İqtisadiyyat

  • 1 927

Baş katib: Azərbaycan Orta Dəhlizdə əsas dövlətlərdən biridir

image

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) regional geosiyasi balanslaşdırma strategiyalarını müəyyən edir. Orta Dəhliz Avrasiya regionunda bir çox dövlətlər üçün mühüm tranzit marşrutudur. O, Çin və Avropa İttifaqının (Aİ) konteyner dəmir yolu yük şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə birləşdirir. Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir. Bu dəhlizlə hərəkət edən blok qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

SİA AZƏRTAC-a istinadən Orta Dəhlizin inkişaf perspektivləri və əsas layihələri ilə bağlı "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov ilə müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik.

- Orta Dəhliz Şərqdən Qərbə yüklərin daşınmasında mühüm marşrutlardan biridir. Bu marşrut çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini necə qiymətləndirərdiniz?

- Hazırda Mərkəzi Asiya ölkələri və Qafqaz ölkələri üçün Orta Dəhliz böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan "dənizə çıxışı olmayan ölkələr" statusuna malikdir. Gürcüstan vasitəsilə aparılan tranzit Azərbaycana kömək edir, lakin Mərkəzi Asiya ölkələri üçün bu amil əlavə problemlər yaradır. Bütün bu amillər bu marşrutun inkişafında öz izini qoyur. Və bu gün biz həqiqətən də bu marşrutun inkişaf etdirilməsinə ehtiyac olduğunu görürük. Marşrut çox unikal, tamamilə multimodaldır. Orta Dəhlizi daim böyüyən və inkişaf edən canlı orqanizm hesab etmək olar ki, bu da bu beynəlxalq nəqliyyat marşrutunun uğurundan xəbər verir.

- Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Orta Dəhliz hansı imkanları təmin edir?

- Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi və ya istehlak etdiyi malların ixrac və idxal imkanları çox böyükdür. CAREC Proqramı çərçivəsində Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan vasitəsilə Çindən Avropaya nəqliyyat və tranzit marşrutlarını şaxələndirmək imkanı yaranır. Marşrutların şaxələndirilməsi ilə yanaşı, Orta Dəhliz Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan üçün də öz məhsullarını ixrac edə biləcək bir kanal kimi vacibdir. Dəhlizin ötürmə qabiliyyəti hazırda ildə təxminən 80 min konteyner təşkil edir, lakin ötürmə qabiliyyətini 111 min konteynerə, gələcəkdə isə 300 min TEU-ya çatdırmaq imkanı var.

- Hazırda Orta Dəhlizin yüklənməsi nə qədərdir?

- Bu ilin birinci yarısının yekunlarına görə, dəhlizimiz təxminən 50 faiz yüklənib, yük axını hələ tam dolmayıb və ehtiyatlar var. Biz bunun üzərində işləyirik və infrastrukturu yaxşılaşdırırıq. Gələcəkdə yeni çağırışlarla üzləşmək üçün nəqliyyat dəhlizinin imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə işi gücləndirmək lazımdır. Bizim marşrutumuz unikaldır, çünki biz iki nəqliyyat hüququnu birləşdirmişik - dəmir yolu və dəniz. Bizim digər marşrutlardan fərqimiz həm də ondan ibarətdir ki, Türkiyə, Şimali Afrika ölkələri və Avropa ölkələrinə yaxınıq.

- Marşrutdakı darboğazları aradan qaldırmağın yolları hansılardır?

- Marşrutu təkmilləşdirmək üçün həm "sərt", həm də "yumşaq" infrastruktura investisiya qoymaq lazımdır. Rəqəmsallaşma və tərəflər arasında təkmilləşdirilmiş kommunikasiya kimi "yumşaq" infrastruktura, eləcə də dəmir yolları, limanlar və terminallar kimi "sərt" infrastruktura investisiyalar 2027-ci ilə qədər Orta Dəhliz potensialının maksimum dərəcədə artırılması məqsədlərinə nail olmağa kömək edə bilər.

- Orta Dəhlizin inkişafı üçün əsas ilkin şərtlər hansılardır?

- Bu dəhlizin inkişafı çərçivəsində biz müəyyən konsepsiya qurmuşuq. Hazırda biz bu konsepsiyanı həyata keçirmək istəyirik. Konsepsiya 5C adlanır. Bura yüksək sürət, maya dəyəri (sabit qiymətlər), yaxşı xidmət, ətraf mühitin mühafizəsi, dəhliz boyu yüklərin təhlükəsizliyi və sabitlik daxildir. Bunlar bizim yaxın gələcəkdə həyata keçirmək istədiyimiz planlarımızdır.

- Yaxın gələcəkdə layihə ilə bağlı hansı planlar var?

- Digər proseslərlə yanaşı, biz Orta Dəhlizi də rəqəmsallaşdırmaq istəyirik. Artıq bu istiqamətdə işlərə başlanılıb. Vahid yükdaşıma platformasının yaradılmasında yaxşı irəliləyiş əldə etdik. Sinqapurun "Global DTC" şirkətinin iştirakı ilə biz universal platforma yaratmışıq və hazırda sınaqdan keçirilir. İdeya ondan ibarətdir ki, yükgöndərənlər müştərilərimizə təklif etdiyimiz logistika məhsullarını izləyə bilərlər. Bu həll Orta Dəhliz iştirakçıları arasında əlaqəni sadələşdirəcək və onun daşınması zamanı yüklərə çıxış imkanı verəcək. Layihə hazırda son mərhələdədir. Platformanın 2024-cü ilin sonuna kimi tam istifadəyə verilməsi gözlənilir. Bütün işlər başa çatdıqdan sonra Orta Dəhlizdə yük dövriyyəsi ildə 6 milyon tondan 10 milyon tona yüksələcək.

- Hazırda Azərbaycan və Gürcüstan potensial birgə sərhəd-keçid məntəqələrinin yaradılması üzərində işləyirlər. Bu, dəhlizin tutumuna necə təsir edəcək?

- Bu addım mütləq müsbət təsir göstərəcək, çünki biz müxtəlif sərhəd məntəqələrini keçərkən müəyyən çətinliklərlə üzləşirik. Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsini əvvəldən dəstəkləyən və dəhlizin formalaşdığı ilk günlərdən onun işində iştirak edən ölkələrdir. Dəhliz iştirakçıları Poti limanında bir neçə şəxsi terminal tikirlər ki, onların da məqsədi nəqliyyat proseslərini optimallaşdırmaqdır. Hazırda Batumi limanı yüklərin həcminin artırılması istiqamətində yaxşı inkişaf edir və yüklərin böyük hissəsi bu limandan keçir.

- Azərbaycan Orta Dəhlizin inkişafına necə töhfə verə bilər?

- Prezident İlham Əliyev ölkənin tranzit-nəqliyyat potensialının inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə Azərbaycan Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanını tikib, Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib, bütün beynəlxalq istiqamətlərdə nəqliyyat infrastrukturunu yeniləyib. Respublika Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Biz rəsmi Bakının dəstəyini həqiqətən hiss edirik. Azərbaycan regionun tamhüquqlu tranzit mərkəzinə çevrilir. Azərbaycan Orta Dəhlizdə əsas dövlətlərdən biridir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın qarşısına qoyduğu iqtisadi məqsədlərə nail olmağa xidmət edir. Azərbaycanda həyata keçirilən həmin infrastruktur layihələrindən fəal şəkildə istifadə olunacaq.

- Zəngəzur dəhlizinin işə düşməsi Orta Dəhlizin keçid qabiliyyətinə necə təsir edə bilər?

- Zəngəzur dəhlizi işə düşən kimi biz onu Orta Dəhlizimizə daxil etməyə və onun üstünlüklərindən yararlanmağa çalışacağıq. Biz yükdaşıma müddəti baxımından qalib gələ bilərik. Düzdür, məsələ hələ ki, siyasi yolla həllini tapmayıb, amma gec-tez bütün bunlar gerçəkləşəcək. Biz onun üstünlüklərindən yük axınlarını birləşdirmək üçün istifadə edəcəyik. Çünki yükdaşımaları zamanla artacaq və biz müxtəlif yollarla işləyəcəyik.

- Qırğızıstana gəlincə, o, Orta Dəhlizin inkişafına hansı töhfə verə bilər?

- Qırğızıstan da bizə maraqlı olan ölkələrdən biridir. Biz də Qırğızıstana maraq göstəririk. Biz birtərəfli qaydada Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə daşımalara şərait yaratdıq. Biz gözləyirik ki, Qırğızıstan tərəfi bizim dəhlizimiz boyu öz həcmlərini artıracaq.

- Assosiasiya yükdaşımalarda hansı maneələrlə üzləşir?

- 2022-ci ildə dünyada mövcud geosiyasi vəziyyətlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmində kəskin artım müşahidə olundu. Bu, infrastruktur tıxaclarına, dəmir yolu hissələrində və marşrut boyunca dəniz limanlarında ləngimələrə səbəb oldu. İnfrastruktur məhdudiyyətlərini aradan qaldırmaq və marşrutun potensialını açmaq üçün Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə "Böyük maneələrin sinxron aradan qaldırılması və inkişafı üzrə 2022-2027-ci illər üçün TITR marşrutunun Yol Xəritəsi" təsdiqləyib. O, marşrutun hər bir hissəsində infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına, keçid və daşıma qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər kompleksini nəzərdə tutur. Regionda istənilən geosiyasi gərginlik bu və ya digər şəkildə bütün nəqliyyat dəhlizlərinə təsir göstərir. Biz onun üzvləri ilə assosiasiyada vahid şəffaf tarif şərtlərindən istifadə etməklə marşrutda yüksək keyfiyyətli xidmət yaratmağa çalışırıq.

- Orta Dəhlizin inkişafı türk dövlətləri üçün nə dərəcədə vacibdir və onlar bu istiqamətdə hansı tədbirlər həyata keçirirlər?

- Azərbaycan və Qazaxıstanın Orta Dəhlizin inkişafına verdiyi töhfə ölkələrin beynəlxalq logistika və iqtisadi əməkdaşlığı təkmilləşdirmək istəyini vurğulayır. Hazırda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə Orta Dəhlizi fəal şəkildə təşviq edirlər ki, bu da onun gələcək inkişafına mühüm təkan yaradır. Bundan əlavə, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, xüsusən də nəqliyyat və logistika sektorunda, hazırda yüksək səviyyədədir. Mövcud razılaşmaları praktiki şəkildə ən yüksək səviyyədə həyata keçirməklə bu səviyyəni qoruyub saxlamalıyıq.

Digər xəbərlər