PDF Oxu

Siyasət

  • 320

Kəlbəcər – tarixin yaddaşından Zəfərə, Zəfərdən Böyük Qayıdışa - ŞƏRH

Kəlbəcər – tarixin yaddaşından Zəfərə, Zəfərdən Böyük Qayıdışa - ŞƏRH

Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin təbii sərvətlərini, milli-mənəvi dəyərlərini və dövlətçilik tarixini özündə birləşdirən mühüm bölgələrimizdən biridir. Bu torpaq haqqında danışarkən yalnız onun uca dağlarını, meşələrini, mineral bulaqlarını və füsunkar təbiətini deyil, həm də minilliklərə söykənən tarixini, mədəni irsini və xalqımızın yaddaşında tutduğu xüsusi yeri xatırlamaq lazımdır. Kəlbəcər Azərbaycanın tarixən formalaşmış yaşayış məskənlərindən biri olmaqla yanaşı, təbii-coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə də seçilir.

Kəlbəcərin tarixi keçmişinin öyrənilməsi baxımından ərazidə aşkar edilmiş arxeoloji abidələr xüsusi əhəmiyyət daşıyır. Zar kəndi yaxınlığında yerləşən Zar mağara düşərgəsində aparılmış arxeoloji tədqiqatlar zamanı qədim dövrlərə aid daş alətlər aşkar edilib. Bu tapıntılar bölgənin qədim insan məskənlərindən biri olduğunu göstərən mühüm elmi faktlardandır. Dəlidağ ətrafındakı qayaüstü təsvirlər, qədim qəbirüstü qoç və at fiqurları, eləcə də müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri Kəlbəcərin arxeoloji irsinin zənginliyini təsdiqləyir. Bölgənin memarlıq irsində xüsusi yer tutan Xudavəng monastır kompleksi də Kəlbəcərin tarixi əhəmiyyətini nümayiş etdirən mühüm abidələrdəndir. Tərtər çayının sol sahilində, Vəng kəndi ərazisində yerləşən bu kompleks orta əsr memarlıq irsinin diqqətəlayiq nümunələrindəndir. Kompleksin tarixi qatları, memarlıq xüsusiyyətləri və burada qorunub saxlanılan tikililər bölgənin çoxəsrlik mədəni irsini öyrənmək baxımından əhəmiyyətlidir. Belə abidələrin qorunması və gələcək nəsillərə çatdırılması tarixi yaddaşımızın yaşadılması baxımından mühüm vəzifədir. Coğrafi mövqeyi ilə də fərqlənən Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin böyük hissəsini dağlıq və meşəlik sahələr, alp və subalp çəmənlikləri təşkil edir. Dəlidağ və digər yüksək dağ zirvələri, Tərtər çayı və onun qolları, zəngin mineral su ehtiyatları bu bölgənin təbii potensialını müəyyənləşdirən əsas amillərdəndir. Bu xüsusiyyətlər Kəlbəcərin turizm, kənd təsərrüfatı, heyvandarlıq və alternativ enerji sahələrində geniş imkanlara malik olduğunu göstərir. Kəlbəcərin müasir tarixində ən ağrılı hadisələrdən biri 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsidir. Bu işğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin düşmüş, yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsə və iqtisadi infrastruktura ciddi ziyan vurulmuşdur. Uzun illər doğma torpaqlarından uzaqda yaşamağa məcbur olan Kəlbəcər sakinlərinin ən böyük arzusu öz evlərinə, ata-baba ocaqlarına qayıtmaq idi.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hərbi-siyasi uğurun nəticəsi olaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Bu tarix xalqımızın yaddaşına Kəlbəcərin azadlıq salnaməsinin mühüm günü kimi həkk olundu. Vətən müharibəsində qazanılan Zəfər və ardınca Kəlbəcərin Azərbaycana qaytarılması dövlətimizin siyasi iradəsinin, xalqımızın birliyinin və Ordumuzun qüdrətinin parlaq təzahürü idi.

