Mədəniyyət

  • 7 753

Nizami Gəncəvi – 880

image

Mədəni sərvətlər xəzinəsində yeri olan düha

Müasir dövrümüzdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli dəyərlərimizin daha geniş bir şəkildə təbliğinə meydan verir. Zidiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Azərbaycanın tarixi ənənələrə sahib olması onun belə dəyərlər sisteminin formalaşmasına səbəb olub.Yüzilliklər əvvəl Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarının yaradıcılığından aşılanan əxlaq, mənəvi ucalıq, fəlsəfi fikirlər, bədii-estetik görüşlər bu xalqın təməlinin möhkəm dəyərlərə bağlılığını təsdiq edir. Zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş böyük ustadlar dərin fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmişlər. Ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatının belə sayseçmə simaları kifayət qədərdir ki, dövlətimiz tərəfindən yaradıcılq nümunələri gənc nəslə aşılanır, dünya miqyasında layiqli şəkildə təbliğ edilir. Təbii ki, mədəniyyəti geniş məkana çıxarmaq, təqdim və təbliğ etmək üçün xalqın böyük sənət nümunəsi, zəngin irsinin olması vacibdir. Xalqımızın əsrlərdən səsi eşidilən Füzuli, Nəsimi, Xətai kimi onlarla böyük şairi, mütəfəkkiri var ki, onların hər biri ilə qürulanırıq və dünya bu kimi yaradıcı insanların sənət dünyasından bəhrələnirlər.Azərbaycan Prezident Cənab İlham Əliyev sərəncamları ilə böyük sənətkarların yubiley tədbirlərin keçirilməsi sənətə, mədəniyyətimizə olan ehtiramdır. 2021ci ilin "Nizami Gəncəvi İli" elan olunması bunun daha bir parlaq nümunəsidir. Nizami kimi klassiklərimizin söz dünyasından bəhrələnmək böyük bir xəzinəyə sahib olmaq deməkdir. Onun fikir dünyasından süzülüb gələn hər bir incidə böyük bir eşq, fəlsəfi fikir var. Yaradıcılıq dünyasından insan bütün dəyərləri əxz edə bilir: böyüklük, sədaqət, alicənablıq, əməyə məhəbbət, övlad-valideyn münasibəti və s. Ən kiçik bir dəyərdən ən ali dəyərə qədər insana ucalıq gətirir. Yaradıcılığının əsas ideya və mövzusunu ədalət və əmək mövzusu, dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəlləri təşkil edir. Şair ədalət və əmək haqqında fikirlərə, həqiqi dostluq kimi əxlaqi məsələlərə xüsusi ilə önəm verir. "Sirlər Xəzinəsi"ndə ədalət, əmək və əxlaq kimi dəyərləri qabardaraq, insan üçün ən gözəl zinət olduğunu göstərir. İctimai-siyasi hadisələri fəlsəfi və bədii lövhələrlə işıqlandıran şair elmi-fəlsəfi məzmunlu əsərləri ilə yüksək intelektə, düşüncəyə sahib olduğunu göstərir. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin ən gözəl nümunələridir.Təbii ki, Azərbaycan xalqına məxsus olan tolerantlıq, multikultural dəyərlər yüzillikləri özündə ehtiva etdiyindən Nizami Gəncəvi yaradıcılığında da buna rast gəlinir. Nizami Gəncəvi fəlsəfi düşüncəsinin təzahürü olan əsərlərində multikultural dəyərlərə təsadüf olunur. Belə ki, "Xəmsə" yə daxil olan "Yeddi gözəl" poemasında multikultural dəyərlər öz əksini tapır. Əsər müxtəlif xalqlara məxsus olan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi iqlimin yeddi gözəlini vəsf edən bu əsər təkcə milli ədəbiyyatımızın deyil, eləcə də bəşər ədəbiyyatının nadir nümunələrindəndir. Nizami Gəncəvinin "Yeddi gözəl" poeması xalqlar arasında qarşılıqlı anlaşmanın hər zaman olduğunu bir daha göstərmiş olur. Bu ideyalar və fikirlər dünya mədəniyyətinin ən parlaq nümunələrindəndir. Əsərdə Çin qızının, Slavyan gözəlinin, Rum qızının, Hind, Xarəzm, Məğrib gözəlinin dilindən deyilmiş hekayətlər də ayrı-ayrı xalqların taleyinin ən maraqlı anları, ibrətamiz hadisələri təqdim olunur. Nizami Gəncəvinin "Yeddi gözəl" poeması multikultural dəyərlərin insanın və cəmiyyətin mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir. Müəllif milli mənsubiyyətindən və dini inancından asılı olmayaraq bəşər övladına səmimi münasibətini ifadə etmişdir.Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər yaranır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə gətirib çıxara bilir. Nizami Gəncəvi yaradıcılığındakı bu dəyərlər bir daha göstərmiş olur ki, Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır.Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar. Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların olduğu zamanda Azərbaycan dövləti, xalqı bu dəyərlərə diqqət ayıraraq, xalqlar, millətlər arasında qarşılıqlı anlaşmanın olmasına önəm verib. Azərbaycandakı tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

sia.az

Digər xəbərlər