PDF Oxu

Siyasət

  • 376

Zəfərimizin və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

Zəfərimizin və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, əsrarəngiz təbiətə və böyük iqtisadi potensiala malik diyarlarından biridir. Kiçik Qafqazın qoynunda yerləşən bu füsunkar bölgə əsrlər boyu özünün təbii sərvətləri, mineral bulaqları, meşələri, dağları və tarixi abidələri ilə seçilib. Kəlbəcər təkcə coğrafi ərazi deyil, həm də Azərbaycan xalqının tarixi yaddaşının, milli-mədəni irsinin ayrılmaz hissəsidir. Rayonun ərazisində yerləşən qədim yaşayış məskənləri, Alban məbədləri, qalalar və digər tarixi-mədəniyyət nümunələri bu torpağın zəngin keçmişindən xəbər verir. 1930-cu ildə inzibati rayon kimi yaradılan Kəlbəcər uzun illər Azərbaycanın iqtisadi, mədəni və turizm həyatında özünəməxsus yer tutub.
Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Kəlbəcərin də taleyinə ağır təsir göstərdi. 1993-cü il aprelin 2-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Uzun illər ərzində kəlbəcərlilər öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Kəlbəcərin işğalı Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş ağır cinayətlərdən biri olmaqla yanaşı, ölkəmizin üzləşdiyi humanitar faciənin də mühüm tərkib hissəsi idi.
Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulması dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdən biri idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, diplomatik və hərbi strategiya nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində mühüm tarixi nailiyyətlər əldə etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbə regionda yeni reallıqlar yaratdı. Ermənistanın kapitulyasiyasını qəbul etməsi ilə nəticələnən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın digər əraziləri ilə yanaşı, Kəlbəcərin də geri qaytarılmasını təmin etdi.
Həmin Bəyanata əsasən, Kəlbəcər rayonunun noyabrın 15-dək Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfinin müraciəti və ərazidən çıxış üçün əlavə vaxt istəməsi nəzərə alınaraq bu müddət noyabrın 25-dək uzadıldı. Azərbaycan dövlətinin nümayiş etdirdiyi siyasi iradə və diplomatik yanaşma nəticəsində Kəlbəcər genişmiqyaslı hərbi toqquşma və əlavə insan itkiləri olmadan Azərbaycana qaytarıldı. Beləliklə, 2020-ci il noyabrın 25-də Azərbaycan bayrağı Kəlbəcərdə yenidən dalğalanmağa başladı. Bu hadisə Prezident İlham Əliyevin müharibə dövründə və sonrakı mərhələdə həyata keçirdiyi düşünülmüş siyasi strategiyanın mühüm nəticələrindən biri kimi tarixə düşdü. Kəlbəcərin döyüşsüz qaytarılması həm də şəhərin və onun sakinlərinin gələcək taleyi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Kəlbəcərin azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də onilliklər ərzində doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidlərinin gerçəkləşməsi idi. Uzun illər Kəlbəcərə qayıdacağı günü gözləyən sakinlər üçün 25 noyabr tarixi yeni həyatın başlanğıcına çevrildi. Bu gün həmin tarix Azərbaycan xalqının yaddaşında işğala son qoyulan, tarixi ədalətin bərpa olunduğu və milli birliyin təntənə etdiyi gün kimi yaşayır.
Tarixi Qələbənin əbədiləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin tarixinin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Kəlbəcərin azad edilməsi tarixinin dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəlbəcər Şəhəri Gününün təsis edilməsi həm də doğma torpaqlarından didərgin düşmüş insanların illərlə yaşatdıqları qayıdış arzusunun rəmzidir. Bu gün yalnız bir şəhərin azad edilməsinin ildönümü deyil, xalqımızın iradəsinin, dövlətimizin gücünün və ərazi bütövlüyümüz uğrunda aparılan mübarizənin tarixi nəticələrinin ifadəsidir.
Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri rayonun yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyev azad edilmiş ərazilərə səfərləri çərçivəsində Kəlbəcərə dəfələrlə baş çəkərək burada həyata keçirilən layihələrin gedişi ilə yaxından maraqlanıb, mühüm infrastruktur obyektlərinin təməlini qoyub və açılışlarında iştirak edib.
Dövlət başçısının 2022-ci il iyunun 26-da Kəlbəcərə səfəri zamanı şəhərin Baş planı təqdim olunub, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin və su istehsalı zavodunun təməli qoyulub. Sonrakı səfərlərdə də Prezident müxtəlif infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi ilə yaxından maraqlanıb. 2023-cü il avqustun 25-də “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” kiçik su elektrik stansiyalarının açılışında iştirak edib, İstisu layihələri ilə tanış olub. 2024-cü il sentyabrın 2-də isə Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak edib, İstisu mineral su zavodunun fəaliyyətə başlamasına şahidlik edib və şəhərdə yeni yaşayış komplekslərinin təməllərini qoyub.
Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri bölgənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolu, tunellər, körpülər, elektrik enerjisi infrastrukturu, su təsərrüfatı obyektləri və digər layihələr bölgənin nəqliyyat və iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edir. Xüsusilə çətin dağlıq relyefə malik ərazidə müasir yol infrastrukturunun yaradılması Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən bu layihələr Kəlbəcərin yalnız bərpasına deyil, həm də gələcəkdə Azərbaycanın mühüm iqtisadi, turizm və yaşayış mərkəzlərindən birinə çevrilməsinə hesablanıb.
Kəlbəcərin yenidən qurulmasının ən mühüm nəticəsi isə insanların doğma torpaqlarına qayıtmasıdır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər. 32 ildən sonra doğma şəhərinə qayıdan kəlbəcərlilərlə görüşdə Prezident onların sevincinə şərik olub, yaradılan yaşayış şəraiti ilə tanış olub. Dövlət başçısı çıxışında Kəlbəcərin bir güllə atılmadan azad edildiyini də xüsusi vurğulayıb. Bu görüş Böyük Qayıdış prosesinin ən əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Çünki illərlə doğma yurdunun həsrəti ilə yaşayan insanlar artıq öz evlərində yeni həyata başlayırlar.
Kəlbəcərin azad edilməsi uğrunda aparılmış mübarizənin və bu tarixi hadisədə iştirak edən hərbi qulluqçuların xidmətlərinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı təsis edilib. Müvafiq qanunla təsdiq edilmiş Əsasnaməyə əsasən, bu medalla Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilirlər.
Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsini yaşayır. Vaxtilə dağıntılara məruz qalmış ərazilərdə müasir yaşayış kompleksləri, inzibati binalar, məktəblər, sosial obyektlər və yollar inşa olunur. Şəhərin Baş planına uyğun olaraq aparılan quruculuq işləri burada müasir və rahat yaşayış mühitinin formalaşdırılmasını nəzərdə tutur. Kəlbəcərin təbii gözəlliklərinin qorunması, ekoloji tarazlığın təmin edilməsi və mövcud sərvətlərindən səmərəli istifadə də yenidənqurma prosesinin əsas istiqamətlərindəndir.
Kəlbəcər Şəhəri Günü bütün bu tarixi hadisələrin, yaşanan ağrıların, qazanılan Zəfərin və başlanan quruculuq prosesinin ümumiləşdirilmiş ifadəsidir. 25 noyabr Azərbaycan xalqının öz tarixi torpaqlarına sahib çıxmaq əzmini, milli birliyini və dövlətimizin ərazi bütövlüyünün bərpasını təcəssüm etdirən əlamətdar gündür. Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri, sakinlərin doğma yurda qayıdışı və yeni yaşayış məkanlarının yaradılması bir həqiqəti nümayiş etdirir: Kəlbəcərin tarixi həyatı yenidən canlanır. Bir zamanlar həsrət və nisgilin ünvanı olan bu qədim diyar indi dirçəlişin, qayıdışın və gələcəyə inamın rəmzinə çevrilir.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər