PDF Oxu

Siyasət

  • 866

“Böyük Qayıdış Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafına zəmin yaradır“ -MİLLƏT VƏKİLİ

“Böyük Qayıdış Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafına zəmin yaradır“ -MİLLƏT VƏKİLİ

“Böyük Qayıdış proqramının qarşıdakı mərhələdə daha sürətli və genişmiqyaslı həyata keçirilməsi Azərbaycanın postmünaqişə dövründə müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi sisteminə reinteqrasiyası dövlət siyasətinin əsas prioritetlərindəndir”.Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Böyük Qayıdış yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yaşayış evlərinin inşası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə məhdudlaşmır. Proqramın mahiyyəti müasir infrastrukturun yaradılması, yeni iqtisadi və sosial həyatın formalaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi və regionun dayanıqlı inkişaf modelinin qurulmasından ibarətdir.Əli Hüseynli qeyd edib ki, infrastruktur layihələrinin sürətləndirilməsi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradır. Yeni avtomobil və dəmir yolları, hava limanları, enerji və kommunikasiya xətləri, su təchizatı sistemləri regionun ölkənin digər iqtisadi mərkəzləri ilə əlaqələrini gücləndirməklə yanaşı, sahibkarlıq və investisiya fəaliyyəti üçün də əlverişli şərait formalaşdırır.Komitə sədrinin fikrincə, sənaye müəssisələrinin, emal və istehsal sahələrinin, logistika mərkəzlərinin yaradılması yerli iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına təkan verəcək. Bununla yanaşı, kənd təsərrüfatı, turizm və xidmət sektorunun inkişafı regionun iqtisadi dövriyyəyə daha fəal cəlb olunmasına xidmət edəcək.O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları, torpaq və su resursları, tarixi-mədəni irsi bu ərazilərdə çoxşaxəli iqtisadi fəaliyyət üçün ciddi potensial yaradır. Müasir aqrar texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının emalı, ekoturizm və mədəni turizm imkanlarının genişləndirilməsi regionun inkişafına mühüm töhfə verə bilər. Eyni zamanda, yaşıl enerji və innovativ texnologiyalar əsasında iqtisadi modelin formalaşdırılması uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsində xüsusi rol oynayır.Əli Hüseynli vurğulayıb ki, Böyük Qayıdışın uğurunu müəyyən edən əsas amillərdən biri insanların doğma torpaqlarında təhlükəsiz və davamlı yaşayışının təmin olunmasıdır. Bunun üçün yaşayış evlərinin inşası ilə yanaşı, təhsil, səhiyyə, sosial xidmətlər, mədəniyyət və idman infrastrukturu da paralel şəkildə inkişaf etdirilməlidir. Xüsusilə əhalinin məşğulluğunun təmin edilməsi, gənclərin təhsil alması, peşə qazanması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması dayanıqlı məskunlaşmanın mühüm şərtlərindəndir.Komitə sədri hesab edir ki, proqramın növbəti mərhələsində dövlət investisiyaları ilə yanaşı, özəl sektorun iştirakının genişləndirilməsi, sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması və investisiya imkanlarının artırılması vacibdir. Regionda iqtisadi fəallığın yüksəlməsi yalnız yerli əhalinin rifahına deyil, bütövlükdə ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun genişlənməsinə və regionlararası iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcək.O, həmçinin diqqətə çatdırıb ki, bərpa prosesində minalardan təmizləmə, ekoloji təhlükəsizlik, infrastrukturun istismara hazırlanması və tikinti layihələrinin keyfiyyətinə nəzarət məsələləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Sürətli quruculuqla yanaşı, uzunmüddətli istismara yararlı, etibarlı və dayanıqlı yaşayış mühitinin yaradılması əsas məqsədlərdən biri olmalıdır.Əli Hüseynli bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər Qarabağ və Şərqi Zəngəzurun inkişafının dövlət siyasətində prioritet yer tutduğunu bir daha təsdiqləyir. Dövlət başçısının açıqladığı məlumata görə, bu ərazilərin bərpası və inkişafı üçün indiyədək 28 milyard manat vəsait ayrılıb, keçmiş məcburi köçkünlər artıq 48 yaşayış məntəqəsində məskunlaşıblar.Komitə sədri qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması məqsədilə 3 milyard 422 milyon manat vəsait nəzərdə tutulub. Bu məbləğ dövlət büdcəsi xərclərinin 8 faizini təşkil edir və qarşıdakı mərhələdə görüləcək işlərin miqyasını nümayiş etdirir.Onun sözlərinə görə, Böyük Qayıdış proqramının ardıcıl və kompleks şəkildə həyata keçirilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur müasir yaşayış məkanlarına və yeni iqtisadi fəaliyyət mərkəzlərinə çevriləcək. Ən mühüm nəticə isə illərlə doğma torpaq həsrəti ilə yaşayan insanların öz yurdlarında təhlükəsiz, firavan və perspektivli həyat qurması üçün şəraitin yaradılması olacaq.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər