Mədəniyyət

  • 2 981

Əvvəl Lalə və Kamil, indi Şərəf və Müyəssər

image

Bu günlərdə Akademik Musiqili Teatrda Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı Əmir Pəhləvanın “Sevənlərindir dünya” adlı liberettosu iki hissəli məzhəkə olaraq tamaşaçılara təqdim edildi. Bu, dramaturqun Musiqili Teatrda səhnələşdirilən ikinci əsəridir. Bundan öncə yaradıcı kollektiv Əmir Pəhləvanın “İstədiyim yar idi” adlı liberettosunu tamaşaçılara təqdim etmişdi.

“Sevənlərindir dünya” adlı məzhəkə istedadlı gənc rejissor Elməddin Dadaşovun quruluşunda səhnəyə qoyulub. Tamaşa iki hissədən ibarətdir. İki gəncin saf, təmənnasız eşqindən bəhs edən tamaşa həm də iki xalqın mədəniyyətini, insanlarını, tarixi qardaşlıq və dostluğunu tərənnüm edir. Tamaşa boyunca həm Azərbaycanın, həm də Özbəkistanın xalq rəqsləri nümayiş etdirildi, ev səhnələrində iki xalqın qardaşlığından bəhs edən məşhur “Görüş” filmindən səslər eşitdirildi.

Quruluşçu rejissoru Elməddin Dadaşov olan məzhəkənin baletmeysteri Kamilə Əliyeva, quruluşçu rəssamı Sənan Feyzullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor asissenti Tamilla Aslanovadır. Tamaşa boyunca maraqlı video-görüntü təminatı isə Murad həsənov tərəfindən təmin edildi. Qeyd edək ki, tamaşanın premyerası ötən ilin 21-22 iyununda olub.

Tamaşanın maraqlı sujet xətti var. Bu səhnə əsəri, Özbəkistandan Azərbaycanın paytaxtına Türkdilli ölkələrin konfransına gələn, orada çıxış edən Müyəssər adlı gənc özbək qızla, konfrans iştirakçısı azərbaycanlı gənc Şərəfin ilk görüşdə bir-birinə aşiq olmaları və bu eşq üçün ailələrini razı salmağa çalışmalarından bəhs edir. Tamaşada evlənmək ərəfəsində olan, iki ayrı mədəniyyəti təmsil edən gənc qız və gənc oğlanın ailəsində nələrin baş verməsi, hansı söhbətlərin getməsi, valideynlərin və gənclərin evlilik meyarları arasındakı fərq ustalıqla səhnələşdirilib.

Rolları Emin Zeynallı, Cəlal İsayev, Nəzrin İsmayılzadə, Ayan Qurbanova, əməkdar artist Nadir Xasıyev, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Əliməmməd Novruzov, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Güldanə Əzimova, Nərminə Əliyeva, Gülnarə Əzizova, Eleanora Abbasova, əməkdar artist İqrar Salamov, Hüseyn Əlili, Cəbrayıl Cəbrayılov, Murad Əliyev ifa edirlər. Kütləvi səhnələrdə teatrın xor və balet truppası iştirak edir. Baş rol ifaçılarından başqa köməkçi rollar da olduqca məharətlə ifa edilib. Xüsusilə toy səhnəsi, qonaqlar, qonşu qızı detalları uğurlu alınıb.

Bütün tamaşaların görünən və görünməyən simaları var. Tamaşaçı adətən səhnədə gördüyü simaları tanıyır, alqışlayır. Lakin tamaşanın ərsəyə gəlməsi üçün səhnə arxasında çalışan onlarla əməkdaşın zəhməti də var. Akademik Musiqili Teatrın bədii yaradıcı heyəti, səhnənin tərtibatı, aktyorların geyim və qrimi ilə məşğul olan heyətin zəhməti də danılmazdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər