Mədəniyyət

  • 3 814

Qarabağın inciləri: Xanbağının Bülbülü

image

Məmmədov Murtuza Məşədi Rza oğlu. Bu ad sizə kimisə xatırlatdı? Yaşlı nəsil bəlkə də nəsə xatırlayar, amma orta və gənc nəsil üçün qeyri-müəyyənlik yaranacaq. Çünki biz onu Murtuza kimi deyil, Bülbül deyə tanımışıq. Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, adını xalqın verdiyi bülbül avazlı Bülbül.

“Qarabağın inciləri” silsiləsinə başlayandan bəri hər yazıda heyifsləndiyim bir məqam var ki, o da haqqında yazdığım əfsanələrlə eyni dövrdə yaşamamağım, onları canlı görə bilməməyimdir. Lent yazılarını dinlədikcə, izlədikcə o nəhəng istedadları canlı dinləyənlərin, onlarla birbaşa ünsiyyətdə olanların nə qədər şanslı olduğunu düşünürəm. Məşhur bir deyim var, bütün dahilər öz zamanının diqtəsi, mühitinin təsiri ilə yetişir. Bülbülü yetişdirən mühit də Azərbaycanın sənət ocağı, mədəniyyət ocağı Qarabağ olub. O 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.

6 uşaqlı ailə olsa da 5 uşaq rəhmətə gedir, Murtuza tək övlad olur. O hələ körpə ikən anası da dünyasını dəyişir, atası başqası ilə evlənir. Analığı körpə Murtuzaya əsl ana olur, qayğısını çəkir. Oxumaq həvəsi onda lap körpəlikdən baş qaldırır, zümzüməsini eşidən səsinə valeh olur. Bu bacarığı onu 10 yaşında ikən Şuşa mollaxanasında musiqi təhsilinə qədər aparır, 2 ilini orada musiqinin sirlərini öyrənməyə həsr edir. Bu ərəfədə ona xalq arasında bülbül kimi oxuyan, sonralar isə sadəcə Bülbül deyə xitab edirlər. 1909-cu ildə, 12 yaşında ikən Gəncəyə köçən Bülbülün məlahətli səsinin sorağı ölkənin hər tərəfinə yayılır. O, tez-tez ətraf bölgələrə, o cümlədən Tiflisə, məclislərə dəvət alır, müxtəlif konsert və tamaşalar təşkil edilir.

1912-ci ildə, Bülbülün 15 yaşı olanda o görkəmli Azərbaycan şairi Abbas Səhhətlə tanış olur. Gənc Bülbülə müəllimlik edən Abbas Səhhət bu istedadlı gəncin savadını artırmasına, ədəbiyyat və incəsənətə dair məlumatlarını dərinləşdirməsinə kömək edir. Bülbül rus dilini də Abbas Səhhətdən öyrənir, onun köməyi ilə rus mədəniyyətini, dramaturgiyasını kəşf edir. Müəlliminin sayəsində onun səs-sorağı hər yerə yayılır, ölkənin hər yerindən ziyalılar, sənət adamları onunla maraqlanmağa başlayırlar. 1920-ci ildə 23 yaşlı Bülbülü Bakıdakı Opera teatrına dəvət edirlər. Bülbül peşəkar sənət yolunda ilk addımlarını Gəncədən Bakıya doğru beləcə atır. Bakıda yaşamağa başlayan Bülbül elə həmin ildən də Opera teatrında solist kimi çıxışlarına başlayır.

Bülbül bundan sonra sənətinin peşəkar icraçısı olmaq yolunda təhsilini davam etdirir, 1921-ci ildə Konservatoriyaya daxil olur, 1927-ci ildə bitirir. Bundan sonra dövlət onu təhsilini davam etdirmək üçün İtaliyanın Milan şəhərinə göndərir. 1931-ci ilə kimi Milan Konservatoriyasında, Cüzeppe Anselmi, Delliponti və Qraninin dərslərini alaraq mükəmməl vokal təhsilibi tamamlayır. 1931-ci ilin oktyabrında İtaliyadan vətənə qayıdan gənc tenor Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. 1933-cü ildən professional tenor olaraq bütün SSRİ-yə , eləcə də xarici ölkələrə qastrol səfərlərinə çıxır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülən Bülbül 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı da olub. 1940-cı ildə konservatoriyanın professoru olur, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı, daha sonra Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilir. İki dəfə Lenin Ordeninə, iki Qırmızı Əmək Bayrağı ordeninə, Şərəf nişanı ordeninə, İtaliyanın Qaribaldi ordeninə layiq görülür.

