PDF Oxu

Siyasət

  • 320

Kəlbəcərin iqtisadi potensialı: təbii sərvətlər və turizm potensialı - ŞƏRH

Kəlbəcərin iqtisadi potensialı: təbii sərvətlər və turizm potensialı - ŞƏRH

Kəlbəcər Azərbaycanın zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və geniş iqtisadi imkanlara malik bölgələrindən biridir. Uca dağları, mineral və termal su mənbələri, meşələri, çayları, yaylaqları və özünəməxsus iqlimi bu ərazini yalnız təbii gözəllikləri ilə deyil, həm də iqtisadi inkişaf perspektivləri ilə fərqləndirir. Kəlbəcərin potensialı düzgün qiymətləndirildikdə və müasir istehsal, xidmət və turizm infrastrukturu ilə uzlaşdırıldıqda bölgə ölkə iqtisadiyyatının mühüm inkişaf istiqamətlərindən birinə çevrilə bilər.
Rayonun təbii sərvətləri sırasında xüsusi yer tutan “İstisu” mineral suyu Kəlbəcərin iqtisadi və turizm potensialının ən tanınmış nümunəsidir. Uzun illər ərzində özünəməxsus mineral tərkibi və yüksək temperaturu ilə tanınan bu su vaxtilə Azərbaycanın hüdudlarından kənarda da məşhur olub. “İstisu” mənbələri dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşir və su təbii halda 60 dərəcədən yüksək temperaturla yer səthinə çıxır. Mineral tərkibi ilə seçilən bu mənbələr həm sənaye istehsalı, həm də sağlamlıq turizmi baxımından mühüm əhəmiyyət daşıyır.
Kəlbəcərdə “İstisu” mineral suyunun istehsalına 1976-cı ildə başlanılmışdı. Lakin rayonun işğal edilməsi nəticəsində bu fəaliyyət dayandırıldı və Azərbaycanın tanınmış mineral su brendlərindən biri təxminən 30 il ərzində istehlakçılara təqdim olunmadı. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası istiqamətində atılan addımlar nəticəsində “İstisu” istehsalının yenidən qurulması prioritet layihələrdən birinə çevrildi. 2022-ci il iyunun 26-da zavodun təməli qoyuldu, 2024-cü il sentyabrın 2-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə müəssisənin açılışı keçirildi.
Müasir texnologiyalar əsasında qurulan “İstisu” mineral su zavodu bölgənin sənaye potensialının inkişafı baxımından mühüm layihədir. Almaniyanın “Krones” şirkətinin istehsal xətləri ilə təchiz edilən müəssisədə avtomatlaşdırılmış sudoldurma və robotlaşdırılmış anbar idarəetmə sistemləri tətbiq olunur. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisənin fəaliyyətinin iqtisadi əhəmiyyəti yalnız mineral su istehsalı ilə məhdudlaşmır. Burada yaradılan iş yerləri, yerli əhalinin məşğulluğuna verilən töhfə, məhsulun daxili və xarici bazarlara çıxarılması imkanları da layihənin əhəmiyyətini artırır. Beləliklə, vaxtilə bölgənin iqtisadi həyatında mühüm yer tutmuş “İstisu” markası müasir istehsal imkanları ilə yenidən iqtisadi dövriyyəyə qayıdıb.
Kəlbəcərin turizm potensialının inkişafında “İstisu” Müalicə-İstirahət Kompleksinin xüsusi rolu nəzərdə tutulur. Bu ərazidə sağlamlıq turizminin tarixi 1928-ci ildə yaradılmış sanatoriyaya gedib çıxır. Sovet dövründə minlərlə insanın istirahət və müalicə məqsədilə üz tutduğu İstisu uzun illər Azərbaycanın tanınmış sağlamlıq məkanlarından biri olub. İşğal dövründə sanatoriyanın dağıdılması bu ənənənin davamına mane olsa da, ərazidə müasir kompleksin yaradılması ilə onun əvvəlki əhəmiyyətinin bərpası istiqamətində yeni mərhələ başlanıb.
2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə aparılan tikinti işləri ilə tanış olublar. Təqdim olunan layihəyə əsasən, kompleksin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Burada 145 nömrəli hotel binası, 10 kottec və beş inzibati binanın yaradılması nəzərdə tutulub. Layihənin mühüm hissəsi olacaq SPA mərkəzində mineral sularla müalicə, palçıqla müalicə və iqlim terapiyası istiqamətləri üzrə xidmətlərin təşkili planlaşdırılır. Müxtəlif təyinatlı hovuzlar, termal hamamlar, müalicəvi vannalar və istirahət zonaları kompleksin xidmət imkanlarını genişləndirəcək. Bu layihə Kəlbəcərdə sağlamlıq turizminin inkişafı, ölkəmizin turizm xidmətlərinin şaxələndirilməsi və bölgənin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətlidir.
Kəlbəcərin turizm imkanları yalnız mineral və termal sularla məhdudlaşmır. Rayonun dağlıq relyefi, təmiz havası, zəngin bitki örtüyü, çay vadiləri və füsunkar mənzərələri ekoturizm, dağ turizmi və istirahət xidmətlərinin inkişafı üçün əlverişli zəmin yaradır. Bölgənin təbii landşaftı müxtəlif turizm marşrutlarının, istirahət məkanlarının və yerli xüsusiyyətlərə əsaslanan turizm məhsullarının formalaşdırılmasına imkan verir. Bununla yanaşı, qədim tarixi-memarlıq abidələri, xüsusilə Xudavəng monastır kompleksi Kəlbəcərin mədəni turizm baxımından da cəlbediciliyini artırır. Təbii və tarixi irsin birgə təqdim edilməsi bölgənin turizm xəritəsində daha geniş yer tutmasına şərait yarada bilər.
Rayonun iqtisadi inkişafında ənənəvi təsərrüfat sahələrinin bərpası da mühüm əhəmiyyət daşıyır. Kəlbəcərin zəngin bitki örtüyü və dağ çəmənlikləri arıçılığın inkişafı üçün əlverişli təbii şərait yaradır. Kəlbəcər balı uzun illər bölgənin tanınan məhsullarından biri olub. Arıçılıq yalnız kənd təsərrüfatı məhsulunun istehsalı deyil, həm də yerli məşğulluğun, ailə təsərrüfatlarının və kiçik sahibkarlığın inkişafı baxımından əhəmiyyətli sahədir. 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərində “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılması bu ənənənin yenidən iqtisadi həyata qaytarılmasının konkret nümunələrindəndir.
Kəlbəcərin iqtisadi potensialından səmərəli istifadə etmək üçün təbii sərvətlərin qorunması və onların davamlı inkişaf prinsipləri əsasında qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Mineral su mənbələrinin ekoloji mühafizəsi, meşə və yaylaq ehtiyatlarından düzgün istifadə, turizm obyektlərinin təbiətə uyğun layihələndirilməsi uzunmüddətli iqtisadi inkişafın vacib şərtləridir. Eyni zamanda, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yerli məhsulların tanıdılması, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və peşəkar kadrların hazırlanması bölgənin iqtisadi fəallığını artıran amillərdir.
Kəlbəcərin təbii sərvətləri, “İstisu” mineral suyu, sağlamlıq turizmi imkanları, zəngin landşaftı və ənənəvi təsərrüfat sahələri bir-birini tamamlayan iqtisadi üstünlüklərdir. Bu imkanların kompleks şəkildə inkişaf etdirilməsi bölgədə yeni istehsal və xidmət sahələrinin yaranmasına, məşğulluğun genişlənməsinə, yerli məhsulların bazarlara çıxarılmasına və turizm axınının artmasına xidmət edə bilər. Kəlbəcərin gələcək iqtisadi inkişafının əsas istiqaməti onun təbii və tarixi sərvətlərini qorumaqla bu potensialı müasir iqtisadi imkanlara çevirməkdir.

Anarə Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Neftçala rayon Heydər Əliyev Mərkəzinin bələdçisi

Digər xəbərlər