Akif Mirabov: “Torpaqlarımızın tam azad olmasını, xalqımıza daima firavan yaşamağı arzulayıram”.
Artistlər deyir bizə,
Bu yaxşıdı, bu da pis.
Yaxşı nədi, pis nədi?
Onu öyrədir artist!
Aktyorlardan bəhs edən bu sətirləri mən lap uşaq yaşlarımda bir şeirdən oxumuşdum. (Çox təssüf ki, müəllifin adı yadımda deyil.) Bugünki müsahibim elə məhz yaxşını pisdən ayıran çox istedadlı, əxlaqlı ustad sənətkarımız, bir çox fəxri təltiflərin sahibi Respublikanın Əməkdar artisti, Mingəçevir Dövlət Dram teatrının sabiq aparıcı aktyoru və bu gün təqaüddə olan Akif Əhməd oğlu Mirabovdur. Düzünü desəm aktyorlar üçün deyilən bu “sabiq” sözündən heç xoşum gəlmir. Ümumiyyətlə, bu sözün, bu ifadənin yarıdıcı şəxslərə deyilməsini və onlara tətbiq olunmasının tam əlehinəyəm. Çünki uzun illərdir ortaya atılan “Yaş senzi” oyunu aktyora, teatr işçisinə şamil olunmamalıdır. Yaradıcı insan daima öz yaradıcılığı ilə məşğul olmalıdır. Nə qədər ki, fiziki durumu buna imkan verir, bu məncə belə olmalıdır. Respublikanın bütün dövlət teatrlarında təqaüdə çıxan aktyorların çoxu hələ də işləyirlər və gənc nəsilə də örnəkdirlər. Amma çox təəssüf ki, əyalət teatrlarında belə deyil. Hansı ki, bu teatrların peşəkar aktyorlara çox böyük ehtiyacı var. Eləcə də bizim Mingəçevir Dövlət Dram Teatrında belə ustad sənətkarlara təkcə kollektivin yox, həm də tamaşaçıların böyük ehtiyacı var. Şəxsən bizim Mingəçevir Dövlət Dram Teatrında cəmi 4 nəfər ali təhsilli aktyor var. Əslində teatrın bütün truppası ali təhsilli olmalıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirənlər əyalət teatrlarına işləməyə gəlmək istəmirlər. Bu da istər-istəməz sənəti cırlaşdırır.
Amma yaxşı ki, bizim teatrda gənc aktyorlar üçün bir örnək olan Akif Mirabov kimi gözəl sənətkar var. Çox təəssüf ki, “yaş senzi” oyunu Mədəniyyət Nazirliyi tərəfindən ona da tətbiq olunub. Mən çoxminli oxucuları bir daha Akif Mirabovla daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində doğulub.1965-ci ildə Xalq teatrında, 1968-ci ildən isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi işə başlayıb. Orta təhsilini də 6 saylı məktəbdə alıb. O, 1968-ci ildən- 2017- ci ilədək teatrda aktyor işləyib. Bu müddət ərzində irili –xırdalı 150- dən çox obraz yaradıb, əksəriyyəti də baş rollardır. Akif Mirabov üçün rolun böyüyü kiçiyi olmur. Bütün obrazları həvəslə seçib, ustalıqla yaradıb. Dövlətimiz də onun bu xidmətini yüksək qiymətləndirib. 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2013- cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu və bir çox fəxri fərmanlarla təltif olunub. Ailəlidir. İki övladı var.
Mən uzun illərdi ki, Akif Mirabovla birgə işləyirəm. Onu lap yaxından tanıyıram. Yazımın əvvəlində ustad aktyor üçün əxlaqlı sözünü də yazmışam. Bəli, sözün əsl mənasında bu belədir. Akif Mirabov çox əxlaqlı, qürurlu və təvəzökar bir şəxsiyyətdir. O, öz ailəsinə, övladlarına bağlı bir insandır. Heç kimdən heç nə unmayıb. Ad –sanından, ona olan hörmət və izzətdən sui istifadə etməyib. Bax, Akif Mirabovu həmişə belə tanımışam. Mən Akif Mirabov üçün yazdığım qısa arayışda iki övladı var yazmışam. Bəli, iki övladı var, ancaq biri şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı Rəşad Akif oğlu Mirabov bütün Azərbaycan, ümumilikdə türk dünyası üçün yaşayır və yaşayacaqdır! Rəşad Mirabov 1995-ci ildə şəhidlik zirvəsinə ucalıb. Hal-hazırda Mingəçevirdəki 7 saylı orta məktəb şəhidimizin adını daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların yaxınlarına, əzizlərinə, övladlarına can sağlığı versin. Sən də sevimli aktyorumuz başını dik tut! Həmişə olduğu kimi qürurlu ol, həmişə qürurunu necə qoruyub saxlamısansa elə də saxla. Bax, beləcə əziz oxuyucularımız mən istərdim ki, sizləri ustad aktyorumuz Akif Mirabovla bu müsahibəmdə qismən də olsa onun yaradıcılığı, həyata baxışı ilə tanış edim.
-Akif müəllim salam, istərdim ki, elə söhbətimizə ənənəvi sualla başlayım. Necə oldu ki, bu sahəni seçdiniz, aktyor oldunuz?
-Salam. Mən sizə deyim ki, bu sahəni elə lap orta məktəb illərindən sevmişəm. Uşaq vaxtlarımdan o vaxtki, pionerlər evində dram dərnəyinə getmişəm. Sonralar Mədəniyyət Sarayındakı Xalq teatrlarına çağrılmışam. Xalq teatrı da elə indiki bu binada yerləşirdi. Xalq teatrının çox rəngarəng repertuarı və bir çox istedadlı aktyorları vardı. Bizim hazırladığımız tamaşalar mərkəzin - Bakının da diqqətini özünə cəlb etmişdi. Elə bu səbəbdən də bizim teatra 1969- cu ildə Dövlət Teatr statusu verildi. Bir sözlə, indiki Mingəçevir Dövlət Dram Teatrımız Xalq teatrının bazasında yaradılıb. Xalq teatrında fəaliyyət göstərən bəzi istedadlıları da Dövlət Teatrında işləməyə dəvət etdilər. Sonralar institutdan ali təhsilli aktyorlar, rejissorlar təyinatla gəlib bizimlə birgə işlədilər. Bax, beləcə teatr formalaşdı və məşhurlaşdı. Çox gözəl günlərimiz, maraqlı tamaşalarımız olub... Yüksək səviyyəli tamaşalar, çox istedadlı truppa, teatrı dərindən bilən və sevən rəhbərlik olub (köks ötürür və təhsüflənir). Əfsus ki, bu gün ali təhsilli aktyorlar rayon teatrlarına işləməyə gəlmək istəmirlər. Əyalət teatrlarında əsasən teatrın nəzdində olan teatr-studiyanı bitirən istetadlı gənclər çalışır. Yaxşı olardı ki, Dövlət Mədəniyyət və İncəsənət Universiteti onlar üçün ali təhsil ocağında kurs təşkil eləsin və bu gənclər də gedib orada dərs deyən ustad pedaqoqlardan dərs alsınlar. Bu, işin çox xeyrinə olardı. Onda əyalət teatrlarında peşəkarlıq artardı.
- Bu, yaxşı fikirdir. Gərək Mədəniyyət və İncəsənət Universiteti bu haqda ciddi fikirləşsin. Amma nədən belə köks ötürdünüz, özüdə lap dərindən?
-Hər bir insanda nastorolji hisslər var, yaxşı və ya pis.Yaxşı hisslərlə yaşayanda xoş xəyallara dalırsan. Keçən o işküzar mehriban enerjili günləri bir daha xatırlayıb o günləri təkrar yaşamaq istəyirsən.Təbii ki, bu günləri bir daha yaşamaq mümkün deyil. Neqativ, pis hissləri isə qəlbindən birdəfəlik kənarlaşdırmaq da mümkün deyil.
