Rusiyada Cənubi Qafqaz üzrə daha bir nəqliyyat dəhlizinin yaradılmasına başlanıb. Belə ki, Xəzərlə- Qara dəniz arasında Şimali Qafqaz boyunca yeni nəqlaiyyat dəhlizi- dəmiryolu və avtomobil yolları şəbəkəsi formalaşdırılacaq. Bu, Azərbaycan üçün də böyük əhəmiyyətə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şaxələnməsi və böyüməsi üçün son dərəcə vacid layihələrdən sayılır.
Şimali Qafqaz Federal Dairəsinin iqtisadi inkişafı üzrə hökumət komissiyası ilə görüşdən sonra Rusiyanın Baş naziri Mixail Mişustin Rusiya Nəqliyyat Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Rusiya Dəmir Yolları ilə birlikdə Dağıstan, İnquşetiya və Çeçenistan hökumətlərinə təxminən 600 km uzunluğunda Mineralnıye Vodı – Mozdok – Nazran – Qroznı – Mahaçqala – Dərbənd marşrutu boyunca dəmir yolu xidmətinin yaradılması üzərində işləməyi tapşırdı. Bu iş, digər məsələlərlə yanaşı, "layihənin birinci mərhələsi - Sleptsovskaya – Qroznı hissəsində dəmir yolu infrastrukturunun bərpası - 2028-ci ilə qədər 15 milyard rubl məbləğində maliyyələşdirmə mənbələrinin müəyyən edilməsini" tələb edir.
Layihə, bir tərəfdən Dağıstan limanları ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərbi Xəzər (Rusiya – Azərbaycan) xətti, digər tərəfdən isə əsas Şimali Qafqaz dəmir yolu xətti arasında əlavə dəmir yolu dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu xəttin uzunluğunun təxminən 65%-i Mineralnıye Vodı bölgəsində, Çeçenistanın şimalında və Dağıstanın Xəzər sahili boyunca dəmir yolunun yenidən qurulmasıdır.
Foto-1. Yeni Şimali Qafqaz – Azərbaycan dəmir yolu dəhlizinin sxemi

Ümumiyyətlə, yeni magistral Rusiyanın Xəzər bölgəsindən və Azərbaycandan Rusiyanın Qara dəniz limanlarına və Rusiyanın Mərkəzi Avropa bölgəsinin əsas yollarına ən qısa marşrut boyunca əlavə bir çıxış yaradacaq. Bu, Xəzər dənizinin şimal və qismən mərkəzi sektorlarının dayazlaşmasının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə təsirini azaldacaq: yeni magistral əvvəllər Dağıstan və Həştərxan bölgəsinin Xəzər limanları üçün planlaşdırılan yüklərinin bir hissəsini qəbul edəcək.
Xəzər dənizinin şimalındakı vəziyyət, Rusiya hökumətinin Olya limanına və Həştərxan limanının bəzi körpülərinə birləşdirən 190 kilometrlik Volqa-Xəzər Gəmiçilik Kanalının (4,2 metrdən 4,5-4,6 metrə qədər) dərinləşdirilməsindən imtina etmək planları ilə də təsdiqlənir. Avqust ayında Baş nazirin müavini Vitali Savelyev Vladimir Putinə müvafiq məktub göndərib. Səbəb, Xəzər dənizinin şimalının və Volqa Deltasının bir hissəsinin dayazlaşması səbəbindən işin dəyəri daim artır və bu da tranzit yüklər də daxil olmaqla, bu limanlarda emal olunan yüklərin həcmini azaldır.
Bu vəziyyət birbaşa olmasa da, dolayı yolla bu bölgədəki dəmir yollarına yük axınlarının yenidən istiqamətləndirilməsinə kömək edir. Buna uyğun olaraq, Rusiya Dəmir Yolları (RJD) 2025-ci ilin iyul ayından 31 dekabr tarixinə qədər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) qərbi Xəzər marşrutu boyunca kömür, kimyəvi gübrələr və qara metalların ixrac daşınmalarına 50%-ə qədər tarif endirimləri tətbiq edib. Mövcud məlumata görə, bu endirimlər 2026-cı ildə uzadılacaq. Bu güzəştlər xüsusilə Şimali Qafqaz bölgəsindən və Həştərxan vilayətindən Azərbaycana, daha sonra isə İrana dəmir yolu ilə ixrac yük daşınmalarına yönəlib.
Foto-2. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Marşrutları

Bundan əlavə, Dərbənddən təxminən 25 km cənubda yerləşən Rusiya ilə Azərbaycan arasında Samur-Yalama dəmir yolu hissəsinin tutumu yaxın illərdə artacaq. Dağıstan hökumətinin baş nazirinin müavini Rizvan Qazimaqomedov bildirib ki, Rusiya-Azərbaycan sərhədi yaxınlığında 2023-cü ildən bəri davam edən Samur-II stansiyasının tikintisi 2030-cu ilə qədər başa çatmalıdır. O, bunun hərtərəfli sərhəd dəmir yolu qovşağı olacağını qeyd edib.
Rusiya Dəmir Yollarının məlumatına görə, yeni stansiya Rusiyada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərbi Xəzər hissəsinin ötürmə qabiliyyətini 35 faizədək artıraraq ildə 15 milyon tona çatdıracaq. Yeni Samur-II stansiyasında zəruri dəmir yolu infrastrukturunun yaradılması üçün maliyyələşdirmə 13,7 milyard rubl (175,653 milyon ABŞ dolları) təşkil edir. Bu iş Rusiya ilə həmsərhəd olan Biləcəri-Yalama stansiyası hissəsində Azərbaycan Dəmir Yolları tərəfindən görülən işlər ilə sinxron şəkildə həyata keçirilir.

Rusiyanın Xəzər limanlarına bitişik dəmir yollarının, xüsusən də Azov-Qara dəniz hövzəsindəki dəmir yollarının kifayət qədər tutumlu olması da yeni Mineralnıye Vodı-Mozdok-Qroznı-Mahaçqala-Dərbənd dəmir yolunun lehinədir. Bu, digər məsələlərlə yanaşı, Azod-Qara dəniz hövzəsi ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərbi Xəzər marşrutu arasında xarici ticarət və tranzit yüklərin dəmir yolu daşınmasının həcmini artıracaq.
"Azov-Qara dəniz hövzəsinin dəniz limanlarına dəmir yolu yanaşmalarının inkişafı" federal layihəsinə əsasən, 2024-cü il üçün yükötürmə qabiliyyəti ildə 125 milyon ton olaraq qiymətləndirilmişdi, Azov-Qara dəniz hövzəsinin dəniz limanlarının yük dövriyyəsi isə 2024-cü ildə 275 milyon tonu keçib. Bu o deməkdir ki, dəmir yolu infrastrukturu dəniz nəqliyyatı üçün maneə yaradır. Nəticədə, Rusiya və beynəlxalq yükdaşıyanlar bu bölgədə logistika risklərini nəzərə almaq məcburiyyətində qalırlar ki, bu da logistika xərclərinin artmasına və limanların rəqabət qabiliyyətinin ümumi azalmasına səbəb olur.
Bundan əlavə, Xəzər-Azov-Qara dəniz regionunda 2030-cu ilə qədər tələb olunan dəmir yolu ötürmə gücü ən azı 200 milyon ton təşkil edir ki, bu da əsasən Azov-Qara dəniz limanının və dəmir yolu şəbəkəsinin 2024-cü ildən başlayaraq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində daha fəal iştirakı ilə əlaqədardır.
Rosmorport-un 7 oktyabra olan son məlumatlarına görə, yanvar-avqust aylarında Qara, Azov və Xəzər dənizlərindəki Rusiya limanlarında yük daşımalarının həcminin 170 milyon ton təşkil etməsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8% azalma deməkdir. Xüsusilə, Novorossiysk, Tuapse, Taqanroq, Azov, Rostov-na-Donu, Taman, Temryuk, Kavkaz, Yeysk, Mahaçqala, Olya və Həştərxan limanlarında Rusiya ixrac taxılının daşımalarının həcmi yarıdan çox azalıb.

Hesab olunur ki, xüsusilə Cənubi və Şimali Qafqaz Federal Dairələri, Rusiya Dəmir Yolları və limanları arasında regionlararası koordinasiya regionun yük bazasını, daşıma qabiliyyətini genişləndirəcək və nəqliyyat axınlarını aydın şəkildə əlaqələndirəcək. Buna uyğun olaraq, yeni Mineralnıye Vodı-Mozdok-Mahaçqala-Dərbənd avtomobil yolu, Şimali Qafqazdakı digər nəqliyyat və logistika təşəbbüsləri bu məsələlərin həllinə yönəlib. Bu, nəticə etibarilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkcə Xəzər dənizinin deyil, həm də Qara dəniz sektorlarının rəqabət qabiliyyətini artıracaq.
Hər bir halda, Qafqazda nəqliyyat şəbəkələrinin şaxələnməsi region ölkələrinin bütün istiqamətlərə sürətlə və genişhəcmdə çıxışını təmin edəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində nəhəng logistik imkanlar təqim edəcək. Azərbaycan bu dəhlizlərlə Şimali Qafqaz vasitəsilə eyni zamanda həm şimala (Baltik dənizi və şimali Avropa), həm qərbə (Qara dəniz bölgəsinə və Mərkəzi Avropaya, həm də şimal –şərq bölgələrinə (Şərqi Rusiya-Qazaxstan və s) rahat çıxış əldə edəcək.
Elçin Bayramlı