Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Beyləqan rayonunda ucaldılmış abidəsi ziyarət olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov vurğulayıb ki, yarandığı gündən xalqın partiyasına çevrilən və ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü Konstitusiyamızın qəbul olunmasının 30-cu, Şanlı Zəfərin 5-ci ildönümünün qeyd olunduğu əlamətdar bir vaxta təsadüf edir. Bu illər ərzində Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə birbaşa bağlıdır.
M.Səfərov bildirib ki, Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkədə aparılan islahatlar fonunda 5 mart 2021-ci ildə YAP-ın VII Qurultayının keçirilməsi siyasi həyatımızda yeni bir strategiyanın təməlini qoyub və demokratik ənənələrin inkişafına mühüm töhfə verib.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olunub və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçilib. Qısa müddət ərzində təşkilatlanaraq xalqın etimadını qazanan YAP 1993-cü ildə hakimiyyətə gələrək ölkədəki xaos və böhranların aradan qaldırılmasında mühüm rol oynayıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma və dağılma təhlükəsindən xilas edib, iqtisadi və siyasi sabitliyə, inkişaf üçün əlverişli mühitin formalaşmasına zəmin yaradıb.
Ə.Əzizov vurğulayıb ki, bu gün 33 illik şərəfli yol keçən Yeni Azərbaycan Partiyası 740 mindən artıq üzvü öz sıralarında birləşdirir.
Tədbirdə çıxış edən digər natiqlər Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Bayram Muradov və veteran partiya üzvü Bakir Həsənov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə, dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu nailiyyətlərin əsasını xalqa xidmət prinsipi təşkil edir.
Sonra YAP Beyləqan rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman təqdim edilib, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri verilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.