PDF Oxu

Siyasət

  • 337

Azad Kəlbəcərin dirçəlişi - Zəfərdən böyük qayıdışa gedən yol - ŞƏRH

Azad Kəlbəcərin dirçəlişi - Zəfərdən böyük qayıdışa gedən yol - ŞƏRH

Kəlbəcər Azərbaycanın zəngin təbiəti, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları və qədim yaşayış məskənləri ilə seçilən tarixi rayonlarımızdan biridir. Uzun illər işğal altında qalan bu diyarın azad edilməsi xalqımızın yaddaşında mühüm tarixi hadisə kimi yaşayır. 2020-ci ilin Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu tarixdən etibarən qarşıda duran əsas vəzifələrdən biri doğma yurdun bərpası, təhlükəsizliyin təmin olunması, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz torpaqlarına qayıdışına şərait yaradılması oldu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad edilmiş ərazilərə, o cümlədən Kəlbəcərə mütəmadi səfərləri bu prosesin dövlət səviyyəsində daim diqqətdə saxlanıldığını göstərir. Səfərlər zamanı aparılan tikinti və bərpa işləri yerində nəzərdən keçirilir, yeni layihələrin təməli qoyulur, istifadəyə verilən obyektlərin açılışı edilir, yaşayış məntəqələrinin gələcək inkişafı ilə bağlı tapşırıqlar verilir. Bu səfərlər Kəlbəcərin yenidən qurulmasının yalnız infrastruktur layihəsi deyil, həm də tarixi ədalətin bərpası və Böyük Qayıdışın mühüm mərhələsi olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin azad olunmuş Kəlbəcərə ilk səfəri 16 avqust 2021-ci ildə baş tutdu. Həmin səfər rayonun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısı Ömər aşırımı istiqamətində görülən işlərlə tanış oldu, Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin tikintisi layihəsinə diqqət yetirdi. Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellə bağlı işlər də səfərin gündəliyində yer aldı. Bu layihələr dağlıq relyefə malik rayonun ölkənin digər bölgələri ilə əlaqəsinin yaxşılaşdırılması, gediş-gəlişin daha rahat və təhlükəsiz olması üçün mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı keçirildi, Kəlbəcər şəhərində Azərbaycan Bayrağı ucaldıldı, hərbi hissədə yaradılmış şəraitlə tanışlıq oldu. Prezident həmçinin arıçılarla görüşdü və vaxtilə məşhur olan “İstisu” sanatoriyasının dağıdılmış vəziyyətinə baxdı. Bu səfər bir tərəfdən rayonun təhlükəsizlik və enerji təminatının qurulmasını, digər tərəfdən isə Kəlbəcərin iqtisadi və turizm potensialının bərpası niyyətini ortaya qoydu.

2022-ci il iyunun 26-da Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etdi. Kəlbəcərdə yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak etdi, həmçinin Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yaradılmış şəraitlə tanış oldu. Səfər zamanı Toğanalı–Kəlbəcər avtomobil yolunun tikintisi, tunellər və Kəlbəcər-Laçın istiqamətində yol infrastrukturu ilə bağlı işlər diqqət mərkəzində saxlanıldı. Həmin günlərdə Kəlbəcər şəhərinin Baş planı, İşğal və Zəfər muzeyləri kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, “İstisu” mineral su zavodu və sanatoriyasının gələcək inkişafı ilə bağlı layihələr də təqdim edildi. Bu təşəbbüslər rayonun enerji, nəqliyyat, idarəetmə, turizm və mədəniyyət sahələrinin paralel şəkildə inkişaf etdirilməsinə hesablanmışdı.

2023-cü ilin may ayında Kəlbəcərə səfər zamanı Prezident İlham Əliyev Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak etdi. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşdırılması nəzərdə tutulmuş, birinci mərhələdə 218 ailə üçün fərdi evlərin tikintisi planlaşdırılmışdı. Layihədə məktəb və uşaq bağçasının inşası, abadlıq, yaşıllaşdırma və “yaşıl enerji”dən istifadə kimi məsələlər də nəzərdə tutulurdu. Zallar kəndinin təməlinin qoyulması isə kənd yaşayış məntəqələrinin bərpası istiqamətində atılan növbəti addım oldu.

Həmin səfər çərçivəsində “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda inşa edilmiş tunellərə və Kəlbəcər-Laçın yolunda görülən işlərə baxış keçirildi. Kəlbəcərdə hərbi hospitalın açılışı, şəhərdə ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlinin qoyulması da səfərin mühüm hadisələri sırasında idi. Bu layihələr göstərirdi ki, Kəlbəcərin bərpası yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır; təhsil, səhiyyə, enerji və nəqliyyat infrastrukturu da vahid plan əsasında qurulurdu.

