PDF Oxu

Siyasət

  • 343

Kəlbəcər – Zəfərin, qayıdışın və dirçəlişin ünvanı - ŞƏRH

Kəlbəcər – Zəfərin, qayıdışın və dirçəlişin ünvanı - ŞƏRH

25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli iradənin təntənəsini və doğma torpaqlara qayıdışın sevincini özündə ehtiva edən əlamətdar tarixdir. Möhtəşəm təbiəti, zəngin tarixi-mədəni irsi, yeraltı və yerüstü sərvətləri, eləcə də mühüm strateji-coğrafi mövqeyi ilə seçilən Kəlbəcər Azərbaycanın ən qiymətli bölgələrindən biridir. Uca dağları, saf bulaqları, sıx meşələri və füsunkar təbiəti ilə seçilən bu diyarın yenidən azadlığa qovuşması xalqımızın tarixi qələbəsinin mühüm səhifələrindən birinə çevrilmişdir.
Kəlbəcərin taleyində 1993-cü il aprelin 2-si ağrılı və faciəli bir tarix kimi qaldı. Ermənistan silahlı qüvvələrinin rayonu işğal etməsi nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, bölgədə ağır humanitar fəlakət yaşandı. Kəlbəcərin işğalı yalnız ərazi itkisi deyil, həm də Azərbaycanın hərbi-strateji təhlükəsizliyinə ciddi təhdid idi. Rayonun işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantının yaranmasına şərait yaratdı və bununla da digər Azərbaycan torpaqlarının işğalı üçün əlverişli imkan formalaşdırdı.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğala qarşı BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul edərək işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdi. Lakin beynəlxalq təşkilatların qərarları uzun illər kağız üzərində qaldı, işğal faktına qarşı real və təsirli tədbirlər görülmədi. Beləliklə, Azərbaycan xalqı uzun illər ədalətin bərpasını, ərazi bütövlüyünün təmin olunmasını gözlədi. Bu gözlənti isə milli birliyin, dövlətçilik iradəsinin və qətiyyətli siyasi strategiyanın möhkəmlənməsinə təkan verdi.
Nəhayət, 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın böyük hissəsini hərbi yolla azad etdi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr əldə olundu. Kəlbəcərin azadlığı məsələsində isə hərbi-strateji amillər xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısının qeyd etdiyi kimi, həmin dövrdə Ağdərə istiqaməti Azərbaycanın nəzarətində olmadığından Kəlbəcərin yalnız Murov istiqamətindən hərbi yolla azad edilməsi böyük itkilərə səbəb ola bilərdi.
Bununla belə, Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürməsi düşmənin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu yüksəkliklərin azad edilməsi nəticəsində erməni silahlı qüvvələri Basarkeçər-Kəlbəcər yolundan faktiki olaraq istifadə edə bilmədi. Bu, Azərbaycanın hərbi-siyasi strategiyasının nə qədər dəqiq və uzaqgörən olduğunu bir daha nümayiş etdirdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 il davam edən işğala son qoyuldu, Kəlbəcər yenidən öz dövlətinə qovuşdu. Lakin işğalçı qüvvələrin ərazini tərk edərkən yaşayış evlərini, meşələri yandırması, mülki infrastrukturu dağıtması erməni vandalizminin növbəti bariz nümunəsi oldu. Bu dağıntılar Kəlbəcərin inkişafına ciddi zərbə vursa da, Azərbaycan dövlətinin quruculuq əzmini və xalqımızın doğma torpaqlara qayıtmaq iradəsini sarsıda bilmədi.
Azadlığın ilk rəmzi addımlarından biri 2021-ci il avqustun 16-da Prezident İlham Əliyevin Kəlbəcərdə Azərbaycan Respublikasının Dövlət bayrağını ucaltması oldu. Bu hadisə dövlət suverenliyinin, milli qürurun və tarixi ədalətin təntənəsinin rəmzinə çevrildi. Həmin gündən etibarən Kəlbəcərin yenidən qurulması, müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi və əhalinin doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə müəyyənləşdirdiyi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plana əsasən, Kəlbəcərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə 524 ailəlik yaşayış kompleksinin inşası keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bu layihələr Kəlbəcərin yalnız fiziki baxımdan deyil, həm də sosial, iqtisadi və mədəni cəhətdən yenidən dirçəldilməsinə xidmət edir.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə köçən sakinlərlə görüşü Böyük Qayıdış prosesinin mənəvi və siyasi əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının həmin görüşdə səsləndirdiyi “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır” fikri xalqımızın keçdiyi mürəkkəb tarixi yolun, mübarizəsinin və qazandığı Zəfərin mahiyyətini ifadə edir. Doğma torpaqlarına qayıdan sakinlərin sevincində isə illərlə davam edən həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və gələcəyə inamın təcəssümü görünür.
Kəlbəcərin inkişafı yalnız şəhərin mərkəzi ilə məhdudlaşmır. Rayonun Yanşaq, Zallar və Zar kəndlərində aparılan tikinti və abadlıq işləri kənd yaşayış məntəqələrinin də müasir standartlara uyğun yenidən qurulmasını hədəfləyir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası bölgənin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, kiçik su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması Kəlbəcərin enerji potensialının gücləndirilməsinə, yaşıl enerji istehsalının genişləndirilməsinə mühüm töhfə verir.
Rayonun zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsi də iqtisadi inkişafın əsas istiqamətlərindəndir. Xüsusilə, İstisu mineral sularının istehsal potensialının yenidən reallaşdırılması, “İstisu” mineral su zavodunun fəaliyyəti və Müalicə-İstirahət Kompleksinin inşası Kəlbəcərin gələcəkdə Azərbaycanın mühüm sağlamlıq və turizm mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir. Bu layihələr yeni iş yerlərinin yaradılması, yerli iqtisadi fəallığın artırılması və bölgənin investisiya cəlbediciliyinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir.
Hazırda Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfərin məskunlaşması Böyük Qayıdış proqramının real nəticələrinin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqramın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə həyatın bütün sahələrini yenidən canlandırmaq, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli yaşayışını təmin etmək, bölgənin iqtisadi potensialını ölkənin ümumi inkişafına inteqrasiya etməkdir. Dövlət başçısının “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir” fikri isə qarşıya qoyulan məqsədlərin miqyasını və gələcəyə hesablanmış inkişaf baxışını aydın şəkildə ifadə edir.
Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsini yaşayır. Bir vaxtlar dağıntılara məruz qalmış, sakinləri doğma yurdlarından didərgin salınmış bu qədim diyar indi quruculuğun, tərəqqinin və qayıdışın ünvanına çevrilir. Burada inşa edilən hər bir yaşayış binası, çəkilən hər bir yol, qurulan hər bir infrastruktur obyekti Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini və Zəfərin yaratdığı yeni reallıqları nümayiş etdirir.
25 noyabr – Kəlbəcər Şəhəri Günü yalnız bir rayonun işğaldan azad olunmasının ildönümü deyil. Bu tarix Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, beynəlxalq hüquqa əsaslanan haqq işinin və milli iradəsinin təntənəsidir. Kəlbəcərin timsalında biz bir daha görürük ki, güclü dövlətçilik, xalq-iqtidar birliyi və qətiyyətli liderlik ən mürəkkəb tarixi sınaqlardan belə qalib çıxmağa imkan verir. Bu gün Kəlbəcər yenidən nəfəs alır, öz sakinlərini qoynuna alır və gələcəyə inamla addımlayır. Onun hər qarışında Zəfərin qüruru, qayıdışın sevinci və Azərbaycan dövlətinin qüdrəti yaşayır.

İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər