, Münəvvər Əliyeva nə qədər Dilbər idi, onların ifalarının gözəlliyi, təbiiliyi, təsirediciliyi deyərdim ki, zaldakı insanların heç birindən yan keçmədi. Gözündən yaş axmayan bir nəfər olmadı məncə. Anar Müşfiq sevdasını, sevgisini 1 saat 55 dəqiqə ərzində yenidən içimizə böyük sevgi ilə doldurdu. Üzünü görmədiyimiz 110 yaşlı Müşfiqi 27-29 yaşlarında görə bildik, onun dilindən şeirlər dinlədik. Dilbəri necə böyük məhəbbətlə sevdiyini gözümüzlə gördük:

Mən ki, bilməz idim nədir məhəbbət.
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?

Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?

Münəvvər xanım Dilbəri ötən illərdən gətirdi bu günümüzə. Dilbərin Müşfiqə olan sevgisini, bağlılığını elə bir tərzdə təqdim etdi ki, illər sonra Dilbər barədə qaranlıq fikirlərə aydınlıq gətirdi. Dilbərin sonrakı həyatının necə olacağından asılı olmayaraq Müşfiqsiz ona dünyanın qaranlıq olduğunu böyük məharətlə anlatdı. Və hər kəsin Müşfiq-Dilbər dastanına göz yaşı axıtmasını bacara bildi...

Anar bəy həbsxanada bütün cismi, ruhu ilə Müşfiq oldu. O, müstəntiq qarşısında bir başqa adam oldu: əyilmədi, qürurundan enmədi. Lakin sevdası, sevgisi, xəbərsiz qaldığı yarı üçün için-için ağladı, sızladı:

Bilməm, məni nеçin atmış, unutmuş,
Cövrü-cəfasına qurban olduğum.
Yoхsa özgəsinə üzünü tutmuş,
Yеni sеvdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gеdəndən;
Dеdilər, barışmaz, küsmüşdür səndən.
Mən iltifat еtdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.

Münəvvər xanım elə Dilbər xanım oldu ki, Dibər xanımın sonralar yazacağı bu misraları hələ Müşfiq güllələnməzdən əvvəl tamaşaçıya çatdıra bildi:

Gözlərim yoluna həsrətlə baxar,
Həsrətin qəlbimi yandırar, yaxar.
Of! Bilsən ürəyim necə darıxar,
Ay şirin dilinə qurban olduğum!

Beləliklə, “Ah, bu uzun sevda yolu”nun bütün aktyor heyəti Mikayıl Müşfiqlə bağlı anları, o illəri, hissləri, duyğuları, nifrəti, qəzəbi, kədəri yarada bildiklərinə görə tamaşaçını heyran etdilər.

Böyük anşlaqla…

İnanılmaz anşlaqla keçən tamaşanın hər iki hissəsi tamaşaçılar tərəfindın ayaq üstündə alqışlandı. Ayağa qalxmaq bizim qədim ənənələrimizdəndir. Biz həmişə böyüklərimiz evə gələndə ayağa qalxarıq. Elə zalın ayağa qalxıb aktyorları alqışladığı anda bunu xatırladım. Bəli, biz böyük şairin ayağına qalxmaqla yanaşı, həm də üzünü görmədiyimiz, səsini duymadığımız, şeirləri, nakam taleyi ilə tanıdığımız, 86 il budan əvvəl bizim azadlığımız, azad yaşamağımız, asılılıqdan, boyunduruqdan xilas olmağımız üçün sözünün qurbanı olan şairi hər cəhəti ilə günümüzə gətirən böyük aktyor truppası üçün ayağa qalxdıq. Deməli, onlar bunu haqq etmişdilər…

Daha təsirli bir son

Sonda aktyorların göstərdiyi performans isə daha təsirli idi. Nə mənada? Vurğulayım ki, 2 saata yaxın davam edən tamaşa əvvəldən axıra kimi qəm notları üzərində keçdi. Yəni, Müşfiqin həyatından xəbəri olanlar bilirlər ki, bu, başqa cür ola da bilməzdi. Sonadək ahlar, göz yaşları…

Sanki aktyor truppası bu sıxıntıdan, kədərdən tamaşaçısını xilas etmək üçün belə bir performans göstərdi. Düzdür, alqışlar onları getməyə qoymurdu, lakin onlar da tamaşaçı istəyinə görə sadəcə dayandıqları yerdı qalmadılar. Tək-tək, sonra bir neçə dəfə əl-ələ səhnədə arxaya gedib qarşıya gəlməklə, alqışlar altında bayaqdan bəri üzərimizə çökən qəmi dağıdan gözəl bir mənzərə yaratdılar.

Bir sözlə, nə biz onlardan, nə də onlar bizdən ayrıla bilmirdilər. Lakin tamaşa başa çatmışdı, bu səbəbdən də ayrılıq zamanı çatmışdı…

Və yolboyu…

Yolboyu bizdən qabaqda, arxada gedənlərin hər biri tamaşadan danışır, müzakirə aparırdı, həm də ürək dolusu, gözəl təəssüratlarla… Elə bu yerdə boş vaxtlarını sosial şəbəkələrə qurban verənlərə, mənasız asudə vaxt keçirənlərə üz tutub onları teatrlarımıza çağırmaq istəyirəm. Əziz tamaşaçılar, teatrların yaraşığı sizsiniz. Və düşünəndə ki, bu teatrlar insana nə qədər mənəv zövq verir, onlardan uzaq düşməyin. Xaricdən gətirilən müqənnilərə xərclədiyiniz pulun az bir hissəsi ilə bu kimi dəyərləri özündə əks etdirən tamaşalara baxmaq mümkündür və bunlar, bizim olanlar o konsertlərdən dəfələrlə qiymətlidir.

Teatrlar bizi gözləyir. Həm də maraqlı əsərlərlə və istedadlı, bənzərsiz aktyorlarla. Elə bu yerdə bir daha “ Ah, bu uzun sevda yolu”nun bütün yaradıcı heyətinə tamaşaçı minnətdarlığı edir, uğurlar arzulayıram. Yaradıcılıq yolunuz uzun olsun!

Mətanət Məmmədova

Digər xəbərlər