PDF Oxu

İqtisadiyyat

  • 864

"Qida sənayesi kənd təsərrüfatının inkişafının ciddi drayveridir" - İQTİSADÇI

image

"Azərbaycanda neftdən kənar, yəni qazdan da kənar götürsək, hələ ki, bizdə yüksək texnologiyalar inkişaf etmədiyinə görə bu sahəni perspektivli hesab etmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.Onun sözlərinə görə, məcburiyyətdən kənd təsərrüfatı ön plana çıxır: "İnsanlar da başqa sahələrə giriş problemləri olduğuna görə investisiyalarını kənd təsərrüfatına yönəldirlər.Həm ölkənin mövcud monetar siyasəti imkan vermir ki, burada digər ölkələrlə rəqabət apara biləcək sənaye sahələri inkişaf etsin. Ona görə də yalnız daha primitiv sahələr, məsələn, kənd təsərrüfatı qalır. Amma bununla paralel olaraq heç olmasa qida sənayesini inkişaf etdirə bilərik.Düşünürəm ki, qida sənayesinin inkişafı mümkündür. Qida sənayesi öz-özlüyündə kənd təsərrüfatının inkişafının ciddi drayveridir. Həmin qida sənayesi məhsullarının ixracı üçün də Xəzərin verdiyi imkanlar və mövcud nəqliyyat dəhlizləri var. Düşünürəm ki, əsas diqqət yetirilməli sektor budur.Son vaxtlar turizmə də üstünlük verilir. Amma Azərbaycanın ətrafında turizm baxımından daha inkişaf etmiş ölkələr olduğuna görə bizim bu sahədə potensialımız azalır. Həmin ölkələr turistləri daha çox cəlb edəcəklər. Onların turizm infrastrukturu bizimkindən daha güclüdür. Gürcüstan və Türkiyə bu baxımdan üstün mövqedədir. Gələn turistlər daha çox həmin ölkələri seçəcəklər. Bu fonda Azərbaycanda xarici turizmin inkişaf imkanları xeyli azalır.Düşünürəm ki, əsas diqqət qida sənayesinə yönəldilməlidir. Kənd təsərrüfatına isə hesab edirəm ki, bəzən həddindən artıq diqqət yetirilir. Əksinə, diqqətin bir hissəsi qida sənayesinə və digər istehsal sahələrinə yönəldilməlidir.Digər perspektivli istiqamət isə təbii sərvətlər deyil, mövcud beynəlxalq konyunktura və qlobal proseslərdən asılıdır. Əgər Azərbaycan Avropa ilə Çin arasında əsas ticarət marşrutlarından birinin üzərində yerləşərsə və həmin marşrut üzrə yük dövriyyəsi digər marşrutların hesabına artarsa, hesab edirəm ki, bu, Azərbaycan üçün ciddi perspektivli sahəyə çevrilə bilər.Belə bir ticarət marşrutunun üzərində yerləşmək Azərbaycana tranzit gəlirləri qazandırmaqla yanaşı, həmin ticarət habının üzərində yerləşən ölkələrdə yüngül emaldan başlayaraq daha mürəkkəb istehsal sahələrinin inkişafına da şərait yaradar. Hətta məhsulların qablaşdırılması, yenidən ixracı və bu istiqamətdə müxtəlif bizneslərin formalaşmasına qədər geniş imkanlar yarana bilər".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər