PDF Oxu

İqtisadiyyat

  • 1 200

“Komponent üzrə ixtisaslaşma vacibdir” - İqtisadçı

image

"Qeyri-neft sektoru Azərbaycan üçün, əlbəttə ki, strateji əhəmiyyət daşıyır. Bununla belə, əsas məqsədimiz iqtisadiyyatımızı şaxələndirmək və neftdən asılılığı tədricən azaltmaqdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.Onun sözlərinə görə, ümumilikdə iqtisadiyyatımız böyüyür, dövlət büdcəsi artır: "Lakin eyni zamanda neft hasilatında və ixracında müəyyən azalmalar müşahidə olunur. Bundan əlavə, dünya bazarında neftin qiyməti sabit deyil. Bütün bunlar qeyri-neft sektorunun inkişafını və iqtisadiyyatın şaxələndirilməsini zəruri edir.Əsas hədəf iqtisadiyyatın yalnız bir sahədən asılı olmamasıdır. Beləliklə, dünya bazarında neft qiymətlərində baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına təsiri minimuma enəcək.Tarix göstərir ki, davamlı inkişafın əsasında yeni texnologiyalar, innovasiyalar və yüksək texnologiyalı istehsal dayanır. Bu istiqamətdə sənaye komplekslərinin yaradılması, müasir infrastrukturun formalaşdırılması və bütövlükdə effektiv ekosistemin qurulması olduqca vacibdir. Məhz bu amillər Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin edə bilər.İlk növbədə elmtutumlu və kapitaltutumlu sahələrin inkişafına üstünlük verilməlidir. Azərbaycanın yaşıl enerji sahəsində ixtisaslaşmaq üçün böyük potensialı var. Eyni zamanda, ənənəvi enerji ölkəsi olduğumuz üçün neft-kimya sənayesi ilə yanaşı, yaşıl enerji də prioritet istiqamətlərdən biri hesab olunur. Azad iqtisadi zonalarda da məhz bu sahələrin inkişaf etdirilməsi nəzərdə tutulur.Hesab edirəm ki, artıq dünyada ölkələr bütöv sahələr üzrə deyil, konkret məhsul və ya komponent üzrə ixtisaslaşmağa üstünlük verirlər. Məsələn, kompüter və elektronika sənayesində Sinqapur, Hollandiya və digər ölkələr ayrı-ayrı çiplərin və komponentlərin istehsalı üzrə ixtisaslaşıblar. Qlobal iqtisadiyyatın inkişaf istiqaməti də məhz bunu göstərir.Düşünürəm ki, Azərbaycan da gələcəkdə qlobal dəyər zəncirində konkret yüksək texnologiyalı komponentlərin istehsalı üzrə ixtisaslaşa bilər. Bu, müasir dövrün tələblərinə daha uyğun yanaşmadır.Təbii ki, ölkəmizin turizm, kənd təsərrüfatı və neft-kimya sənayesi kimi ənənəvi üstünlük sahələri inkişaf etdirilməlidir. Bununla yanaşı, süni intellekt, yüksək texnologiyalar və innovativ məhsulların komponentlərinin istehsalı kimi istiqamətlərdə ixtisaslaşmaq Azərbaycanın gələcək iqtisadi inkişafı baxımından daha perspektivli görünür".

Lətifə Musayeva

Digər xəbərlər