PDF Oxu

İqtisadiyyat

  • 712

İFF-da regional enerji bağlantıları və yaşıl keçid müzakirə olundu

image

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində regional enerji əlaqələrinin inkişafı və yaşıl keçidlə bağlı panel müzakirəsi təşkil edildi.

“Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” adlı sessiyada bərpaolunan enerji sahəsinə investisiyaların artırılması, enerji təhlükəsizliyinin təmin olunması və regionlararası enerji əməkdaşlığının genişləndirilməsi əsas müzakirə mövzuları oldu.

“The European House - Ambrosetti” (“TEHA Group”) beyin mərkəzinin nümayəndəsi Alessandro Vivianinin moderatorluğu ilə keçirilən paneldə energetika naziri Pərviz Şahbazov Azərbaycanın Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında enerji əlaqələrinin qurulmasında oynadığı roldan danışdı. Nazir ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bərpaolunan enerji layihələrinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırdı.

Tədbirdə energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, “Intesa Sanpaolo” bankının enerji sənayesi üzrə qlobal korporativ bankçılıq rəhbəri Luka Matrone, ISETS Şurasının sədri Syanşen Sun, “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık və “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev də çıxış etdilər.

Müzakirələrdə yaşıl enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlverişli investisiya mühitinin yaradılması məsələsinə xüsusi diqqət yetirildi. Bu sahədə effektiv siyasət və tənzimləmə mexanizmlərinin formalaşdırılması ilə yanaşı, müasir texnologiyalara, avadanlıqlara və maliyyə resurslarına çıxışın genişləndirilməsinin vacibliyi vurğulandı.

Paneldə transsərhəd enerji layihələrinin, xüsusilə yaşıl elektrik enerjisinin müxtəlif ölkələr arasında ötürülməsinin genişləndirilməsi və regional enerji bazarlarının inteqrasiyası perspektivləri də müzakirə olundu. Yaşıl keçid prosesinin sürətləndirilməsi ilə yanaşı, enerji təhlükəsizliyinin və sənayenin rəqabət qabiliyyətinin qorunmasının zəruriliyi qeyd edilib.

İtaliya ilə enerji və yaşıl keçid istiqamətində strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi imkanları da sessiyanın diqqət mərkəzində oldu.

Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilir. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə reallaşdırılan forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Lalə Mehralı

Digər xəbərlər