Doğma yurda qayıtmaq uzun illər məcburi köçkün həyatı yaşamış insanlar üçün sadəcə yaşayış yerini dəyişmək deyil, uşaqlıq xatirələrinə, ailə ocağına, ata-baba torpağına və yarımçıq qalmış həyatlarına yenidən qovuşmaq deməkdir. Kəlbəcər sakinləri üçün bu arzu 32 ildən artıq müddətdə nəsildən-nəslə ötürülən bir ümid kimi yaşadı. 2020-ci il noyabrın 25-də rayonun Azərbaycana qaytarılması ilə həmin ümidin gerçəkləşməsi üçün yeni mərhələ başlandı. Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Böyük Qayıdışın real məzmununu formalaşdırır, doğma torpağa qayıdışı mərhələli şəkildə həyata keçirilən dövlət siyasətinə çevirir.
Kəlbəcərin yenidən qurulması yalnız dağıdılmış yaşayış evlərinin bərpası ilə məhdudlaşmır. Qarşıya qoyulan əsas məqsəd burada müasir şəhər və kənd mühitinin yaradılması, insanların təhlükəsiz, rahat yaşayışının, təhsilinin, səhiyyə xidmətlərinin və sosial təminatının təşkili, eyni zamanda məşğulluq imkanlarının genişləndirilməsidir. Başqa sözlə, Böyük Qayıdışın uğuru insanların doğma yurda köçürülməsi ilə yanaşı, onların burada davamlı və firavan həyat qurması ilə ölçülür.
Kəlbəcər şəhərinin gələcək inkişafı bu yanaşma əsasında hazırlanmış Baş Planla müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq olunub. Sənəd hazırlanarkən şəhərin işğaldan əvvəlki planlaşdırma quruluşu, relyefi, tarixi-memarlıq ənənələri və təbii landşaftı nəzərə alınıb. Baş Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. 2040-cı ilədək 4250 mənzilin yaradılması, dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana və reabilitasiya mərkəzinin tikintisi planlaşdırılır. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması da layihənin mühüm istiqamətlərindəndir. Bu göstəricilər Kəlbəcərin yalnız yenidən qurulmasını deyil, gələcək nəsillərin ehtiyaclarını nəzərə alan müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
Şəhərdə yaşayış komplekslərinin inşası Böyük Qayıdışın əsas mərhələlərindən biridir. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub. 19,5 hektar ərazini əhatə edən kompleksin birinci mərhələsində 201 ailənin, ikinci mərhələsində isə 323 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Çoxmənzilli binalarla yanaşı, fərdi yaşayış evlərinin də inşa edilməsi şəhərin yaşayış strukturunun müxtəlif ehtiyaclara uyğun formalaşdırılmasına xidmət edir.
2025-ci il avqustun 21-də Kəlbəcər şəhərində yeni mərhələnin başlanğıcı yaşandı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərin birinci yaşayış kompleksində yaradılmış şəraitlə tanış oldular, doğma yurda qayıdan sakinlərlə görüşdülər və onlara mənzillərin açarlarını təqdim etdilər. Uzun illər müxtəlif bölgələrdə məskunlaşmağa məcbur olmuş kəlbəcərlilərin öz evlərinə qayıtması Böyük Qayıdış prosesinin ən mühüm və mənəvi baxımdan təsirli hadisələrindən biri idi. Dövlət başçısının həmin gün sakinlərlə görüşü zamanı vurğuladığı kimi, şəhərdə yaşayış komplekslərinin inşası davam edəcək, zəruri sosial və kommunal infrastruktur yaradılacaq. Bu qayıdış Kəlbəcərdə həyatın yenidən canlanmasının, şəhərin öz sakinlərinə qovuşmasının real ifadəsinə çevrildi.
Böyük Qayıdış yalnız Kəlbəcər şəhərini əhatə etmir. Rayonun kəndlərinin bərpası və keçmiş sakinlərinin doğma yaşayış məntəqələrinə qaytarılması da bu prosesin mühüm istiqamətidir. 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Yanşaq və Zallar kəndlərinin təməli qoyulub. Təqdim olunan layihələrə əsasən, Yanşaq kəndində 421 ailənin, Zallar kəndində isə 487 ailənin məskunlaşdırılması nəzərdə tutulub. Yanşaqda yaşayış evləri ilə yanaşı, məktəb və uşaq bağçasının inşası da planlaşdırılıb. 2023-cü il avqustun 25-də isə Zar kəndinin təməli qoyulub. Bu kənddə ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulur. Beləliklə, şəhərlə yanaşı, kənd yaşayış məntəqələrinin də planlı şəkildə yenidən qurulması rayonun məskunlaşma coğrafiyasının bərpasına zəmin yaradır.
Kəndlərin yenidən qurulmasında əsas məsələ yalnız evlərin tikilməsi deyil. Müasir kənd yaşayış mühiti üçün yol, elektrik, su və digər kommunal xidmətlər, təhsil və sosial obyektlər, abadlıq və yaşıllaşdırma işləri kompleks şəkildə həyata keçirilməlidir. Yanşaq, Zallar və Zar kəndləri üzrə nəzərdə tutulan layihələr də məhz bu yanaşmanı əks etdirir. İnsanların doğma kəndlərində yaşaması, övladlarının orada təhsil alması, ailələrinin gündəlik ehtiyaclarını yerində təmin etməsi və təsərrüfat fəaliyyəti ilə məşğul olması Böyük Qayıdışın davamlılığını müəyyən edən əsas amillərdəndir.
Kəlbəcərin bərpası prosesində dövlət başçısının bölgəyə mütəmadi səfərləri, layihələrin gedişi ilə yerində tanışlıq və yeni obyektlərin təməlinin qoyulması işlərin ardıcıllığını göstərir. 2021-ci ildən etibarən şəhərdə və rayon ərazisində müxtəlif quruculuq layihələri həyata keçirilib. 2023-cü ildə yaşayış məhəlləsinin və kəndlərin təməli qoyulub, 2024-cü ildə şəhərin ikinci yaşayış kompleksinin inşasına başlanıb, 2025-ci ildə isə yeni yaşayış komplekslərinin təməli qoyulmaqla yanaşı, şəhər parkının yaradılması istiqamətində də işlərə start verilib. Bu addımlar Kəlbəcərin gələcək sosial həyatının formalaşdırılmasına xidmət edir.
Böyük Qayıdışın mahiyyəti həm də tarixi yaşayış ənənələrinin bərpasında ifadə olunur. Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıtması ilə burada ailə ocaqları yenidən qurulur, kənd və şəhər həyatı canlanır, nəsillər arasında torpaqla bağlılıq möhkəmlənir. Uzun illər məcburi köçkünlük şəraitində yaşamış insanların öz evlərinə qayıtması, uşaqların Kəlbəcərdə böyüməsi, yeni məktəblərdə təhsil alması və gələcək planlarını doğma yurdda qurması bu prosesin ən mühüm mənəvi nəticəsidir.
Kəlbəcərə Böyük Qayıdış keçmişin ağır izlərinin aradan qaldırılması ilə yanaşı, gələcəyə yönəlmiş genişmiqyaslı quruculuq prosesidir. Şəhərin Baş Planı, yaşayış kompleksləri, kəndlərin bərpası və sosial infrastruktur layihələri bu prosesin sistemli xarakter daşıdığını göstərir. Əsas hədəf Kəlbəcəri insanların yalnız qayıtdığı deyil, daimi yaşadığı, işlədiyi, təhsil aldığı və gələcəyini qurduğu doğma yurda çevirməkdir. Kəlbəcərdə hər yeni evin işığı, hər açılan məktəbin qapısı, hər ailənin öz ocağına qayıdışı bu tarixi prosesin canlı ifadəsidir.
Şahin Mənəfov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala Rayon Statistika İdarəsinin rəisi