Kəlbəcərin azad olunması ilə qarşıda yeni və məsuliyyətli mərhələ – doğma torpaqlarda həyatın yenidən qurulması və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışının təmin edilməsi vəzifəsi dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti çərçivəsində bölgədə genişmiqyaslı layihələrə start verildi. Bu layihələr yalnız yaşayış evlərinin tikintisini deyil, həm də yol-nəqliyyat infrastrukturunun, enerji və kommunal sistemlərin, sosial obyektlərin və iqtisadi müəssisələrin yenidən qurulmasını əhatə edir.

Kəlbəcərin gələcək inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti var. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası, dağlıq relyefdə tunellərin salınması və digər yol layihələrinin həyata keçirilməsi bölgənin ölkənin digər əraziləri ilə əlaqəsinin möhkəmləndirilməsinə xidmət edir. Bu yollar insanların rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, turizmin, sahibkarlığın, kənd təsərrüfatının və ticarətin inkişafı üçün də yeni imkanlar yaradır. Dövlət başçısının azad olunmuş ərazilərə mütəmadi səfərləri aparılan işlərin gedişinə nəzarət, layihələrin vaxtında və keyfiyyətlə icrası, qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il avqustun 25-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər rayonuna səfəri də bu baxımdan diqqətəlayiq hadisələrdən biri oldu.

Səfər çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı keçirildi. Dövlət başçısı “İstisu” mineral sudoldurma zavodunun tikintisi ilə tanış oldu, “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan işlər barədə məlumat aldı. Həmçinin “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi. Səfərin mühüm hadisələrindən biri də Zar kəndinin təməlqoyma mərasimi oldu. Bu tədbirlər Kəlbəcərin təbii və iqtisadi potensialının yenidən ölkə iqtisadiyyatına qazandırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşayış məntəqələrinin bərpası istiqamətində atılan addımların göstəricisi idi. Kəlbəcərin enerji potensialının bərpası dövlətin yaşıl enerji siyasətinin də mühüm istiqamətlərindən biridir. Dağ çaylarının hidroenerji imkanlarından istifadə etməklə yaradılan kiçik su elektrik stansiyaları bölgənin elektrik enerjisi ilə təminatına töhfə verir. Bu yanaşma həm yerli resurslardan səmərəli istifadə, həm də işğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı baxımından əhəmiyyətlidir.

Böyük Qayıdış proqramının əsas məqsədlərindən biri də Kəlbəcərin kəndlərinin yenidən qurulması və keçmiş sakinlərinin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə Yanşaq, Zallar və Zar kəndlərində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. 2023-cü il mayın 27-də Prezident İlham Əliyev Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində isə 487 ailənin məskunlaşdırılması nəzərdə tutulub. Yanşaq kəndinin layihəsinə əsasən, birinci mərhələdə 218 ailə üçün fərdi yaşayış evlərinin tikilməsi, məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Zallar kəndində də yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası və digər sosial infrastrukturun yaradılması nəzərdə tutulub. Avqustun 25-də təməli qoyulan Zar kəndində isə ümumilikdə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb. Kəndin inkişaf planında fərdi yaşayış evlərinin tikintisi, sosial infrastrukturun yaradılması, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, sakinlərin rahat yaşayışı üçün zəruri şəraitin qurulması nəzərdə tutulur.

Bu rəqəmlər ilk baxışdan sadəcə yaşayış evlərinin və ailələrin sayını ifadə edə bilər. Lakin məsələnin mahiyyəti daha genişdir. Hər bir inşa edilən ev bir ailənin doğma ocağına qayıdışı, hər bir məktəb gələcək nəslin öz yurdunda təhsil alması, hər bir uşaq bağçası isə həmin torpaqlarda yeni həyatın başlanması deməkdir. Mənim fikrimcə, Böyük Qayıdışın ən dəyərli tərəflərindən biri də məhz budur: illərlə həsrətlə gözlənilən torpaqlarda yenidən ailə səslərinin, uşaq gülüşlərinin və gündəlik həyatın canlanması.

Kəlbəcərin iqtisadi dirçəlişindən danışarkən onun ən qiymətli təbii sərvətlərindən biri olan “İstisu” mineral suyuna xüsusi yer ayırmaq lazımdır. Bu su özünəməxsus mineral tərkibi və təbii xüsusiyyətləri ilə uzun illərdir tanınır. 1976-cı ildən Kəlbəcərdə “İstisu” mineral suyunun sənaye üsulu ilə istehsalına başlanılmış, məhsul qısa müddətdə ölkəmizdən kənarda da tanınmışdı. Lakin rayonun işğalı nəticəsində istehsal fəaliyyəti dayandırılmış, bu qiymətli sərvətin iqtisadi potensialından istifadə imkanları uzun müddət məhdudlaşmışdı. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri çərçivəsində “İstisu”nun yenidən istehsala qaytarılması mühüm prioritetlərdən birinə çevrildi. 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən mineral su zavodunun təməli qoyuldu. 2024-cü ildə tikinti işləri başa çatdırıldı və sentyabrın 2-də dövlət başçısının iştirakı ilə müəssisənin açılışı keçirildi. Müasir avtomatlaşdırılmış istehsal xətləri ilə təchiz edilən zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisənin fəaliyyəti yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması və Azərbaycanın təbii sərvətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə işğal səbəbindən fəaliyyəti dayandırılmış bir müəssisənin müasir texnologiyalar əsasında yenidən qurularaq ölkəmizin iqtisadi həyatına qayıtması xüsusi rəmzi məna daşıyır. Kəlbəcərin bərpası istiqamətində görülən işlərə bütöv bir inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşmaq lazımdır. Çünki hər bir yol, elektrik stansiyası, istehsal müəssisəsi, yaşayış kompleksi və sosial obyekt ümumi inkişafın bir-birini tamamlayan istiqamətləridir. Bu prosesdə əsas məqsəd insanların yalnız doğma torpaqlarına köçürülməsi deyil, onların həmin ərazilərdə təhlükəsiz, rahat və dayanıqlı yaşayışının təmin edilməsidir. Bir bölgənin həqiqi dirçəlişi orada həyatın bütün sahələrinin bərpası ilə ölçülür. İnsanların öz evlərində yaşaması, uşaqların məktəbə və bağçaya getməsi, müəssisələrin fəaliyyət göstərməsi, yolların açılması və iqtisadi imkanların genişlənməsi qayıdışın real nəticələridir. Kəlbəcərdə həyata keçirilən layihələr də məhz bu məqsədə xidmət edir. Bu gün Kəlbəcər Azərbaycanın Zəfər tarixinin, milli iradəsinin və quruculuq əzminin ifadəsinə çevrilib. Bir zamanlar həsrət və nisgil dolu xatirələrlə anılan bu diyar indi yeni yaşayış məntəqələri, müasir infrastruktur layihələri, bərpa olunan təbii sərvətləri və gələcəyə hesablanmış inkişaf planları ilə diqqət çəkir. Burada görülən hər bir iş dövlətimizin öz torpaqlarına sahib çıxmaq, tarixi-mədəni irsini qorumaq və vətəndaşlarının rifahını təmin etmək əzminin göstəricisidir.

Kəlbəcərin timsalında bir daha görürük ki, Azərbaycan dövləti yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, eyni zamanda azad edilmiş torpaqlarda yeni həyat qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti gələcək nəsillər üçün möhkəm təməl yaradır. Bu gün Kəlbəcərdə ucalan hər bir yaşayış evi, fəaliyyətə başlayan hər bir müəssisə, salınan hər bir yol xalqımızın Zəfərdən doğan quruculuq iradəsinin təzahürüdür.

Kəlbəcər bu gün öz tarixinə, öz sakinlərinə və öz gələcəyinə qayıdır. Bu qayıdış təkcə insanların doğma yurda dönüşü deyil, həm də milli yaddaşımızın, tarixi ədalətin və dövlətçilik iradəmizin təntənəsidir.

Səriyyə Əhmədova

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı “Babək məhəlləsi 8”ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər