PDF Oxu

Siyasət

  • 353

Enerji istehsalçısına çevrilən Kəlbəcər: Kəlbəcərin iqtisadi dirçəlişi - ŞƏRH

Enerji istehsalçısına çevrilən Kəlbəcər: Kəlbəcərin iqtisadi dirçəlişi - ŞƏRH

Kəlbəcər təbiətin səxavətlə bəxş etdiyi sərvətlərlə zəngin bir diyardır. Bu sərvətlərin ən mühümlərindən ikisi dağ çaylarının hidroenerji potensialı və İstisu mineral bulaqlarıdır. İşğaldan azad olunduqdan sonra keçən altı il ərzində Kəlbəcər həm yaşıl enerji istehsalçısına, həm də mineral su sənayesinin mərkəzinə çevrilməyə başlayıb. 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bölgənin iqtisadi dirçəlişinin bu iki istiqamətinə nəzər salaq.

Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə azad olunmuş ərazilərin bərpası strategiyasının əsas prioritetlərindəndir. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonasına çevirməyi qarşısına məqsəd qoyub. Kəlbəcərin sürətli axan dağ çayları, xüsusilə Tərtər çayı və onun qolları bu məqsəd üçün ideal imkanlar yaradır. Kiçik su elektrik stansiyaları ətraf mühitə minimal təsir göstərməklə ekoloji təmiz enerji istehsal edir.

Kəlbəcərdə enerji quruculuğu Prezident İlham Əliyevin rayona ilk səfəri ilə başladı. 2021-ci il avqustun 16-da 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyası açıldı, 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq oldu. 2022-ci il iyunun 26-da “Kəlbəcər-1” KSES istifadəyə verildi və həmin gün “Çıraq-1” KSES-də tikinti işlərinin gedişinə baxış keçirildi.

2023-cü il enerji layihələri baxımından xüsusilə məhsuldar oldu. Mayın 27-də “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları istifadəyə verildi. Avqustun 25-də isə “Soyuqbulaq” KSES-in, eləcə də “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” kiçik su elektrik stansiyalarının açılışı oldu.

2024-cü il sentyabrın 2-də Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyası istifadəyə verildi. Həmin gün Prezident “Zar” KSES-in açılışında iştirak etdi və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını həyata keçirdi. Bundan əlavə, “İstisu” yarımstansiyası da istismara verildi. 2025-ci il avqustun 21-də isə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı oldu.

Beləliklə, qısa müddətdə Kəlbəcərdə yaşıl enerji istehsal edən geniş stansiyalar şəbəkəsi yaradılıb. Bu stansiyalar həm bölgədə tikilən yaşayış məntəqələrinin, sənaye müəssisələrinin və sosial obyektlərin dayanıqlı enerji təchizatını təmin edir, həm də istehsal olunan enerjinin ölkənin vahid enerji sisteminə ötürülməsinə imkan verir. Müasir SCADA sistemləri stansiyaların məsafədən idarə olunmasını təmin edir. Bütün bunlar Kəlbəcəri enerji istehlakçısından enerji istehsalçısına çevirir.

Kəlbəcərin iqtisadi dirçəlişinin ikinci mühüm istiqaməti İstisu ilə bağlıdır. İstisu mineral bulaqları hələ sovet dövründə bütün regionda məşhur idi. Bu suyun tərkibi və müalicəvi xüsusiyyətləri onu dünyanın məşhur müalicəvi suları ilə müqayisə etməyə əsas verir. Kəlbəcərdə fəaliyyət göstərən mineral su zavodu və sanatoriya respublikanın tanınmış müəssisələrindən idi. İşğal illərində isə həm zavod, həm də sanatoriya dağıdıldı, mineral su ehtiyatları talan edildi.

İstisunun dirçəlişi də mərhələli şəkildə həyata keçirildi. 2021-ci il avqustun 16-da Prezident dağıdılmış “İstisu” sanatoriyasına baxış keçirdi. 2022-ci il iyunun 26-da “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməli qoyuldu. 2023-cü il avqustun 25-də Prezident “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu. Nəhayət, 2024-cü il sentyabrın 2-də “İstisu” mineral su zavodu istifadəyə verildi. Həmin gün İstisu qəsəbəsinin də təməli qoyuldu.

Yeni zavod müasir texnologiyalarla təchiz olunub və yüksək keyfiyyətli məhsul istehsal edir. “İstisu” mineral suyu yenidən Azərbaycan istehlakçısının süfrəsinə qayıdıb. Zavod yerli sakinlər üçün yeni iş yerləri yaradır və bölgədə iqtisadi fəallığın artmasına töhfə verir. Gələcəkdə “İstisu” brendinin xarici bazarlara çıxarılması üçün də böyük potensial var.

“İstisu” Müalicə-İstirahət Kompleksi isə Kəlbəcəri sağlamlıq turizminin mərkəzinə çevirəcək. Kompleks müasir balneoloji müalicə xidmətləri təqdim edəcək. Dağ havası, mineral sular və təbiətin gözəlliyi birlikdə burada unikal müalicə mühiti yaradır. İstisu qəsəbəsi isə kurort zonasının sosial infrastrukturunu formalaşdıracaq.

Kəlbəcərin iqtisadiyyatında ənənəvi sahələrin bərpası da mühüm yer tutur. Bölgənin alp çəmənlikləri maldarlıq üçün, çiçəkli yaylaları isə arıçılıq üçün əvəzsiz imkanlar yaradır. Kəlbəcər balı keyfiyyəti ilə tanınır və 2025-ci ildə açılan “Balland” mağazası bu məhsulun bazara müasir formatda çıxarılmasına xidmət edir. Gələcəkdə bölgədə kənd təsərrüfatı məhsullarının emalı, yun və dəri istehsalı, ekoloji təmiz qida məhsullarının istehsalı kimi sahələrin inkişafı da mümkündür. Beləliklə, Kəlbəcərin iqtisadiyyatı enerji, sənaye, turizm və kənd təsərrüfatının vəhdəti əsasında şaxələndirilmiş model üzərində qurulur.

Yaşıl enerji və İstisu layihələri göstərir ki, Kəlbəcər təkcə tarixi və mənəvi baxımdan deyil, iqtisadi baxımdan da Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Təbii sərvətlərin səmərəli istifadəsi bölgənin dayanıqlı inkişafının təminatıdır. Kəlbəcər şəhəri günü bu uğurların da bayramıdır.

Rza Məmmədov,

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Azadlıq prospekti 20” ünvanı üzrə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ərazi partiya təşkilatının sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris məsələləri üzrə prorektoru

Digər xəbərlər