PDF Oxu

İqtisadiyyat

  • 531

Şəhidlik zirvəsindən vətən sevgisinə aparan yol – qəhrəman Dünyamirin xatirəsinə ehtiram dərsi - FOTOLAR

image

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, 1 iyun – 31 iyul 2026-cı il tarixlərini əhatə edən, “Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş” istiqaməti üzrə “Şəhidlik zirvəsi” adlı iki aylıq layihə çərçivəsində növbəti tədbir keçirilib.

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan tədbir Bakı şəhəri 347 nömrəli tam orta məktəbin şəhid Məmmədov Dünyamir Əkrəm oğlunun adını daşıyan 6 “C” sinfində baş tutub. 12 iyun 2026-cı il tarixində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri məktəbin təşkilatçı müavini İlyas Qədimov açıq elan edərək Vətən uğrunda canından keçən şəhidlərimizin şərəfli həyat yolundan, onların xalqımızın tarixində və milli yaddaşında tutduğu müqəddəs yerdən bəhs edib. O bildirib ki, bugünkü azad və suveren Azərbaycan məhz şəhidlərimizin qanı və qəhrəmanlığı hesabına mövcuddur.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahirə Verdiyeva çıxışında Qarabağ münaqişəsinin xalqımıza yaşatdığı ağrılı talelərdən danışıb. O, erməni işğalı nəticəsində ailəsini itirməsinin yaratdığı dərin mənəvi izləri bölüşərək, Vətən sevgisinin və milli birliyin hər zaman qorunmasının vacibliyini vurğulayıb.

Musiqi müəllimi İlhamə Əliyeva isə gənc nəslin milli ruhda yetişməsinin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, məktəbdə şagirdlərə şəhidlərimizin həyat yolu və qəhrəmanlıqları haqqında mütəmadi məlumatlar verilir, onların Vətənə bağlılıq ruhunda formalaşmasına xüsusi diqqət yetirilir.

Şəhid Dünyamirin adını daşıyan sinfin rəhbəri Mərmər Hacıyeva bildirib ki, sinif kollektivi qəhrəman məzunun xatirəsini daim ehtiramla yad edir. O, şagirdlərə Dünyamirin keçdiyi şərəfli döyüş yolu, Vətənə sədaqəti və göstərdiyi qəhrəmanlıqlar haqqında müntəzəm məlumatlar verdiyini diqqətə çatdırıb.

Tədbirin ən təsirli məqamlarından biri şəhidin anası İsmət xanımın çıxışı olub. O, övladının ailədə, məktəbdə və hərbi xidmətdə qazandığı uğurlardan danışaraq, onun mərdliyi, qüruru, qorxmazlığı və Vətən sevgisi ilə hər zaman seçildiyini bildirib. Ana sözlərində gənclərə səslənərək, hər bir Azərbaycan övladının Dünyamir kimi Vətənini sevən, xalqına bağlı və ləyaqətli insan olmasının vacibliyini vurğulayıb. Onun səmimi və kövrək çıxışı tədbir iştirakçılarını duyğulandırıb.

Tədbirdə şəhid Məmmədov Dünyamir Əkrəm oğlunun keçdiyi şərəfli həyat və döyüş yolundan da geniş bəhs olunub.

Şəhid Məmmədov Dünyamir Əkrəm oğlu 3 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində anadan olub. Ailənin ən kiçik və ən sevimli övladı olan Dünyamir hələ uşaqlıq illərindən vətənpərvərliyi, məsuliyyət hissi və nizam-intizamı ilə seçilib.

O, 9-cu sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Liseyi uğurla başa vurduqdan sonra təhsilini Heydər Əliyev adına Hərbi Akademiyada davam etdirib və peşəkar hərbçi kimi formalaşıb.

Dünyamir 2016-cı ilin Aprel döyüşlərində böyük şücaət göstərərək Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib. İkinci Qarabağ müharibəsi zamanı isə Füzuli, Qubadlı, Hadrut, Kəlbəcər, Cəbrayıl, Suqovuşan, Murovdağ, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə igidliklə iştirak edib. Füzuli rayonunun İlandağ ərazisində iki dəfə yaralanmasına baxmayaraq, döyüş mövqeyini tərk etməyərək silahdaşları ilə birlikdə döyüş yolunu davam etdirib.

44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması qəhrəman zabitin həyat yolunun da son nöqtəsi olub. O, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb və adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdırıb.

Bu gün Dünyamir fiziki olaraq aramızda olmasa da, onun adı məktəbində, onu tanıyan insanların qəlbində və böyüməkdə olan nəslin yaddaşında yaşayır. Adını daşıyan 6 “C” sinfinin şagirdləri də qəhrəman məzunlarının xatirəsini daim yaşadacaqlarını, onun Vətənə sədaqət nümunəsini özlərinə örnək götürdüklərini bildiriblər.

Tədbirin sonunda layihə rəhbəri, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, Zekainfo.az saytının baş redaktoru Cəmilə Çiçək çıxış edərək şəhid ailələrinə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi hər zaman uca tutulacaq. Cəmilə Çiçək vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və şəhidlərimizin qəhrəmanlıq irsinin yaşadılması hər birimizin mənəvi borcudur.

Başda şəhid Dünyamirin valideynləri olmaqla, Vətənə belə qəhrəman övladlar bəxş edən bütün ailələrə dərin ehtiramımızı bildiririk.

Çünki bu torpağın azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəmanların müqəddəs amalını yaşadan bir şüar var:

“Şəhidlər ölməz, Vətən bölünməz!”

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

https://youtu.be/niCnhSuZd1E?si=oQKq1kpRPOBI3L6J

Əlirza İsbəndiyarov

Zekainfo.az saytının məsul redaktoru

Digər xəbərlər