Azərbaycan və Litva arasında münasibətlərin inkişafında yeni mərhələ başlayır. İki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyanatın imzalanması nəzərdə tutulur.SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.Nazir bildirib ki, cari ilin yanvarında Litva Prezidenti Azərbaycana səfər edib və səfər çərçivəsində səmərəli müzakirələr aparılıb. Həmçinin iyul ayında Vilnüsdə iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Tərəflər bu məsləhətləşmələrin mütəmadi şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.Ceyhun Bayramov qeyd edib ki, 2007-ci ildə iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafına dair ilk çərçivə sənədi imzalanıb. Bu gün isə Azərbaycan və Litva arasında strateji tərəfdaşlığa dair birgə bəyanatın imzalanması nəzərdə tutulur. Onun sözlərinə görə, yeni sənəd iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.Xarici işlər naziri vurğulayıb ki, hazırda Azərbaycanla Litva arasında müxtəlif sahələri əhatə edən 45 sənəddən ibarət müqavilə-hüquq bazası mövcuddur. Yeni sənədlərin hazırlanması istiqamətində də işlər davam etdirilir və onların yaxın zamanda imzalanacağına ümid ifadə olunub.İqtisadi və ticarət əlaqələrinə toxunan Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında mövcud ticarət dövriyyəsi potensiala uyğun deyil. O, tərəflərin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün atılmalı addımlarla bağlı fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb.Nazir əlavə edib ki, Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycana səfəri çərçivəsində böyük iş adamları və şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti də ölkəmizə gəlib. Biznes forumda iştirakın, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasının, informasiya mübadiləsinin və qarşılıqlı investisiya imkanlarının müzakirəsinin iqtisadi əməkdaşlığa töhfə verəcəyi gözlənilir.
Müəllif: Günel Fərzəliyeva