-Geriyə baxanda nə düşünürsünüz? Gələcək Azərbaycan teatrını necə görmək istəyirsiniz?
-Deyərdim ki, elə bu əvvəlki sualınızın davamındır. Geriyə baxanda gərgin yaradıcılıq işləri, möhtəşəm tamaşalar, maraqlı qastrol səfərləri, gur tamaşaçı alqışları, tələbkar tamaşaçılar və ən nəhayət çox mehriban, istedadlı aktyor truppası, üstəgəl dramaturgiyanı dərindən bilən, öz dəsti- xətti olan rejissorlar vardı o zamanlar. İndiki və gələcək teatrı da belə görmək istərdim.
-Demək istəyirsiniz ki, indiki teatrlar belə deyil?
-Bir mənalı deyərdim ki, əsla yox. Belə deyil!
-Xahiş edirəm bir az ətraflı açıqlayasınız?
-Bilirsiniz teatrda işləmək üçün birinci növbədə teatrı dərindən sevmək lazımdır. Sözün yaxşı mənasında gərək teatrın fanatı olasan. Fərq eləməz texniki heyyət və ya yaradıcı heyyət.Teatrı sevməkdən əvvəl bu sahəni də dərindən bilməlisən. Bu bilgi və sevgi teatr rəhbərliyindən tutmuş texniki heyyətə, teatr fəhləsinə qədər hamısında olmalıdır. Necə ki, böyük teatr islahatçısı Kostantin Sergeyeviç Stanslaviskinin belə bir maraqlı kəlamı var: “Teatra sevgi asılqandan başlayır”. Amma bu segi indi hamıda varmı? Mən bu sevgi və bilgini bir neçə aktyorları çıxmaq şərti ilə heç birində görmürəm. Məhz buna görə də teatrlarımız və burada çalışanlar cılzlaşıb.
-Siz demək istəyirsiniz ki, teatrın gələcək inkişafından istedadlı aktyor truppasıdan ümidimizi tamam üzək?
-Mən hələ ki, belə demək istəmirəm, çıxış yolu hər bir sahədə olduğu kimi teatrlarda da var. İlk öncə repertuara diqqət etmək lazımdır.Yaxşı repertuar seçmək, tez-tez yaradıcılıq müşavirləri keçirmək, çıxış yolları axtarmaq lazımdır. Mədəniyyət və İncəsənət Universiteti ilə lap şəhər rəhbərliyi səviyyəsində əlaqələr qurmaq, müqavilə ilə teatra təhsil görmüş, təcrübə keçmiş aktyorlar dəvət etmək lazımdır. İşsizliyin tüğyan etdiyi bir vaxtda yoldan keçən təsadüfi bir adam da gəlir aktyor olur. Yəni işsiz qalmasın deyə gəlib teatrda aktyor truppasına işə düzəlir. Əvvəl dediyim kimi beləsinə teatrı sevdirmək olarmı? Ona teatr bilgisi, dramaturgiya nədir öyrətmək olarmı? Əlbəttə ki, yox! Amma əslində ali təhsilli aktyor işə qəbul olanda bilirsən ki, bunun təcrübəsi və təhsili var. Amm işsizlik ucbatından gəlirsə onda rejissorun və bir neçə peşəkar aktyorun iştirakı ilə onun bu sahədə olan qabiliyyətinə baxış keçirilməlidir. Bir növ buna sınaq imtahanı da demək olar. Bir sözlə belə deyək ki, aktyor qəbulu rejissorun başçılığı ilə həyata keçirilməlidir. Əgər tələffüzü, danışığı, səhnə baxımı, səhnə görünüşü yerindədirsə buyursun. Bu gələcək aktyorun ilkin işartılarıdır. Onda gələcək fəaliyyəti tərəf müqabilləri və rejissorun köməyi ilə püxtələşəcək və peşəkarlığa doğru ilkin addımlarını atacaq. Sənətin də dərindən sevsə inandırıram ki, bu lap müsbət nəticə verəcək. Siz özünüz də yaxşı bilirsiniz ki, istedad tək təhsildən ibarət deyil. İstedad Allah vergisidir. Öz təcrübəmdə ali təhsilli aktyorlarla da işləmişəm. Onlar səhnənin xəlbirindən keçə bilməyib, başqa iş dalınca gediblər.
-Akif müəllim bir mənalı desək teatr rejissor teatrı olmalıdır ki, orada sağlam truppa olsun və gərgin yaradıcılıq işləri davamlı formada getsin. Siz bu haqda nə deyə bilərsiniz?
-Bəli necə ki, Azərbaycan teatr tarixinə baxanda bu belə olub. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov teatrı, məktəbi deyiblər. Sonradan bu estafet digərlərinə ötürülüb və bunlarında öz dəsti- xətləri olub. Digərlərindən yaxşı mənada fərqləniblər. Buna misal olaraq mərhum Vaqif İbrahimoğlunun “Yuğ”, Hüseynağa Atakişiyevin Dövlət Gənclər Teatrını, Bəxtiyar Xanızadənin “Pantamimo”, Amaliya Pənahovanın “Bələdiyyə” teatrını və sairələrini misal göstərmək olar. Bu teatrlar zaman- zaman məhşurlaşıb. Heç bir yaradıcılıq, nə də ki, aktyor problemləri olmayıb, həmişə inkişafda olublar və olurlarda. Qeyd etdiyim sənətkarlardan Bəxtiyar Xanızadədən başqa hamısı dünyasını dəyişib. Amma o möhtəşəm ənənə hələ də yaşamaqdadır. Əfsus ki, Hüseynağa Atakişiyevin Dövlət Gənclər Teatrını Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirməklə keçmiş Mədəniyyət Nazirliyi çox böyük səhv elədi. Bu möhtəşəmlik, bizdə, Mingəçevirdə də belə ola bilərdi. Yəni bu gün Mingəçevir Dövlət Dram Teatrı da respublikada ən üzdə olan teatrlardan biri ola bilərdi. Respublikanın Xalq artisti, Azərbaycan sənətçiləri tərəfindən yaxşı tanınan Zülfüqar Abbasov çox təcrübəli istedadlı bir rejissordur. O, Mingəçevir Dövlət Dram Teatrının qurucularındandır. Əfsus ki, ona qarşı da bir vaxtlar çox böyük haqsızlıq oldu və onu teatrdan işdən çıxardılar. Siz əvvəl mənə sual verdiniz geriyə baxanda nəyi görmək istərdiniz? Davamı olaraq mən sizə bir də cavab verirəm. Mən bax, o Zülfüqar Abbasovun yaratdığı truppanı, onun dövründə hazırlanan monomental tamaşaları görmək istəyərdim. Bu gün Zülfüqar Abbaovda təqaüddədir. Yuxarıdakıların acığınıza gəlsə də deyəcəm. O da “sabiqlər” sırasındadır. Amma buna baxmayaraq Zülfüqar müəllimin fiziki durumu hələ də işləməyə imkan verir. Mütailəsindən də qalmır. Həmişə olduğu kimi bu gün bu yaşında da oxuyur, keçmiş bilik dairəsini bir daha genişləndirir. Özü də Zülfüqar Abbasov kənarda deyil Mingəçevirdədir. Mən demirəm ki, kənardan rejissor dəvət etməyək. Edək. Bu da yaxşıdır.Teatrın yaradıcılıq taktikası qoy rəngarəng olsun. Amma Zülfüqar Abbasov burdadır axı. O teatrın bu günündə teatra çox lazımdır. Heç olmasa əvvəl dediyim kimi özü qoyduğu ənənə artıq dağılıb getməkdədir. Heç olmasa teatrın keçmiş dəsti-xəttini bərpa edə bilər. Mən inanıram ki, o cuzi qonarara da razılaşıb tamaşa qoya bilər. Ona görə ki, bu teatrı ilk yaradanlardandır. Bu da yalnız və yalnız teatrın xeyrinə ola bilər. Bax, bunun kimilər istəmir? Zülfüqar Abbasov kimlərə mane olur? Bunu heç cürə başa düşə bilmirəm.
-Siz təqaüdə çıxanda təklif etmədilər ki, heç olmasa müqavilə əsasında qalıb işləyəsiniz?
-Xeyir truppa müdirinə direktor dedi ki, ona deyin ki sabahdan təqaüddədir. Bəli o zaman direktor belə demişdi. Yəqin ona da yuxarıdan, Mədəniyyət Nazirliyindən belə demişdilər. Mən işlədiyim son illərdə 4 il Prezident mükafatı almışam. Fəxri ad, “Tərqqi” medalı, Prezident diplomu, fəxri fərmanlar, dövətimizin başçısı mərhum ulu öndərimiz Heydər Əliyev və sonradan onun varisi cənab prezidentimiz İlham Əliyev mənim sənətimə yüksək dəyər verib. Bütün bunlar da mənim daha da yaxşı işləməyimə ruh-rəvac veriblər. Amma böyük yaradıcılıq potensialımın olduğu vaxtda, teatra hələ lazım olduğum vaxtda “yaş senzi” oyunu ilə işdən uzaqlaşdırılmağım, əlbəttə, bir yaradıcı insan kimi mənə çox pis təsir elədi.
-Akif müəllim mən yaxşı bilirəm ki, siz kollektivdə, şəhər ictimayətində çox sevilən, çox hörmətlə qarşılanan bir şəxsiniz. Heç kimdən heç nə ummayan bir sənətçisiniz. Yenə qismən də olsa umacağınız nə isə bir şey varmı?
-Mən bu yaşıma qədər heç kimdən heç nə ummamışam. Siz özünüz də yaxşı bilirsiniz ki, ulu öndərimiz Heydər Əliyev o vaxtlar hər il biz şəhid valideynlərini qəbul edirdi. Bu qəbul Respublika televiziyaları ilə də nümaiş etdirilirdi. Onda bizim arzu, istəklərimizi soruşurdu mən onda da heç nə ummamışam. Bu danılmaz faktır. Özü də o bunu bir dəfə demirdi. Dahi rəhbər hər il bu qaydada bizi qəbul edirdi. Hər ildə də arzu, istəklərimizi çox təkidlə soruşurdu. Allah ona rəhmət eləsin. Umacağım yalnız bir şey var. Torpaqlarımızın tam azad olmasını və xalqımızın firavan yaşamasını istəyirəm. Elə 44 günlük Vətən müharibəsindəki qələbəmiz, hər bir azərbaycanlının baş tacıdır. Bir dəfə də məni o zamanki Mədəniyyət naziri Əbülfəs Qarayev qəbul etmişdi. Onda nazir Əbülfəs Qarayev mənə teatrda direktor olmağı təklif etdi. (Nahidə xanım İsmayılzadə də orada idi, o vaxtlar Nazirlikdə işləyirdi. İndiki Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru.) Mən razılaşmadım. Cavabım da belə olmuşdu: “ Aktyor, öz yaradıcılğı ilə məşğul olsa yaxşıdır”.
-Çox rejissor və aktyorlarla işləmisiz. Onların iş üslubu, xoşunuza gələn tərəf müqabili kimi kimləri yaxşı xatırlayırsınız?
