PDF Oxu

Mədəniyyət

  • 1 603

Gəlin paltarının təkamülü: bəzənik, kəfrəm… -FOTOLAR

image

Gəlinlik paltarı anlayışının ilk dəfə türk dünyasından yayıldığı iddia edilir. Orta əsr Avropasında katolik və xristian aləminin adətlərə çox bağlı qadınları adətən qapalı geyinirdilər və gəlinlik paltarı anlayışı yox idi. Evlənən qız toy üçün aldığı adi paltarda kilsəyə gedir, nikaha girirdi. İşləyən xanımlar bir qədər açıq geyinirdilər, amma onlar da gəlinlik donu barədə bir anlayışa malik deyildilər. Zamanla inkişaf edən və dəyişilən paltarlar gəlinliyin yaranması üçün stimul olur. Belə ki, gəlinin toyda seçilməsi, digər xanımlardan ayırd edilməsi üçün gəlinlər daha fərqli geyinməyə başlayır. Türk dünyasında qırmızı rəngdə olan gəlinliklər, Avropada isə ağ rəngdə gəlin paltarları seçilirdi.

Türklər tarixən adətlərinə bağlı olub, tarixin müxtəlif dövrlərində heç bir din türklüyün önünə keçə bilməyib. Türklər həmişə öz adətlərini dəyişikliyə məruz qalmaqdan qoruyublar, türkün ənənəsi həmişə müqəddəs olub. Türk adətlərinə görə, gəlin yalnız qırmızı geyinməli idi. Qırmızı rəng türk inancına qörə, müqəddəslik, bəkarət, namus və başucalığı rəmzidir. Qədim türk torpaqları olan Azərbaycanda gəlinlər bayramlarda, əziz günlərdə, toylarında qırmızı rəngdə geyinib. Çox qədimdən yaxın keçmişədək bütün gəlin geyimləri əsasən al-qırmızı rəngdə olub. Bu geyimin üzərində günəşin rəmzi olaraq sarı, saflığın rəmiz olaraq ağ naxış çalarları olardı. Toy günü başmaqlarından tutmuş duvağına qədər, xınasına qədər qırmızıya bürünən türk qızının gözəlliyini təsəvvür etdinizmi?

Qədim Azərbaycan toylarında gəlin paltarını oğlan evinin adamları hazırlayırdı. Daha dəqiq desək, toy gününə 1-2 ay qalmış oğlan anası, bacısı gəlini toya qədər bəzəməklə məşğul olurdu. Alınan hər şey qırmızı idi. Adət idi, qız toy günü başdan başa qırmızı geyinməli idi. Toy paltarı məxməri, ipək və ya zərxara parçalardan tikilirdi. Qolları yelpazə olan köynək, yaxası dar və pullu olurdu. Qurşaq hissəsindən 3 yerə- iki yandan və öndən yarıqlara ayrılan köynəyin ətəkləri də dəmir pullarla bəzədilirdi. Ətək isə olduqca geniş, üzəri əl işləməli, təbii naxışlarla zəngin olurdu.

Bu cür ətəklərə “40 taxta” və ya “40 buğum”, yaxud da “taxta tuman” deyirdilər. Köynəyin ətəkləri 40 taxta ətəyin üzərindən aşığıya doğru uzanırdı, gəlinin belini qırmızı və enli qurşaq bəzəyirdi, qurşağın üzərində gəlin yeridikcə cingildəyən dəmir pullar düzülürdü. Bəzi hallarda ailənin nəsillərdən yadigar qızıl kəməri də gəlinin belinə bağlanırdı. Qədimdə gəlinliyə “bəzənik” deyirdilər. Ayrı-ayrı bölgələrdə fərqli adlar deyənlər də vardı. Məsələn, Naxçıvanda gəlin paltarına “kəfrəm” deyirdilər.

Toylarda gəlinlərin belinə qırmızı bir qurşaq, lent bənd edilirdi. Bu lenti gəlinin belinə qardaş və ya yaxın bir oğlan qohum bağlayır. Düzdür, dövrümüzdə qızların çoxu bu adəti köhnəlmiş hesab edir və qəti şəkildə toyunda belinə qırmızı bağlamağa izin vermir. Bunun anlamının nə olduğunu bəlkə də çoxları bilmir, sadəcə, adət kimi əməl edirlər. Yaşlı nəslin nümayəndələri deyir ki, qırmızı belbağı gəlinin başucalığıdır. Belə ki, əgər ata, qardaş evdən çıxan qızın belinə qırmızı qurşaq bağlayırsa, bu o deməkdir ki, biz qızımızın namusuna, bəkarətinə və tərbiyəsinə əminik. Belinə qırmızı qurşaq bağlanaq qız ata evindən alnı açıq, üzü ağ, qürurla çıxırmış. Atanın, qardaşın bağladığı qırmızı qurşağı gəlinin belindən yalnız gələcək həyat yoldaşı aça bilər. Zamanla türk elləri istilaya məruz qaldıqca adətlər də kənar təsirə məruz qalıb. Bu mədəniyyətdə, geyimdə də özünü göstərib. Könül oxşayan qırmızı gəlinliklərin yerini insana hüzün gətirən ağ gəlinliklər alıb.

Toy gününün ən önəmli atributlarından olan gəlinlik dövrümüzdə əsasən ağ rəngdə dəbdədir. Son zamanlar demək olar ki, əksər xalqların toylarının və gəlinlərinin dəbdə olan ağ gəlinliklər XVI əsrdə yaranıb. Bu zamanlar kral ailəsinin qızları ərə gedəndə gümüşü rəng gəlinlik geyinirdi. Kraliça Viktoriya bu ənənəni pozdu və ağ gəlinlik geydi. Bundan sonra ingilis və fransız yazarlar ağ rəngi saflığın simvolu kimi təblig etdilər.

O zamanlar bəkarəti olmayan gəlinlər, ikinci dəfə ailə quranlar ağ gəlinlik geyinmirdilər. Çünki belə bir tabu var idi ki, gəlin ağ geyindisə, demək ki, o bakirədir. Elə o vaxtdan da gəlinliklə bağlı bəzi inanclar yarandı. Bunlar, gəlinin öz gəlinliyini özü tikməsi, gəlinliyi toya qədər bəyin görməməsi, gəlinliyin toydan öncə geyinilməməsi kimi inanclardır.

Orta əsrlərdə gəlinliyin rənginin önəmi yox idi, əsas olan parçanın keyfiyyəti idi. Amma qədim Misirdə gəlinlər sarı və ağ rənglərin vəhdətindən yaranmış paltar geyirdi. Yunanıstanda ağ geyinən gəlinlər bu rəngin xoşbəxtlik gətirdiyini hesab edirdilər. Çin və Hindistanda da qədimdən bəri gəlin paltarı qırmızı rəngli olub. Hindistanda “sari” adlandırılan milli geyimin toy günü də geyilməsi adətdir. Amma gündəlik saridən fərqli olaraq toy sarisi mütləq qırmızı olmalıdır və min bir bəzəklə əhatələnir. Çinli gəlinlərin toyda şans gətirdiyini düşündükləri qırmızı ətəkli uzun donlarının yerini isə zamanla ağ gəlin donları aldı.

Türk torpaqlarının ərəblər tərəfindən işğal edilməsindən və türklərə islamın qəbul etdirilməsindən sonra bir çox adət-ənənələrdə olduğu kimi toy ənənələri də dəyişikliyə məruz qaldı. Qırmızı, əl işləməli, zərxara, zəngin mədəniyyətin göstəricisi olan gəlinliklərin yerini sadə, heç bir gözəlliyi, zənginliyi olmayan ağ kətan paltarlar əvəz etdi. Türkün demək olar ki, bütün milli adət-ənənələrini qadağan edən ərəblər daha sonralar bütün adətləri özününkü kimi qələmə verdi. Ərəb toylarında türk ustaların türk qumaşlarından tikdiyi, min bir bəzək vurduğu gəlinliklər dəb oldu.

İslam adətlərinə görə, qadının toy günü bəzədilməsi normal haldır. Amma başqa dinə mənsub xalqların adətlərinə müsəlman toylarında əməl edilməsi düzgün sayılmır. İslama görə, ağ gəlin paltarları kafirlərə, yəni müsəlman olmayanlara, xüsusən də xristianlara xas idi. Müsəlman adətlərinə görə, gəlin toy günü sırf islam adətlərinə görə geyinməli, islam adətlərinə görə bəzənməlidir. Müsəlman toylarında gəlinin başına yaşıl rəngdə duvaq salınması adəti varmış, amma indi bu adət yoxdur. Danılmazdır ki, bu adət müsəlmanlara türklərdən keçib, amma türklər duvağı qırmızı rəngdə geyiniblər, ərəblər isə İslamın rəmzi olan yaşılı seçiblər. Duvağın əsas anlamı gəlinin üzünün yalnız gələcək əri tərəfindən açılması və üzgörümlülüyü verməsi idi.

İslama görə, baha qiymətə gəlinlik almaq günahdır, çünki bu gəlinlik bir dəfə geyilir və əbədi olaraq dolabın bir küncündə qalır. Ona görə toy paltarını və aksesuarlarını pulla almaq yox, kirayələmək daha yaxşıdır. Bu israfdan qaçmaq üçün olduqca yaxşı ənənədir, çünki İslam dini israfı sevmir. O dövrdə İslam dini gəlin paltarı geyməyi qəti olaraq qadağan etmirdi, ancaq ağ gəlinliyin əvəzinə dini rəngi özündə əks etdirən yaşıl duvaqlı ərəb milli geyimini geyməyi məsləhət görürdü. Ağ gəlinlik geyilsə tamamilə qapalı, bəzəksiz olmalı, cəlbedici olmamalı idi. Dini inanclara görə yad kişiləri cəlb etməmək üçün gəlinlik dar və şəffaf parçadan olmamalı idi.

Əziz günümüzdə öz tarixi gəlinliyimiz qədər zərafəti qoruyan gəlinlik seçmək olar. Dövrümüzdəki çılpaq gəlinlərlə türklərin tarixi gəlinliyini, İslamın dediyi gəlinləri müqayisə etmək nə qədər mənasızdır, elə deyil? Öz toyunda mümkün olan ən açıq gəlinliyi seçən, bütün məhrəm yerləri toydakı 300-500 qonağın gözünün önündə olan, çılpaq sinəsi, qurşağadək açıq kürəyi ilə bir gəlin nə qədər məsum görünə bilər ki? Təbiidir, hər bir qadın toy günü əsrarəngiz görünmək istər, gəlinliyi ilə göz qamaşdırmaq istər. Lakin bu gözəllik çılpaqlığın müşayiəti ilə yaradılmamalıdır, zərafət məhrəm yerlərini nümayiş etdirməyən geyimlərdə, vulqarlıq məhrəmiyyəti nümayiş etdirən geyimlərdə gizlənir çünki.

Lalə Mehralı

Digər xəbərlər