ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) kömür və təbii qazla işləyən elektrik stansiyalarından atmosferə atılan istixana qazlarının həcmini məhdudlaşdıran qaydaları ləğv edib. Qərar ölkənin iqlim siyasətində son illərin ən böyük dəyişikliklərindən biri kimi qiymətləndirilir.
EPA-nın rəhbəri Li Zeldin bildirib ki, yeni addım enerji sektorunun üzərinə düşən tənzimləyici yükü azaltmaq və elektrik istehsalını artırmaq məqsədi daşıyır. Agentliyin hesablamalarına görə, qaydaların yumşaldılması enerji şirkətlərinə 300 milyard dollardan çox xərc qənaəti gətirə bilər.
Ləğv edilən tələblər əvvəlki administrasiyanın elektrik stansiyalarından karbon emissiyalarının azaldılması ilə bağlı qəbul etdiyi qaydaların böyük hissəsini əhatə edir. EPA eyni zamanda gələcəkdə hökumətlərin elektrik stansiyalarının iqlimə təsir edən tullantılarını məhdudlaşdırmaq imkanlarını daraldacaq yeni tənzimləmə təklif edib.
Agentlik hesab edir ki, bu dəyişikliklər ABŞ-da enerji istehsalını genişləndirəcək, elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə və enerji təhlükəsizliyinin güclənməsinə kömək edəcək. EPA-nın açıqlamasında kömür və təbii qaz sektorunun iqtisadiyyatda mühüm rol oynadığı vurğulanıb.
Lakin ekoloji təşkilatlar və iqlim siyasəti üzrə mütəxəssislər qərarı tənqid edirlər. Onların fikrincə, emissiya məhdudiyyətlərinin aradan qaldırılması atmosferə daha çox karbon qazının buraxılmasına, havanın çirklənməsinin artmasına və iqlim dəyişmələrinin təsirlərinin güclənməsinə səbəb ola bilər.
AP-nin məlumatına görə, elektrik stansiyaları ABŞ-da istixana qazı emissiyalarının əsas mənbələrindən biridir. Tənzimləmələrin ləğvi ilə bağlı qərarın məhkəmə mübahisələrinə səbəb olacağı gözlənilir.
Qərar ABŞ-ın əvvəlki administrasiyalarının iqlim siyasətindən kəskin şəkildə fərqlənir. Obama və Bayden dövrlərində elektrik sektorunda karbon emissiyalarının azaldılması əsas prioritetlərdən biri olub, yeni administrasiya isə enerji istehsalının artırılması və fosil yanacaqlardan istifadənin genişləndirilməsini ön plana çıxarır.
Lalə Mehralı
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...
Minimum saatlıq əmək haqqı da artacaq…