İqtisadiyyat

  • 2 857

Kənd turizminin istifadə edilməyən potensialı - ANALİZ

image

Gürcüstan 2023-cü ildə turizmdən 4 milyard dollardan çox gəlir əldə edib, Azərbaycanda isə quru sərhədlərin bağlı olması turizmdən gələn gəlirlərin kəskin azalmasına səbəb olub

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün klaster yanaşma məqbul sayılır. Klaster yanaşma zamanı yüksək potensialı olan və perspektivi aydın görünən bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür. Ölkəmizdə yüksək potensial və perspektivləri olan sahələrdən biri də kənd təruzmi və ekoturizm sektorudur.

Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Nəqliyyat xidmətlərinin, yolların və s. infrastrukturun inkişafı turizmin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.

Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.

Bütün bunlarla yanaşı, son illər, regionlarda beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, bir çox yolların yenidən qurulması və rayonlarda yeni yol çəkilişləri bu sahəyə verilən ən gözəl töhfədir.

Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensıal imkanlar mövcuddur.

Hər bir ölkədə, xüsusilə də əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.

Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .

Aydındır ki, kənd turizm mərkəzləri əsasən Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və s. rayonların ərazisində yerləşir. Lakin Tovuz, Şərur, Gədəbəy, Ordubad, Daşkəsən, Zaqatala, Lerik, Yardımlı, Qax, Lənkəran, Balakən, Neftçala və s. rayonlarda da böyük potensial var.

Daxili turistlərin ölkənin özündə turizmə cəlb edilməsi üçün mövcud potensialdan hələ də tam istifadə oluna bilmir. Əgər kənd turizmi inkişaf etdirilsə, xarici ölkələrə üz tutan turistlərin çoxu öz ölkəmizdə turizmdən istifadə edər.

Bu sektorda mövcud potensialdan səmərəli istifadə olunsa, ölkəmiz bu sahədən daha artıq gəlirlər əldə edər. Ona görə də, turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi inkişaf etdirilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durmalıdır.

Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istaifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.

Azərbaycanda 2020-ci ilədək ölkəmizə 3 milyona yaxın turist gəlirdi. Gəlir 4,3 milyard dollar təşkil edirdi. Lakin 2020-ci ildə baş verən pandemiya bu sahəyə çox ciddi zərər vurdu. Ölkəmizin turizmdən gələn gəlirləri dəfələrlə azaldı.

Gürcüstan 2023-cü ildə turizmdən rekord həddə- 4,1 milyard dollar gəlir əldə edib. Azərbaycanın bundan daha çoxunu əldə etmək imkanı var. Lakin son 4 ildə quru sərhədlərinin bağlı qalması turizmin inkişafına xeyli zərər vurur. Ötən il turizmdən cəmi 1,4 milyard gəlir əldə edilib. Onun da çoxu daxili turistlərin hesabınadır.

Turizm məkanlarında qiymətlərin yüksəkliyi və xidmətlərin zəifliyi daxili turistlərin narazılığına səbəb olur və onların bir çox xarici ölkələrə üz tutur. Əgər bu problemlər aradan qaldırılsa, kənd turizminin inkişafına daha çox diqqət göstərilsə, qısa müddətdə bu sahədə böyük irəliləyiş əldə olunar. Nəticədə həm əhalinin, həm də dövlət büdcəsinin gəlirləri artar, ölkədən valyuta çıxışı azalar, ölkəyə valyuta axını çoxalar, bu, həm də məşğulluq probleminin həllinə böyük töhfə olar. Üstəlik, bu sahənin inkişafı dolayı yolla digər sahələrin də inkişafına təkan verər, regionlarda iqtisadi dövriyyəni artırar.

Kənd turizminin inkişafı özünüməşğulluğun artması və yüz minlərlə insanın özünü işlə təmin edərək gəlir əldə etməsi deməkdir. Dolayı yolla bu bir çox sahələrdə faydalıdır. Ona görə də bu istiqamətdə artıq ciddi işlərin həyata keçirilməsi vacibdir.

Elçin Bayramlı

Digər xəbərlər