"Azərbaycanda bank bağlanarsa, müəyyən hallarda əmanətin itirilməsi mümkündür. Əmanətin qorunması üçün onun Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş şərtlərə uyğun olması vacibdir".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun əsas məqsədlərindən biri əmanətçilərin risklərini azaltmaq və onların vəsaitlərini qorumaqdır. Lakin hesab edirəm ki, Fond hazırkı formada depozit sektorunda risklərin azalmasına tam xidmət etmir:"Onun fəaliyyətinin müəyyən məhdud çərçivəsi var və bu çərçivə daxilində bank sektorunda risklərin idarə olunması ilə bağlı problemlər qalmaqdadır.Əgər hüquqi şəxs bankda əmanət yerləşdiribsə və həmin bank müflis olaraq bağlanırsa, hüquqi şəxsin əmanətini geri almaq imkanları məhdudlaşır. Bank müflis olduqda onun aktivləri qiymətləndirilir və öhdəliklərin qarşılanmasına yönəldilir. Lakin burada növbəlilik prinsipi tətbiq olunur və hüquqi şəxslərin əmanətlərinə növbə çatmaya bilər. Bu halda əmanətin itirilməsi mümkündür.Fiziki şəxslərin əmanətləri üzrə isə Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər mövcuddur. Məsələn, əmanətin faiz dərəcəsi ilə bağlı limitlər tətbiq edilir. Xarici valyutada əmanətlər üçün 7 faiz, manatla olan əmanətlər üçün isə 12 faiz həddi müəyyən edilib. Hesab edirəm ki, faiz dərəcəsinə belə məhdudiyyət qoyulması Fondun əsas funksiyası olmamalıdır. Fondun əsas vəzifəsi banklardakı riskləri qiymətləndirmək və əmanətçiləri həmin risklərdən sığortalamaqdır.Digər tərəfdən, Əmanətlərin Sığortalanması Fondu riskləri düzgün idarə edən banklarla riskləri düzgün idarə etməyən banklar arasında kifayət qədər fərq qoymur. Eyni prinsiplərlə sığorta haqqının müəyyənləşdirilməsi riskli davranan bankların da eyni mexanizmdən faydalanmasına şərait yarada bilər. Bu isə bankları daha riskli davranışa təşviq edə və nəticədə bank sektorunda riskləri artıra bilər.Bu məsələnin bilərəkdən davam etdirildiyini deməyimin səbəbi odur ki, qeyd olunan problemlərlə bağlı iradlar dəfələrlə, hətta on il əvvəl də mənim tərəfimdən Mərkəzi Banka və digər aidiyyəti qurumlara çatdırılıb. Buna baxmayaraq, hesab edirəm ki, riskli yanaşmalar davam etdirilir.Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bank hesablarında saxladıqları vəsaitlərlə bağlı da müəyyən məhdudiyyətlər mövcuddur. Belə hesabda 20 min manatdan yuxarı olan hissənin sığortalanmaması halında bank bağlandıqda həmin məbləğin itirilməsi riski yaranır.Ümumilikdə, bankın bağlanması onun müştəriləri üçün ciddi problem yarada bilər. Əmanətlərin sığortalanması yalnız müəyyən edilmiş şərtlərə cavab verən vəsaitlərə şamil olunur. Fiziki şəxslər üçün kompensasiya limiti 20 min manatdır. Sahibkarlıq fəaliyyəti ilə bağlı hesablar üzrə də 20 min manatlıq limit tətbiq olunur. Lakin bu kompensasiyanın ödənilməsi üçün əmanətin digər sığorta şərtlərinə də uyğun olması tələb edilir.Əmanət həmin şərtlərə uyğun gəlmirsə, onun üzrə sığorta kompensasiyası ödənilmir".
Müəllif: Günel Fərzəliyeva
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...
Minimum saatlıq əmək haqqı da artacaq…