PDF Oxu

Siyasət

  • 803

25 Noyabr – Kəlbəcər Şəhəri Günü - DEPUTAT

25 Noyabr – Kəlbəcər Şəhəri Günü - DEPUTAT

"1993-cü il aprelin 2-də Kəlbəcər işğal edildi. 70 mindən çox əhalisi olan rayondan 53 340 nəfər didərgin düşdü, yüzlərlə mülki sakin və hərbçi həlak oldu, yüzlərlə insan əsir və itkin düşdü. 144 kənd, bir şəhər və bir qəsəbə talan edildi, onlarla tarixi abidə dağıdıldı".

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev SİA-ya aciqlamasında deyib.Deputat bildirib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnaməni yekdilliklə qəbul etdi:"Qətnamə işğalçı qüvvələrin Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edirdi. Bu tələb 27 il kağız üzərində qaldı.2020-ci ilin noyabr ayında vəziyyət dəyişdi. 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər 25 noyabrda Azərbaycana qaytarıldı. Rayonun təhvili əvvəl noyabrın 15-nə nəzərdə tutulmuşdu. Ermənistan tərəfinin müraciəti və Rusiyanın xahişi ilə 10 gün əlavə möhlət verildi. Bu, 822 saylı qətnamənin icrası demək idi. Bu tarixin milli yaddaşda əbədiləşdirilməsi üçün Prezidentin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edildi.Bu hadisənin siyasi mənası ondadır ki, beynəlxalq hüququn tələbləri uzun illər icra olunmadıqdan sonra nəhayət reallığa çevrildi. Kəlbəcər həm də Şimali və Cənubi Qarabağ, Şərqi Zəngəzur istiqamətlərini birləşdirən strateji dağ bölgəsidir.Bu gün Kəlbəcərdə nə baş verir? Qayıdış artıq başlayıb. Keçmiş məcburi köçkünlərin şəhərə qayıdışı 20 avqust 2025-ci ildən başlanılıb. 162 ailə, yəni 680 nəfər Kəlbəcərə köçürülüb. Birinci yaşayış məhəlləsinin ikinci mərhələsində tikinti davam edir. Növbəti mərhələdə 2027-ci ildə 182, 476 və 807 mənzilli üç yeni yaşayış məhəlləsinin tikintisinə başlanılması nəzərdə tutulur. Kənd səviyyəsində də iş gedir. Zallar kəndi üçün 487 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Birinci mərhələdə isə 350 ailə üçün fərdi evlər planlaşdırılıb.Yol infrastrukturu qayıdışın əsas şərtidir. Toğanalı–Kəlbəcər–İstisu yolu üzrə iş 2026-cı il iyunun sonunda 89 faiz tamamlanmışdı. Layihənin tərkibində 23,4 kilometrlik Murovdağ tuneli də var və yol boyu tunellərin ümumi uzunluğu 26 kilometrdir. Bu yol Kəlbəcəri ölkənin qalan hissəsi ilə daimi, təhlükəsiz əlaqələndirəcək. Diplomatik korpus nümayəndələrinin sentyabr səfəri zamanı İstisu mineral su zavodu ilə də tanışlıq olub. Bu isə Kəlbəcərin təbii sərvətlərinin iqtisadi dövriyyəyə qatılmasına işarədir.Mina və partlamamış hərbi sursat təhlükəsi hələ də əhalinin təhlükəsizliyini və bərpa işlərini çətinləşdirən ciddi çağırış kimi qalır. Dağlıq relyef və sərt iqlim də öz təsirini göstərir. Aprel ayında Murovdağ ərazisində qar uçqunu səbəbindən yolda hərəkət müvəqqəti məhdudlaşdırılmışdı.Kəlbəcər Zəfərin üç mənasını birləşdirir: hərbi qələbəni, siyasi-hüquqi ədaləti və yaşayışın bərpasını. Zəfər müharibə ilə bitmir. O, Kəlbəcər dağlarında yenidən yanan işıqlarda, məktəbə gedən uşaqların addımlarında, İstisu suyunun yenidən süfrələrə çatmasında davam edir. Kəlbəcərin gələcəyi turizm, mineral sular, arıçılıq, heyvandarlıq və enerji sahələrində davamlı inkişafında özünü əks etdirir.25 Noyabr bizə xatırladır ki, itirilmiş torpaq unudulmamışdı. Qaytarılmış torpaq isə yalnız bayramla deyil, əməklə qorunur. Kəlbəcərə qayıdan hər ailə bu əməyin canlı hissəsidir".
Müəllif: Lətifə Musayeva

Digər xəbərlər