-Vallah bunlar çoxdur, çoxları da dünyasını dəyişib. Neptun Tağıyev, Qasım Qasımov, Ərşad Qoçəliyev, Şirəli İlyasov, İsa Əlimov. Allah onlara rəhmət eləsin.Təvəkkül Əhmədov, Şıxı Yaqubov, Aliyə Mikayılova, Ella Yaqubova. Bunlar mənim sevimli tərəf müqabillərim olub.Tanınmış pedaqoq , rejissor mərhum Nəsir Sadıqzadə 1969-cu illərdə bizdə Əziz Nesinin “Toros canavarı” pyesini Azərbaycanda ilk dəfə məhz bizim teatrın səhnəsində qoymuşdu. Azərbaycanın Xalq artisti Vaqif Əsədov, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov. Belə rejissorlar çox olub. Bir sözlə sadalamaqla çox vaxt aparırıq. Çox istedadlı və maraqlı rejissorlarla işləmişik. Amma mütamadi olaraq Respublikanın Xalq artisti Zülfüqar Abbasovla çox işləmişəm. Səhnədəki bütün fəaliyyətimə və uğurlarıma görə mən məhz Zülfüqar Abbasova çox minnətdaram.
-Hələ ki, bir quruluşçu rejissorumuz var Cavid Əhmədov. Onun hazırladığı tamaşalar haqqında nə deyərdiniz?
-Düzünü desəm heç bir tamaşasına baxmamışam. Birdəki, o gələn gündən pandemiya ilə əlaqədar teatr işləməyib. İnşallah baxaram. Amma Cavid Əhmədovu televiziya rejissoru kimi yaxşı tanıyıram.Televiziya işlərinə baxmışam. Hamısı xoşum gəlib. Hətta onun çəkdiyi “Kür nəğmə” serialında da əsas rollardan birini ifa etmişəm. Həm də Cavid demək olar ki, teatrda böyüyüb. Atası Təvəkkül Əhmədov uzun müddət teatrımızın aparıcı aktyoru olub, indi təqaüddədir.Ümid edirəm ki, yaxşı olar. Əvvəl dediyim kimi teatrın truppasının əksəriyyəti gənclərdir.Təzə direktor təyin olunan Anar Quliyev də gənc və enerjilidir. Teatr işini də çox sevir. Bu çox yaxşı haldır. Onlar- Cavid Əhmədov və Anar Quliyev gənclərin potensialından səmərəli istifadə edib, yaxşı tamaşalar ortaya çıxara bilərlər. Hər bir işi mütəmadi və ancaq səmərəli iş sayəsində əldə etmək olar.Ümid edirəm ki, belə də olacaq. Bədbin olmaq lazım deyil. Amma Zülfüqar Abbasovun təcrübəsindən də istifadə etsələr daha yaxşı olar. Bu, işin xeyrinə olar.
-Sizi 2019-cu ilin sentyabrında Respublikanın Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşasına dəvət etdi və siz orada iki rol- Əngəl Əvəz və Müəllif obrazlarını yüksək peşəkarlıqla yaratmaqla çox gözəl aktyor oyunu nümayiş etdirdiniz. Bu haqda nə deyə bilərsiniz?
-Bəli, maraqlı yazıçı, rejissor, publisist, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu məni Qənbər Şəmşiroğlunun “Caninin ehtirafı” pyesində Müəllif və Əngəl Əvəz rollarına dəvət etdi. Həmkarım və dostum Təvəkkül Əhmədovla birlikdə Müəllif rolunu ifa etdik. Əməkdar artist Şıxı Yavubovla isə Əngəl Əvəz rolunu yaratdıq. Buna qədər mən və bir çox həmkarlarım Ağalar müəllimi qiyabi tanıyırdıq. Onun Ağdam və Sumqayıt teatrlarında uzun müddət uğurlu direktor və bədii rəhbər, quruluşçu rejissor olmağı barədə məlumatımız vardı. Onun 1990-cı illərdə yazmış olduğu “Məhkəmədən əvvəl məhkəmə” pyesinə bizim teatrda istedadlı aktyor-rejissor İldırım Cabbar da maraqlı quruluş vermişdi. Çox yaxşı tamaşa alınmışdı.
Ağalar İdrisoğlu ilə işləmək mənə xüsusi zövq verdi. O, çox işlək və son dərəcə də öz sənətini sevən bir insandır. Öz işindən heç yorulmur . Aktyorları çox sevir. Dedi- qodudan kənar insandır. O, birinci gündən aktyorları tamaşanın uğur qazanacağına inandırır. Ümumiyyətlə , o, truppada hər şeyin uğurlu olacağına hamını inandıra bildi. Və əksər hallarda buna nail də oldu. Çox qısa müddətdə o, hamının sevimlisinə, doğmasına çevrilə bildi. O, təkcə məni yox, təqaüdə çıxmış bir neçə aktyoru- Təvəkkül Əhmədovu, Nəsibxan Əliyevi dəvət edib, onlara da rol tapşırdı. Özü də israrla deyirdi ki, “aktyor təqaüddə evdə yox səhnədə olmalıdır”. O, bizə beləcə ruh, böyük sevgi verdi. Məncə əsl teatr adamı belə olmalıdır. Özünü, vəzifəsini yox, səhnəni, səhnəyə xidmət edənləri sevməlidir. Bu hər bir teatr rəhbərliyinin də vətəndaşlıq borcu olmalıdır. Çünki Ağalar İdrisoğlu əsl sənət adamıdır.
-Ağalar İdrisoğlunun hazırladığı tamaşa necə qarşılandı?
-Çox yaxşı və çox uğurlu tamaşa alınmışdır. Ağalar müəllim dediyi kimi də elədi. Biz “Caninin etirafı” tamaşa ilə Bakıda, Gəncədə, Tərtərdə qastrol səfərlərində olduq, çox yaxşı qarşılandıq. Sonralar bu bədnam pandemiya xəstəliyi başlandı. Qastrollarımız yarımçıq qaldı. İnşallah bundan sonra yaxşı olar. Yəqin ki, qastrollarımız davam edəcək. Hətta Ağalar İdrisoğlunun böyük təşəbbüsü və təşkilatçılığı ilə Qənbər Şəmşiroğlunun “Caninin etirafı” pyesi, tamaşa haqqında çap olunan resenziyalar, tamaşadan şəkillər artıq kitab kimi çap olunub. Bu, Azərbaycan teatr tarixində ilk işdir. Bu vaxta qədər belə formada, bu məzmunda kitab heç vaxt çap olunmayıb.
-İnşallah biz sizi həmişə gümrah, sağlam və səhnədə görmək istəyirik. Çünki, kollektivimizin əksəriyyəti gənclərdi, siz isə onalara örnəksiniz. Allah sizləri qorusun! Sonda nə demək istəyirdiz?
-Haqqımda dediyiniz xoş sözlər üçün sizə və redaksiyanıza, sizin simanızda bütün işçilərinizə minnətdarlığımı bildirirəm. Ona görə ki, fəaliyyətimizi mütəmadi olaraq işıqlandırırsız. Çox sağ olun. Bir daha deyirəm. Arzum budur ki, “torpaqlarımız tam azadlığı çıxsın. Tezliklə üçrəngli bayrağımızı, Xankəndinə, Xocalıya da sancaq. Xalqımıza isə daima firavan yaşamağını arzulayıram”.
Qabil İBRAHİMLİ,
Aktyor-jurnalist
P.S. Ümid edirəm ki, bundan sonra təqaüddə olan və fiziki durumu hələ də işləməyə imkan verən bəzi aktyorlarımız hazırlanan tamaşalara heç olmasa müqavilələr əsasında dəvətlər alacaqlar. Belə dəvətlər də teatra ancaq uğur gətirəcək. Necə ki, Ağalar İdrisoğlunun quruluş verdiyi Qənbər Şəmşiroğlunun (səhnələşdirənləri Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Caninin etirafı” tamaşası böyük uğur gətirdi. Bax bu, canlı sübutdur.