Köşə

  • 5 180

Aclar və qullar dünyası – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar aclıqla müalicə, müxtəlif dietalar yaman dəb düşüb. İnsanlar başa düşməyə başlayıb ki, çox yemək fayda yox, ancaq zərər verir. Ona görə də, 1 milyarda yaxın insan kökəlməmək və sağlamlığını itirməmək üçün könüllü olaraq az yeyir və bəzən də ac qalır.

Lakin dünyamızda məcburi aclıq keçirən daha 1 milyard adam var. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşağın acından ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlərə xərclənir. Misal üçün, dünyanın hərbi büdcəsi 1,5 trilyondan çoxdur ki bunun da yarısı ABŞ-ın payına düşür. Halbuki, bu vəsaitin 1/5-i dünyada aclığı ləğv etməyə qadirdir.

Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən, ifrat yoxsulluqdan hər gün dünyada 30 000 uşaq vəfat edir. Hər il 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.

Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 2000-ci ildə isə 70-in 1-ə nisbətin çatmışdı.

Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə, yoxsul ölkələri isə təhdid etməkdədir. BMT statistikalarına və Əhali Fondunun hesabatlarına görə, 1 milyarda yaxın insanın aclıqdan ölmək üzrə olduğu dünyada 1 milyarda yaxın adam əla vəziyyətdə yaşayır. Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Belə olan halda dünyada normal insan cəmiyyətindən danışmağa dəyərmi? Əlbəttə, xeyr. Biz sosial cəhətdən qoprxunc bir dünyada yaşayırıq.

Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 15 milyard adama kifayət edəcək həddədir. Əlbətə, normal istifadə şəraitində. Lakin qeyri-bərabər bölünmə və hədsiz israfçılıq 1 milyarda yaxın adamın ac qalmasına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliyə atlıan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar.

BMT-nin alimlər qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Onlar bu rəqəminən azı 50-60 milyard olduğunu bildirirlər. Bəzi müstəqil tədqiqatçılar isə potensialın 100 milyarda yaxın olduğunu iddia edrilər.

Bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Bu ölkələrdəki aclığın, yoxsulluğun yeganə səbəbi budur. Öz sərvətlərini onlara verməməkdə israr edən ölkəni Liviyanın, Suriyanıın taleyi gözləyir.

Lakin bu halda belə varlı dövlətlərdə yoxsulluq ləğv olmur. Məsələn, təkcə hərbi büdcəsi 750 milyard dollar təşkil edən Amerikada rəsmi olaraq 35-40 milyon civarında yoxsul var. Maliyyə gəlirləri yüksək olan digər ölkələrdə də vəziyyət təxminən belədir.

Qlobal şeytani qüvvələr, dünya ölkələrində siyasi, iqtisadi, sosial, mənəvi problemlərin artmasında, hərbi münaqişələrin, xaosun, qarşıdurmaların baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşıdurmalar törədirlər. Dünyamız elə bir dəhşətli şeytani tora salınıb ki, heç cür çıxa bilmir.

Dünya maliyyə, bank, birja sisteminin, transmilli korporasiyaların, elmi-texnoloji mərkəzlərin sahibləri dünyanı öz əllərində saxlayıb idarə etmək üçün hər oyundan çıxırlar- insanlığa, təbiətə qarşı bioloji terrordan tutmuş psixotron terroradək hər cür təcavüz edilir. Əgər istəsələr dünyada hamıya hər şey çatar. Amma “hamıya hər şey çatmır” deyib, hamının sayını azaltmaq istəklərini açıq-aşkar deyilər.

Bəşəriyyət hələ də normal insan cəmiyyəti yarada bilməyib. Vəhşi meşə qanunları üzərində formalaşan kapitalizm sosial ədalətli cəmiyyət sistemi yaratmağa qadir deyil. Sosializmi də bəyənmədik. Nəsə yeni bir sistem tapılmalıdır. Bunu bacarağıqmı? Çətin sualdır…

Digər xəbərlər