2023-cü il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna növbəti dəfə səfər etdilər. Səfər zamanı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak olundu. Tərtər çayı üzərində yerləşən və yenidən qurulmuş bu stansiya rayonun enerji potensialının artırılmasına xidmət edir. Dövlət başçısı “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının da açılışında iştirak etdi. Bu stansiyaların istifadəyə verilməsi Kəlbəcərin zəngin su ehtiyatlarından səmərəli istifadə olunması və bərpaolunan enerji istehsalının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Səfər zamanı “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq keçirildi. “İstisu” Kəlbəcərin tanınmış təbii sərvətlərindən və turizm potensialının əsas dayaqlarından biridir. Zavodun və müalicə-istirahət kompleksinin yenidən qurulması bu təbii sərvətin iqtisadi dövriyyəyə qaytarılması, yeni iş yerlərinin yaradılması və bölgəyə turist marağının artırılması baxımından vacibdir. Prezident və birinci xanım Zar kəndinin təməlqoyma mərasimində də iştirak etdilər.

2023-cü il noyabrın 7-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Kəlbəcər rayonunun Vəngli kəndində oldular. Səfər zamanı işğal dövründə azərbaycanlılara məxsus avtomobillərin dövlət qeydiyyat nişanlarından hazırlanmış lövhə ilə bağlı məsələ diqqətə çatdırıldı və onun sökülməsi barədə tapşırıq verildi. Bu hadisə işğal illərində törədilmiş vandalizm aktlarının aradan qaldırılması, tarixi həqiqətlərin qorunması və milli yaddaşa hörmət baxımından rəmzi məna daşıyırdı. Prezident İlham Əliyevin 2 sentyabr 2024-cü il tarixli Kəlbəcər səfəri rayonun bərpasında növbəti mühüm mərhələ oldu. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak etdilər. “İstisu” mineral su zavodu istifadəyə verildi, “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı keçirildi və SCADA sistemi vasitəsilə Göygöl rayonundakı “Toğanalı” stansiyası da işə salındı. “İstisu” yarımstansiyasının açılışı enerji təminatının gücləndirilməsi istiqamətində atılan addımlardan biri oldu. Səfər zamanı Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində tikilən tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq keçirildi. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməli qoyuldu, 524 ailəlik yaşayış kompleksinin tikintisinə baxış keçirildi. Şəhər Təhsil Kompleksində aparılan işlər və modul tipli məktəbin layihəsi nəzərdən keçirildi, inzibati binanın təməli qoyuldu. Həmçinin İstisu qəsəbəsinin təməlqoyma mərasimi və Müalicə-İstirahət Kompleksində davam edən işlərlə tanışlıq səfərin mühüm məqamları oldu. Bu layihələr doğma yurda qayıdacaq sakinlərin mənzil, təhsil, kommunal və sosial ehtiyaclarının təmin edilməsinə yönəlib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri rayonun dirçəliş tarixinin ardıcıl mərhələlərini əks etdirir. İlk səfərdən başlayaraq enerji və yol infrastrukturu, yaşayış məntəqələrinin salınması, məktəb və səhiyyə obyektlərinin yaradılması, mineral su ehtiyatlarının və turizm imkanlarının bərpası əsas istiqamətlər kimi müəyyənləşdirilib. Sonrakı səfərlərdə bu layihələrin icrası izlənilib, yeni obyektlər açılıb və əlavə yaşayış komplekslərinin təməli qoyulub.

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri Böyük Qayıdışın real məzmununu təşkil edir. Məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil, müasir infrastruktura, təhlükəsiz yaşayış şəraitinə, təhsil və səhiyyə xidmətlərinə, məşğulluq imkanlarına malik dayanıqlı yaşayış mühiti yaratmaqdır. Kəlbəcərin yenidən qurulması xalqımızın doğma torpaqlara bağlılığının, dövlətimizin gücünün və gələcəyə inamının təcəssümüdür. Ən böyük arzu isə illərlə yurd həsrəti çəkmiş kəlbəcərlilərin öz ata-baba torpaqlarında daimi və firavan həyat qurmasıdır.

Lamiyə Abdullayeva

YAP Naxçıvan şəhər təşkilatı “Afiyəddin Cəlilov küçəsi” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər