Mədəniyyət

  • 10 782

Şəkidən ev sahibliyi

image

İyulun 7-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.

SİA xəbər verir ki, festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib.Açılış mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2010-cu ildən başlayaraq hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb. “Təəssüf ki, pandemiya səbəbindən biz iki il bu festivalı keçirə bilmədik. Şükürlər olsun ki, hər şey arxada qaldı. Hər ilin yayında şəhərimizdə keçirilən və artıq ənənə halını alan “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalını bu il yenidən qeyd edirik.

Həmişə olduğu kimi bu il də festivalda tanınmış musiqi kollektivləri iştirak edirlər. Şəhərimizin sakinləri və qonaqlar yenə də gözəl bir musiqi bayramının şahidi olacaqlar”, - deyə icra hakimiyyətinin başçısı vurğulayıb.Elxan Usubov bildirib ki, “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının açılışı əlamətdar bir hadisə ilə başlayıB. İyulun 7-də Şəki sakinləri böyük təntənə ilə “Şəhər Günü”nü bayram ediblər. 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, ölkəmizin mədəni həyatında çox böyük hadisədir. Vurğulanıb ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Festivalın açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadovdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, dünya xalqlarının mahnı və rəqsləri ifa olunub.Festival çərçivəsində iyulun 8-də günorta saatlarında Şəki şəhər Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının konserti olacaq.

Digər xəbərlər