Dünyada enerjiyə tələbat artdıqca vəziyyət gərginləşir. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək dünyada enerjiyə olan tələbat 53% artacaq.
Sürətli istismar nəticəsində dünyada neft, qaz, kömür və s bu kimi ənənəvi enerji ehtiyatları tükənmək üzrədir. Bunun əsrin 2-ci yarısında baş verəcəyi haqda ciddi elmi proqnozlar var. Mütəxəssisin qənaətincə, bu kimi proqnozlar yaxın gələcəkdə ənənəvi enerji mənbələrinə təzyiqin necə artacağını və resursların kifayət etməyəcəyini göstərməklə yanaşı, həm də alternativ enerjinin vacibliyini və perspektivini göstərir. Üstəlik, ənənəvi enerji xammalları ekologiyaya da böyük zərər vurur. Dünya energetikasının hələ də böyük hissəsini kömür təşkil edir, sonrakı yerləri neft, qaz, atom enerjisi tutur ki, bunların hamısı təbiətə ciddi zərər vurur. Həm də çox baha başa gəlir.
Məhz bu səbəbdən inkişaf etmiş dövlətlər alternativ enerji mənbələrindən istifadəni artırmaqla ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa çalışırlar. Bu sahə digərləri kimi tükənən xammala əsaslanmır, daimi, tükənməz ehtiyatlardan istifadəni ehtiva edir. Üstəlik, bu ekologiyaya zərər vurmayan, təbiəti qoruyan, əlavə istehsal vasitələri, hər il yeni xərclər tələb etməyən sahədir.
Dünya üzrə bu sektora ildə 500 milyard avrodan çox investisiya qoyulur. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 18 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
Elmi araşdırmalar göstərir ki, Azərbaycanda günəş, külək, termal sular, biokütlə və s. təbii enerji resurları yüksəkdir. Külək enerji resurslarına görə, dünyada ön sıralardayıq. Hətta, bu sahədə liderlik edən Almaniyada belə küləyin gücü ölkəmizdə olan qədər deyil. Günəş enerjisi sarıdan da şanslı ölkəyik. Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar ki, bu regionda külək və günəş energetikasının inkişafı çox perspektivlidir. Hökumət bu potensialdan yararlanmaq üçün bir sıra vacib işlər həyata keçirib. Müxtəlif ərazilərdə külək və günəş enerjisi qurğuları quraşdırılıb. Bundan başqa, bir sıra binaların, turist mərkəzlərinin və sair obyektlərin günəş və ya külək enerjisi ilə təminatı həyata keçirilib. Kiçik SES-lərin tikintisi davam edir. Bu kimi digər işlər də həyata keçirilib.
Qeyd etməliyik ki, Azərbaycanın yaşıl enerji potensialı təkcə hidroelektrik, günəş və külək enerjisi deyil, başqa imkanlar da var. Ölkəmizdə biokütlə və geotermal enerjisi üçün də böyük mənbələr var. Bəzi dağ kəndlərində pilot layihə çərçivəsində bioqaz qurğuları da quraşdırılıb. Balaxanıdakı məişət tullantılarını emal edən zavod da bura aid edilə bilər.
Ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir.
Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 3 ədəd hibrid elektrik stansiyasında (Qobustan, Culfa və Qala Ekoloji Park) külək – 2,85 MVt, günəş – 3,8 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2023-cü ildə 529,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 6,4 %-ni təşkil edib.
2023-cü il ərzində respublikada elektrik enerjisinin istehsalı 29,3 milyard kVt•st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı SES-lərdə 1757,2 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 359 mln. kVt•st olub. İl ərzində külək elektrik stansiyalarında 56,6 mln. kVt•st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt•st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 %-ni təşkil edib.
2015-ci il dekabrın 12-də Tərəflərin 21-ci Konfransında qəbul edilmiş Paris Sazişinə əsasən Azərbaycan Respublikası nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrini Konvensiya Katibliyinə təqdim etmişdir. Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 % azalma səviyyəsində saxlanılması hədəf kimi götürülmüşdür. 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 %-dək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması üzrə ölkəmiz yeni öhdəlik qəbul etmişdir. Bu hədəflərə nail olmaq üçün, Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilmişdir. Bundan əlavə, 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycanın dəstəyi ifadə edilib.
2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt•st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
“Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. 13 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyasının təməlqoyma mərasimi keçirilib. 2022-ci ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi” və “Maraqlı Tərəflərlə Qarşılıqlı Əlaqə Planı” sənədi hazırlanıb təqdim edilmişdir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir. 2020-ci ilin mart ayından etibarən 2 il ərzində 7 ədəd 100 m hündürlükdə ölçü-müşahidə stansiyaları qurulmuş, topoqrafiya və ilkin geodeziya işləri aparılmış, beynəlxalq standartlara uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli 1209 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpa olunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanmışdır. Bu məqsədlə “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı Qrupu arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Anlaşma Memorandumu əsasında nəzərdə tutulan işlər IFC-nin "Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı" çərçivəsində yerinə yetirilir.
Elçin Bayramlı
Ardı olacaq