Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris arasında geniştərkibli görüş olub.SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.Nazirlər Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi apararaq qarşılıqlı hörmətə, siyasi dialoqa və ortaq maraqlara əsaslanan ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər.Münasibətlərin inkişafında yüksəksəviyyəli təmasların əhəmiyyəti vurğulanıb. Bu xüsusda Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Azərbaycan və Litva prezidentləri arasında baş tutan son görüşün əhəmiyyəti qeyd olunub. Nazirlər, həmçinin davamlı dialoqun təmin edilməsində müntəzəm siyasi məsləhətləşmələrin və parlament diplomatiyasının rolunu vurğulayıblar.İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında təmasların artırılması və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, enerji, sənaye, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və innovasiya sahələri əməkdaşlığın dərinləşdirilməsi üçün perspektivli istiqamətlər kimi müəyyən edilib. Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında daha fəal iştirakı imkanları da diqqətə çatdırılıb.Müzakirələr zamanı humanitar, təhsil və mədəniyyət əlaqələri, o cümlədən Litvada təhsil alan azərbaycanlı tələbələrin töhfəsi, turizmin təşviqi və xalqlar arasında təmasların genişləndirilməsi imkanları da ön plana çəkilib.Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.Bundan əlavə, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində namizədlərin irəli sürülməsi və qarşılıqlı dəstəklənməsi məsələlərində koordinasiyanın vacibliyi vurğulanıb.Nazir Ceyhun Bayramov postmünaqişə reallıqları, Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və yaşayış məntəqələrinin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.