İqtisadiyyat

  • 8 451

2030-cu ildə dünyanı və ölkəmizi nə gözləyir? - ANALİZ

image

Analitiklər: İqtisadi güc balansı dəyişəcək, neft ucuzlaşacaq, əhali 8,5 milyardı keçəcək, su və ərzaq çatışmazlığı yaranacaq, sənaye istehsalı artacaq...

Dünyanın nüfuzlu analitikləri mütəmadi olaraq dünyanın gələcək mənzərəsi ilə bağlı təhlillərini hazırlayır. Son dövrlərdə isə iqtisadi və sosial proqnozlar daha çox maraq doğurmağa başlayıb, çünki hazırda dünyada hökm sürən pandemiya və sosial-iqtisadi böhranlar insanları dünyamızın gələcəyi ilə bağlı daha çox düşünməyə məcbur edir. Bu yazıda, əsasən, iqtisadi proqnozlara və təhlillərə üstünlük verəcəyik.

Hazırkı proqnozlara görə, 2030-cu ildən sonra dünyada sosial-iqtisadi vəziyyət kökündən dəyişəcək. 4-cü sənaye inqilabı istehsalı tamam dəyişəcək, məhsul istehsalı artacaq. Yer əhalisi 8,5 milyarda catacaq. Suya və enerjiyə tələbat təxminən 2 dəfə, qidaya tələbat isə 30% artacaq. Şimali Afrika və Mərkəzi Asiya kimi bəzi regionlar qida və su çatışmazlığı kimi ağır problemlərlə qarşılaşacaq. Alternativ enerjilərə keçidlə bağlı neftə tələbat azaldığından neft ixracından asılı ölkələr çətin vəziyyətə düşəcək. Dünyanın iqtisadi güc balansı əhəmiyyətli şəkildə dəyişəcək.

2030: Dünya iqtisadiyyatında güc mərkəzi dəyişəcək

Analitiklərə görə, 2030-dan sonra OPEK-in neftin qiymətlərinə nəzarəti tam pozulacaq ki, bu da hər şeydən göründüyü kimi, neft və qaz ixracından asılı olan iqtisadiyyatlar üçün mənfi nəticələrə səbəb olacaq. Bununla yanaşı, informasiya texnologiyalarının inkişafı iqtisadi məhsuldarlığa geniş təsir göstərməyə başlayacaq.

Hazırkı hegemon ölkələrin qlobal təsiri itəcək. Çin, Hindistan, Rusiya və Braziliya, həmçinin Kolumbiya, İndoneziya, Nigeriya, Cənubi Afrika, Türkiyə kimi regional iqtisadiyyatlara malik ölkələrin dünya iqtisadi sistemində rolu daha da artacaq. Növbəti 10-15 ildə yeni texnologiyaların inkişafı nəticəsində transmilli şirkətlər sürətlə inkişaf edən bazarlara daha çox diqqət verəcək.

Proqnoza görə, 2030-cu ilədək Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatını tamamilə “taxtdan endirəcək”. Hindistan da dünya iqtisadiyyatında gücünü xeyli artıracaq. Dünyanın iqtisadi mərkəzi tam olaraq Cənub-Şərqi Asiyaya keçəcək. II Dünya Müharibəsindən qazanclı və varlanmış şəkildə çıxaraq inkişafını sürətləndirən ABŞ-in və Avropanın iqtisadi hakimiyyət dövrü bitir.

Proqnozlara görə, karbohidrogenlər bazarı üçün yeni texnologiyaların istehsalı və alternativ enerji sahələrinin inkişafı neftin ucuzlaşmasına səbəb olacaq ki, nəticədə iqtisadiyyatı neft ixracından asılı olan ölkələr üçün ciddi problemlər yaranacaq.

Analitiklər 4-cü sənaye inqilabının dünya iqtisadiyyatını tamamilə dəyişəcəyini, yeni texnologiyalarla məhsul istehsalının artacağını ehtimal edirlər. Ərzağa və dərmanlara və texnika mallarına tələbat artacaq. Bu səbəbdən texnoloji məhsullar istehsal edən ölkələrin, həmçinin ərzaq və dərman istehsalı çox olan ölkələrin gəlirləri artacaq.

Öz xammalı olmayan ölkələr iqtisadi tənəzzülə məruz qalacaq

Rusiya Strateji Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edir ki, təxminən 10 il sonra dünyanın iqtisadi cəhətdən ən qüdrətli 5 dövləti arasında Çin, Hindistan, ABŞ, Almaniya ilə birgə Rusiya da olacaq.

“Dünyanın iqtisadi mənzərəsi göstərir ki, ehtiyatları həddən artıq istismar olunmuş Qərb və Uzaq Şərq ölkələri durğunluq dövrü yaşayacaq. Dünya əhalisi artır, təbii ehtiyatlar sürətlə istismar olunur, bir çoxları tükənmək üzrədir. Artıq inkişaf etməkdə olan ölkələr sürətlə sənaye texnologiyalarına yiyələnirlər, öz xammallarını ucuz qiymətə Qərbə satmaq əvəzinə özləri istehsal etməyə başlayırlar. Bu tendensiya artıq təbii ehtiyatları tükənmiş, xammalı ehtiyatı və enerji resursları olmayan iri sənaye dövlətlərinin iqtisadiyyatını zəiflədəcək”- mərkəzin proqnozunda bildirilir.

Analitiklər hesab edir ki, dünyanın ərazisinə görə ən böyük ölkəsi olan Rusiyada nəhəng təbii ehtiyatlar, güclü aqrar sektor, böyük elmi-texniki potensial və sənaye bazası var. Uzaq Şərqdə, Sibirdə və Arktikada mənimsənilməmiş nəhəng mineral ehtiyatlar var. Rusiya dünyanı gözləyən su problemini də yaşamayacaq.

Mərkəzin ekspertləri hesab edir ki, ABŞ və iri Qərbi Avropa dövlətlərinin iqtisadi hegemonluğu 2030-35-ci illərdə tam başa çatacaq. Bu ölkələrin öz təbii ehtiyatları tam bitəcək və xaricdən xammal almaq çətin olacaq. Eyni aqibət Çini, Avropanın bir sıra ölkələrini, Yaponiyanı və Cənubi Koreyanı da gözləyir.

ABŞ-a gəldikdə, analitiklər hesab edirlər ki, bu ölkə 3-cü dünya ölkələrin sərvətlərini istismar etmək və qlobal valyuta-birja əməliyyatları yolu ilə daha çox gəlir əldə edərək istehlaka və komforta öyrəşdiyi üçün tənəzzülə düçar olacaq. Müharibələrə və münaqişələrə son qoyulsa, hərbi-sənaye kompleksi də çökəcək.

2030-da sosial-iqtisadi sahədə Azərbaycanı nə gözləyir?

Azərbaycana gəldikdə, 6 il sonranı dəqiq proqnozlaşdırmaq çətindir, amma təxmini vəziyyəti təsəvvür etmək olar. Bütövlükdə, yaxın illərdə neft sektorundakı hasılatı və təbii qaz satışından əldə ediləcək gəlirləri, eləcə də qeyri-neft sektorunun perspektiv potensialı nəzərə alaraq 2030-cu il üçün təxmini proqnoz hazırlamaq mümkündür.

Bütün hallarda növbəti illərdə iqtisadiyyatın diversifikasiyası sürətlənərsə, yəni qeyri-neft sektoru inkişafı davam edərsə, ciddi problemlər yaranmayacaq. 2030-cu illərdə neftin hasilatının xeyli azalması fonunda gəlirlərin qeyri-neft sektoru hesabına kompensasiya edilməsi nəticəsində Azərbaycanda iqtisadi inkişaf fərqli müstəvidə davam edə bilər.

2030-cu ildə vəziyyətin necə olacağını qarşıdakı illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesinin necə aparılacağı müəyyən edəcək. 2030-cu ildə Azərbaycan iqtisadiyyatının indikindən azı 2 dəfə böyük olacağını ehtimal etmək olar, təbii ki, bu, qeyri-neft sektorunun inkişafı hesabına mümkün ola bilər. Kiçik və orta sahibkarlığa dövlət dəstəyi güclənsə, ölkədə ÜDM-in və dolayı yolla dövlət büdcəsinin gəlirləri daha çox artacaq. Buna müvafiq olaraq idxaldan asılılaq azalacaq, ixrac çoxalacaq.

İqtisadçıların ümumi fikrinə görə, qeyri-neft sektorunun inkişafı prosesində klaster yanaşmada əsas perspektivli sahələr yüngül sənaye, xüsusilə qida sənayesi, aqrar sektordur. Ölkələrin təbii sərvətlərinin mövcudluğu əsas deyil, əsas innovativ yanaşma, texnoloji yüklü iqtisadiyyat yaratmaqdır. İnnovativ dəyər yaradan sektorlar dəstəklənməlidir. Ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, turizm imkanlarının genişlənməsi də iqtisadi inkişafa töhfə verəcək.

Ümumiyyətlə, hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına görə, yeni mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Elçin Bayramlı

Digər xəbərlər