“2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra Azərbaycanda genişmiqyaslı quruculuq, bərpa və inkişaf prosesləri həyata keçirilir. Bu gün ölkəmiz yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, respublikamızın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, iqtisadi potensialı və həyata keçirdiyi strateji layihələr dövlətimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir”.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.Onun sözlərinə görə, bir tərəfdən ölkəmizin müxtəlif regionlarında böyük infrastruktur və meqalayihələr icra olunur, digər tərəfdən isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır:”İşğaldan azad edilmiş ərazilərdə yeni şəhərlər, qəsəbələr və kəndlər salınır, müasir yol-nəqliyyat infrastrukturu yaradılır, elektrik enerjisi, su təchizatı, rabitə və digər kommunal xidmətlər bərpa edilir. Eyni zamanda, dövlət müəssisələri, təhsil və səhiyyə obyektləri, sosial xidmət infrastrukturu qurulur. Bütün bunlar həmin ərazilərin dayanıqlı inkişafını təmin etməyə və insanların doğma yurdlarına təhlükəsiz, rahat şəkildə qayıdışına şərait yaratmağa xidmət edir.Kəlbəcər şəhər gününün qeyd olunması da Azərbaycanın tarixi Zəfərinin və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin mühüm rəmzlərindən biridir. Kəlbəcər uzun illər işğal altında qaldıqdan sonra öz azadlığına qovuşaraq bu gün yenidən dirçəliş və inkişaf mərhələsini yaşayır. Şəhərdə aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması Böyük Qayıdış proqramının ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Kəlbəcərin əvvəlki şöhrətinin bərpa olunması, onun iqtisadi və turizm potensialının reallaşdırılması, sakinlərin doğma yurdlarına qayıdışı dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun inkişafına verdiyi xüsusi önəmin təzahürüdür. Kəlbəcər şəhər günü həm də xalqımızın tarixi yaddaşının, milli iradəsinin və torpaqlarımıza bağlılığının ifadəsidir.Azərbaycanda həyata keçirilən şəhərsalma və quruculuq işlərinin beynəlxalq səviyyədə diqqət mərkəzində olması da təsadüfi deyil. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahədə əldə etdiyi təcrübənin və şəhərsalma siyasətinin beynəlxalq əhəmiyyətinin göstəricisidir. Bu tədbir ölkəmizin müasir şəhərsalma yanaşmalarını, dayanıqlı inkişaf modelini və postmünaqişə ərazilərində həyata keçirdiyi bərpa prosesini dünya ictimaiyyətinə təqdim etmək baxımından mühüm platformadır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə ötən müddət ərzində böyük həcmdə maliyyə vəsaiti yönəldilib. Bu vəsait hesabına şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, sosial obyektlərin inşası və yaşayış məntəqələrinin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb. Qarabağda həyata keçirilən layihələr yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmır, həm də həmin ərazilərdə iqtisadi və sosial həyatın yenidən canlandırılmasını hədəfləyir.2027-ci ilin dövlət büdcəsində də işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış proqramının davam etdirilməsi istiqamətində əhəmiyyətli vəsaitlərin nəzərdə tutulması bu prosesin ardıcıl xarakter daşıdığını göstərir. Əsas məqsəd keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıtmasını təmin etmək, onların yaşayışı üçün zəruri şərait yaratmaq və yeni məskunlaşma ərazilərini müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirməkdir. İnanırıq ki, doğma yurdlarına qayıtmaq istəyən bütün soydaşlarımız müasir standartlara cavab verən şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rahat yaşayacaq, öz həyatlarını yenidən quracaqlar.Artıq bir neçə ildir ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir. İlk köçlərin başlanmasından etibarən işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının şahidi oluruq. Müasir yaşayış evləri, məktəblər, tibb müəssisələri, sosial obyektlər və digər zəruri infrastrukturun yaradılması həmin ərazilərin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır. Beynəlxalq tədbirlər çərçivəsində bu ərazilərə səfər edən xarici qonaqlar da görülən işləri yüksək qiymətləndirir, Azərbaycanın qısa müddətdə həyata keçirdiyi bərpa prosesinə xüsusi maraq göstərirlər.Bütün bu nailiyyətlər, ilk növbədə, dövlətimizin iqtisadi gücünün, siyasi iradəsinin və Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğının nəticəsidir. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər əsasında həyata keçirilən layihələr insanların həyat şəraitinin yaxşılaşdırılmasına, regionların inkişafına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Təbii ki, qarşıda müəyyən problemlər və həllini gözləyən məsələlər də mövcuddur. Lakin əsas məsələ bu problemlərin ardıcıl şəkildə aradan qaldırılması, inkişaf prosesinin davamlılığının təmin edilməsidir.Bu gün dünyada mürəkkəb geosiyasi proseslər, müharibələr və regional qarşıdurmalar müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginliklər və digər beynəlxalq münaqişələr qlobal təhlükəsizlik sisteminə ciddi təsir göstərir. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın sabitliyini, təhlükəsizliyini və inkişafını qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, iqtisadi inkişaf strategiyası və daxili sabitlik bu baxımdan mühüm amillərdir.Azərbaycan vətəndaşı, ziyalı, ictimaiyyət nümayəndəsi və siyasətçi olaraq ölkəmizdə görülən işləri yüksək qiymətləndirməklə yanaşı, əldə olunan nailiyyətlərin qorunması və daha da inkişaf etdirilməsi üçün məsuliyyət daşıyırıq. Azərbaycanın inkişafı yalnız dövlətin deyil, hər bir vətəndaşın da üzərinə düşən vəzifədir. Cəmiyyətdə həmrəyliyin, qarşılıqlı hörmətin və vətəndaş məsuliyyətinin gücləndirilməsi ölkəmizin gələcək uğurlarının əsas şərtlərindən biridir.Bu gün Azərbaycanda insanların təhlükəsiz şəraitdə yaşaması, sərbəst hərəkət etməsi, müxtəlif bölgələrə rahat şəkildə səfər edə bilməsi ölkəmizdə mövcud olan sabitliyin və əmin-amanlığın mühüm göstəricisidir. Bu reallıq hər birimiz tərəfindən yüksək qiymətləndirilməli, dövlətimizin və xalqımızın əldə etdiyi nailiyyətlər qorunmalı və gələcək nəsillərə ötürülməlidir. Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız bu günün uğurlarını qorumaq deyil, həm də daha güclü, inkişaf etmiş və firavan gələcək qurmaqdır”.
Müəllif: Günay Hacıyeva