Bu gün sevərək izlədiyimiz bir çox filmimizdə, operamızda qəhrəmanın ilk səsləndirmələri ona məxsus olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operasında Kərəmin, Müslüm Maqomayevin "Nərgiz" operasında Əlyarın, "Arşın mal alan" operettasında Əsgərin, Əfrasiyab Bədəlbəylinin "Nizami" operasında Nizaminin,"Koroğlu" operasında Koroğlunun, Niyazinin "Xosrov və Şirin" operasında Fərhadın, Qara Qarayev və Gövdət Hacıyevin "Vətən" operasında Aslanın, R.M.Qliyerin "Şahsənəm" operasında Qəribin siması, səsi olan Bülbül mükəmməl səhnə performansı, məlahətli səsi, güclü ifaçılığı ilə tamaşaların anşlaqla keçməsinə səbəb olur. Onun Azərbaycanın musiqili teatrına bəxş etdiyi unudulmaz töhfə heç nə ilə müqayisə edilməyəcək qədər böyükdür.

Bülbülün səhnə imkanları, səsi, bacarığı o qədər çeşidli və rəngarəng olub ki, o yerli sənət nümunələrindən başqa Qərbi Avropanın, rus klassiklərinin operalarını da böyük ustalıqla ifa edib. C.Verdinin "Riqoletto", İ.Bizenin "Karmen", C.Puççininin "Toska", İ.Massnenin "Verter", S.Raxmaninovun "Aleko", N.A.Rimski-Korsakovun "May gecəsi", Çileanın "Arlezianka", R.M.Qliyerin "Şahsənəm" operalarında canlandırdığı obrazlar onu bir çox ölkələrdə tanınan və tələb olunan tenor kimi məşhurlaşdırıb. Bülbül həm də Asəf Zeynallının "Ölkəm", Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarının ilk ifaçısı kimi tarixə düşüb.

Səsin diapozonu, rəngi o qədər möhtəşəm olub ki, opera ilə xalq mahnıları arasında ustalıqla səs dəyişdirə bilib. Xalq mahnılarının mahir ifaçısı olan sənətkar "Qara gözlər", "Süsən sünbül", "Çal oyna", "Yaxan düymələ", "Segah təsnifləri" kimi bir çox mahnını ubudulmaz edib. Bəlkə də Bülbül kimi bir ifaçı olmasaydı o dövrdə Azərbaycan bəstəkarlarının kamera-vokal əsərləri bu qədər məşhurlaşa, tamaşaçı rəğbəti qazana bilməzdi.

Bülbül 3 dəfə ailə qurub, birinci həyat yoldaşı Zeynəb xanımla 15 il evli qalıblar, lakin övladları olmayıb. Ayrıldıqdan 4 il sonra Zeynəb xanım dünyasını dəyişir. Tenor ikinci dəfə öz həmkarı, səhnədə tərəf müqabili, “Koroğlu” operasında Nigar obrazının ilk qadın ifaçısı olan Gülarə İsgəndərova ilə ailə qurur, 8 il birlikdə olurlar, Emin adlı bir övladları olur. 8 ildən sonra ayrılırlar və Bülbül 3-cü dəfə Adeliada adlı anası gürcü, atası azərbaycanlı xanımla evlənir. Evləndikləri vaxt onların arasındakı yaş fərqi 25 il olub. Bu evlilikdən onların 2 övladı olur, Çingiz və Polad. Bülbül dünyasını dəyişəndə Çingizin 23, Poladın isə 16 yaşı olub.

Oğlanlarından yalnız Polad atasının yolunu davam etdirib, mədəniyyətimizə və incəsənətimizə böyük töhfələri olub, uzun illər ölkəmizin Mədəniyyət naziri işləyib. O, soyadını dəyişərək atasının adını öz soyadı kimi rəsmiləşdirib. Böyükdən kiçiyə hamımızın tanıdığı Polad Bülbüloğlu həyatdadır və bu ilin avqustunadək Rusiyada səfir kimi fəaliyyət göstərirdi. Bu ilin sentyabrında keçirən parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən Milli Məclisə deputat seçildi. Çingiz Məmmədov isə daha çox dövlət strukturlarında fəaliyyət göstərib, 2020-ci ildə dünyasını dəyişib.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər