PDF Oxu

Mədəniyyət

  • 2 668

"Qisas almadan ölmə. Keçmişdən məktublar"

image
İsraildə təqdim olunan bu film Azərbaycandakı tolerantlıq mühitinin daha bir nümunəsidir

İsraildə, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində tanınmış Azərbaycan kinorejissoru, Azərbaycanın xalq artisti, milli və beynəlxalq mükafatlar laureatı Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin premyerası olub. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata əsasən, Azərbaycan, Almaniya və Gürcüstan kinematoqrafçılarının birgə istehsalı olan, "Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi" nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülən beynəlmiləl film XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərinin taleyinə həsr olunub.

Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib. Günter onu Azərbaycanı tərk etməyə məcbur etmiş satqını nəvəsi Rixardın köməyi ilə tapmaq istəyir. Amma gözlədiyinin əksi olur. Tanımadığı dünyaya düşən Rixard insan münasibətlərinin mahiyyətini həqiqi mənəvi iztirablar prizmasından anlamağa başlayır. Onda əcdadlarına səmimi sevgi və onların taleyini dərk etmək hissi yaranır. Süjet dərin əxlaqi məna daşıyır, insan həyatının hər şeyin fövqündə olduğunu göstərir.

Film tolerantlıq hissləri aşılayır. Hazırda Azərbaycanla bağlı tez-tez xatırlanan tolerantlıq, görünür, həqiqətən Azərbaycan milli xarakterinin canına hopub. Əminlik hissi ilə demək olar ki, Oqtay Mirqasımov müasir amansız dünyamızda çatışmayan mərhəmət hissi barədə film çəkib.

Filmin premyerasına İsrailin ən müxtəlif şəhərlərindən tamaşaçılar toplaşıb. İsraildə yaşayan filmin bəstəkarı Elmar Fel də premyerada iştirak edib. O, filmə yazdığı ecazkar musiqidə Azərbaycan və alman xalq motivlərindən məharətlə istifadə edib.

Filmin nümayişindən sonra Oqtay Mirqasımov tamaşaçıların bu qeyri-adi süjetli filmi çəkmək ideyasının yaranması, bir neçə ölkənin iştirakı ilə film çəkməyin çətin olub-olmaması və gələcək planları barədə suallarına cavab verib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman əsl sənət ilə görüşmək imkanına görə Oqtay Mirqasımova təşəkkür edərək, rejissora yeni yaradıcılıq uğurları, bütün ideyalarını həyata keçirməyi arzulayıb, sənətkara İsrail premyerasından xatirə olaraq milli suvenir təqdim edib.

Qeyd edək ki, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, habelə İsrailin Azərbaycandakı səfirliyi və Afula Şəhər Bələdiyyəsinin Absorbsiya İdarəsi tərəfindən təşkil edilib.

ZÜMRÜD