İqtisadiyyat

  • 3 191

Xammal ölkəsindən sənaye ölkəsinə necə keçə bilərik? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycanda iqtisadiyyatın diversifikasiya edilməsi məqsədilə qeyri-neft sektorunun inkişafına dəstək məsələsi dövlət başçısı və hökumət tərəfindən əsas prioritet elan edilib. Bu məqsədlə bir sıra sahələrə dövlətin maliyyə dəstəyinin verilməsi üçün bəzi addımlar atılıb. Kiçik və orta sahibkarlığın inkişafına yardım üçün güzəştli kreditlərin və subsidiyaların verilməsi təşkil olunub, müxtəlif güzəştlər edilib. Lakin buna baxmayaraq, hələlik tarazlı iqtisadiyyata nail olunmayıb. Bəs səbəblər nədədir, bunu necə etmək mümkündür? Bu yazıda bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Azərbaycanda iqtisadiyyatın və ixracatın diversifikasiya olunmasına təsir göstərə biləcək 20-dən artıq qanun qəbul edilib. Bundan başqa, bəzi dövlət proqramları təsdiq olunub, müxtəlif fondlar yaradılıb.

Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramlarının və bu kimi digər proqramların əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin olunması müəyyənləşdirilib.

Bu tədbirlər müəyyən müsbət nəticələr versə də, hələlik ÜDM-də, ixracda və dövlət büdcəsində neft sektorunun böyük üstünlüyünün azaldılmasına, başqa sözlə sektorial diversifikasiyaya nail olunmayıb. Ümumilikdə, ÜDM-in 30 faizindən, büdcənin 50 faizindən, ixracın 90 faizdən çoxu neftin bazasında formalaşır.

Regional diversifikasiyaya da hələlik nail olmaq mümkün olmayıb. Belə ki, ölkə ərazisinin təxminən 2,5 faizini təşkil edən Bakı-Abşeronda ÜDM-in ən azı 70 faizi formalaşır.

Deməli, regional və sektorial diversifikasiya son dərəcə vacibdir. Bunun üçün perspektivli qeyri-neft sektorlarına böyük stavka edilməlidir. İqtisadi diversifikasiyada qeyri-neft sektorlarının düzgün seçilməsi vacibdir. Bəs klaster yanaşma ilə prioritet götürüləcək qeyri-neft sahələri hansılar ola bilər və onların hansı perspektivləri var?

Prioritet seçilən sahə digər sektorların da inkişafı üçün lokomotiv rolunu oynamalıdır, onların da məhsulları üçün yeni tələb formalaşdırmalı və digər sektorların hazır məhsullarını istehlak etməlidir. Dünya üzrə o sektorlar yüksək “lokomotiv effekti”nə malik sahələr hesab edilir ki, onlar istehsal prosesində hər bir son məhsulun dəyərinin 50%-i qədər digər sektorların hazır məhsullarını istehlak edir.

Bundan başqa, seçilən sahənin əməktutumlu olması da vacib şərtdir. Burada söhbət birbaşa olaraq seçilən sektorda yaranacaq iş yerlərinin sayından, digər sektorlara pozitiv təsir nəticəsində onlarda yaranacaq iş yerlərindən və nəhayət, yüksək əməkhaqqının formalaşdıracağı “gəlir effekti” ilə yaranan lokal xidmətlərdən gedir.

Daha bir əhəmiyyətli məqam seçilən sahənin böyük ixrac potensialı ilə bağlıdır. Ölkənin digər bütün şərtlərlə yanaşı, müqayisəli üstünlüyə malik olduğu sahələr üzrə yüksək ixrac potensialına sahib ola biləcəyi güman edilir. Bu zaman konkret məhsulun ölkənin ümumi ixracındakı payının qlobal ixracdakı payına nisbəti də bir indikator kimi nəzərə alınmalıdır.

Nəhayət, seçilən sahənin idxalı əvəzetmə potensialı nəzərə alınmalıdır.

Bəs iqtisadi şaxələnməyə hansı faktorlar mane ola bilər? Qeyri-effektiv idarəçilik, strateji yanaşmanın olmaması, qeyri-neft sektoruna lazımi həcmdə investisiyaların yönəldilməməsi, email sənayesinin formalaşmasına əhəmiyyət verilməsi, innovative texnologilardan istifadə edilməməsi, kiçik və orta biznesə bürokratik əngəllər və s. faktorlar prosesə mane ola bilər.

İqtisadi şaxələnmə proqramı olduqca əhəmiyyətlidir. Hökumət strateji konsepsiya bu istiqamətdə konkret proqramlar həyata keçirsə, həm sektorial, həm də regional diversifikasiyaya nail ola bilər və qısa zamanda getdikcə azalmaqda olan neft sektorundan asılılığı minimuma endirə, yaxın və orta müddətli dövrdə ölkənin tarazlı və davamlı inkişafını təmin edə bilər.

Nəticədə Azərbaycan xammal istehsalçısı və ixracatçısı statusundan sənaye ölkəsi statusuna keçə bilər və ölkəmiz bir və ya iki iqtisadi sahədən asılı olmaz, geniş sektorlarda müasir emal sənayesinə malik olmaqla tarazlı inkişafınə təmin edə bilər.

Digər xəbərlər